Qatı kisel hazırlandıqda qaynayan mayeyə nişasta məhlulu əlavə edilir, 5-6 dəqiqə qaynadılır və isti-isti çini-kaşı qablar və ya paylıq formalara tökülür, üzərinə isə toz-şəkər səpilir ki, qurumasın (Şəkil 4.13).
Orta qatılıqda kiselə nişasta əlavə edildikdən sonra qaynadılmır, qaynayana kimi qızdırılır, stəkan, vaza və ya kremankalara tökülür, üzərinə toz-şəkər səpilir və soyumağa qoyulur (Şəkil 4.14).
Orta qatılıqlı kisel soyudulur və süfrəyə verilərkən stəkana 200 qram və ya mürəbbə qabına 150 qram süzülür. Orta qatılıqlı kisel üzərinə reseptə uyğun olaraq şəkər tozu normasının 5-8% miqdarında səpilməklə də süfrəyə verilə bilər.
Kisel süfrəyə 12-14 dərəcə temperaturda soyudulmaqla verilir.
Yarım duru kisellərdən şirin xörəklər, zapekankalar və digər yarmalı xörəklərin süfrəyə verilməsində sous kimi istifadə edilir.
Qatı və orta qatılıqlı kisellərdən sərbəst xörək kimi istifadə edilir. Qatı kisellər hazır olan kimi su ilə isladılmış və şəkər tozu səpilmiş formalar və ya vərəqələrə doldurulur və soyudulur.
Duru kisellərdən sous kimi yarma kotletləri, pudinq, makaron, yarma və kəsmik zapekankalarına tökmək üçün istifadə edilir (Şəkil 4.15).
Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır . Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır. Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.
|