Bunlardan biri dequstasiyaya qəbul olunan nümunələri saxlamaq üçün, digəri isə dequstasiya qablarını yumaq üçün nəzərdə tutulur. Yaxşı olar ki, dequstatorların istirahəti və qida qəbulu üçün ayrıca otaq olsun. Əgər dequstasiya zalı texniki nəzarət laboratoriyasından uzaqda yerləşdirilirsə, onda şərabın ekspert metodlarla fiziki-kimyəvi tədqiqi üçün xüsusi bir otaq da olmalıdır.
Dequstatorun orqanoleptiki hissiyyatı fərdi dad və iybilmə hüdudunu xarakterizə edir. Bu, insanın anadangəlmə keyfiyyəti olub geniş miqyasda kənarlaşa bilər. Dequstator çox vaxt şərab nümunəsini etalonla müqayisə edib orqanoleptik qiymətləndirir. Yeyinti məhsulları müqayisə edilməklə qiymətləndirilməsi həmişə hafizəyə görə aparılır. Dequstatorun sensor hafizəsi, başqa sözlə, dad və iybilmənin stabilliyi dequstator üçün ən qiymətli keyfiyyət əlamətidir. Dequstatorun sensor hafizəsi dəyişməzlik, doğruluq və operativ hazırlıqla xarakterizə edilir. Dequstatorun sensor hafizəsinin dəyişməzliyi orqanoleptik qiymətləndirmədəki daimi iş nəticəsində yaranır. Lazımi qədər doğru və dəqiq olmayan hafizə dequstatorun əsassız fikir söyləməsi və şərabın keyfiyyətinin qiymətləndirilməsində tərəddüd etməsinə əsas verir.
Dequstatorun operativ hazırlığı imkan verir ki, tez bir zamanda məhsulun keyfiyyət göstəricilərinə xas olan ən vacibini ayırd edib onu düzgün qiymətləndirsin.
Dequstasiya səhər saat 10-dan tez olmayaraq aparılır. Çünki bu vaxta qədər dequstator gecə yuxusundan tam ayılmış və yorulmamış olur. Dequstasiyanın müddəti 2 saat səhər vaxtı və 1-1,5 saat nahardan sonra aparılır. Nümunələrin sayı dequstasiyanın məqsədindən asılıdır.
Nümunələr nə qədər az olarsa, nəticələr bir o qədər dəqiq olar. Ən geniş yayılmış istehsal dequstasiyasında 30-a qədər, elmi dequstasiyada bundan 2 dəfə az, tədris, arbitraj və ekspert dequstasiyalarında isə daha az nümunə dequstasiya edilə bilər.
Dequstasiya zamanı bir dəfəyə ancaq 10-12 nümunə dequstasiya olunur (Şəkil 2.51). Dequstatorların sayı 5, 7, 9, 11 və s. ola bilər. Hər bir dequstatorun qarşısında dequstasiya vərəqi olur və orqanoleptik göstəricilərin bal qiyməti həmin vərəqə qeyd edilir.