İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, eyni zamanda növü və dərəcəsindən asılı olaraq istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.
İctimai iaşə obyektləri öz fəaliyyətini aid olduğu növ (tip) və dərəcələrə (kateqoriyalara) müvafiq olaraq mülkiyyətçi və ya rəhbər tərəfindən təsdiq edilmiş menyu, yaxud malların çeşid siyahısına əsasən həyata keçirir.
Nəzərə alın ki, ictimai iaşə obyektlərində hazırlanan məhsulların menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə kalkulyasiya vərəqlərinə əsaslanaraq tərtib edilməlidir. İstifadə olunan ərzaq xammalı və hazır məhsulların mənşəyi, keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyena, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) olmalıdır. Eyni zamanda istehlakçı ona təklif olunan iaşə məhsullarının həcminin (çəkisinin) yoxlanılması hüququna malikdir və bunun üçün müvafiq şəraitin yaradılması obyekt sahibinin borcudur. Həmin tələblərə əməl edilməsi obyekt sahiblərinin borcudur və buna görə məsuliyyət daşıyırlar.
Müştərilərə təqdim olunan ictimai iaşə məhsulları və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumatın verilməsi məqsədilə obyektdə onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu və çeşid siyahısı olmalıdır. İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin, xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə ona bu məlumatların verilməsi təmin edilməlidir.
Menyu fransız sözündən (menu) götürülmüşdür, mənası xörək və içkilərin cədvəli və siyahısı deməkdir. Onun ikinci mənası çap olunmuş vərəq və kart deməkdir. Nəzərə alınmalıdır ki, hər bir iaşə müəssisəsinin tipi və kateqoriyasından asılı olaraq onların hazırladığı məhsulun çeşidi də müxtəlif olur. Bu, vaxtilə keçmiş SSRİ dövründə mövcud olmuş ticarət nazirlikləri tərəfindən işlənib hazırlanmış məcburi çeşid minimumu cədvəlləri idi. İndi isə onlar məsləhət xarakteri mənasını özündə ehtiva edir və əksər müəssisələr öz fəaliyyətində həmin məsləhətləri nəzərə alır. Müəssisədə gündəlik menyu istehsalat müdiri və baş ofisiant (metrdotel-maître d'hôtel (fr. Maître d'hôtel) - bir restoran və ya hotel qonaqlarına xidmət göstərmə işini koordinasiya edən şəxs) tərəfindən tərtib olunaraq kalkulyasiya (qiymət çıxaran) edən şəxsə verilir. Sonra isə hazır halda o onların hər üçü (direktor, kalkulyator və istehsalat müdiri) tərəfindən imzalanır.
Menyu – iaşə müəssisələrində istehlakçıların kulinariya və qənnadı məmulatları, içkilər və digər məhsulların çeşidi və onların miqdar xüsusiyyəti (çıxar və qiymətləri) haqqında məlumatlandırılması üçün nəzərdə tutulan sənəddir.