Bişirilmiş ət qiyməsi hazırlamaq üçün bişirilmiş ət xırda tikələrə doğranıb yağda qovrulmuş baş soğanla birlikdə ətçəkən maşından keçirilir və çiy ətdən hazırlandığı kimi qiymə halına salınır.
Mayalı xəmirdən hazırlanan məmulatların tərtibə salınması və bişirilməsi
Pirojki - burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə qoyulub kənarları birləşdirilərək düzbucaq formasına salınır. Sonra pirojki bir-birindən 3-4 sm aralı olaraq dibinə yağ vurulmuş qənnadı vərəqinə düzülüb üstünə lyezon vurulur. Kökə qalxdıqdan sonra 250-280 dərəcə temperaturda bişirilir (Şəkil 2.85).
Ponçik - burada yağlı xəmir girdə kökələr şəklində kündələnir, ortasına mürəbbə, yaxud povidla qoyulur, kənarları birləşdirilib yapışdırılır və məmulat kürəcik formasına salınır. Sonra ponçik içinə un səpilmiş taxta qaba düzülür, qalxsın deyə, 25-30 dəqiqə isti yerdə saxlanır və bol yağda bişirilir. Hazır ponçik üzərinə şəkər, yaxud şəkər pudrası səpilir (Şəkil 2.86).
Mayasız xəmirin hazırlanma texnologiyası
Mayasız xəmirin tərkibinə un, yumurta, yağ, qənd, süd və su daxil olunur, bəzi xəmir növlərinin yumşaldılması üçün isə içinə ammonium-karbonat, yaxud soda bikarbonat vurulur.
Yağlı şit xəmir - tərkibinə əla, yaxud 1-ci sort buğda unu, kərə yağı, yumurta, qənd, duz, təzə xama və süd, yaxud su daxil olunur (Şəkil 2.87). Burada təzə xamanın içinə süd, yaxud su, yumurta, qənd, duz, əzilmiş kərə yağı və soda qatılıb hamısı birlikdə qarışdırılır. Sonra bunun içinə un vurulub xəmir yoğrulur. Burada xəmirin yoğrulması məsləhət görülmür, çünki onda xəmirin konsistensiyası pisləşir. Hazır yağlı xəmirdən mayalı xəmirdəki kimi kulebyaka və pirojki kimi məmulatlar bişirilir.
Yağlı xəmir 180-240 dərəcə temperaturda bişirilir.
|
Şəkil 2.84. Ət qiyməsi
Şəkil 2.85. Pirojki
Şəkil 2.86. Ponçik
Şəkil 2.87. Yağlı şit xəmir
|