Süfrəyə verilərkən dəniz məhsularının üzərinə hər paya 1-3 qram olmaqla xırdalanmış cəfəri, kərəviz və ya şüyüd göyü səpilir (Şəkil 1.24).
İnqrediyentlərin iş masasına toplanması
İnqrediyent dedikdə, qida məhsullarının hazırlanmasında istifadə olunan, yaxud hazır məhsulun tərkibində ilkin və ya dəyişdirilmiş formada mövcud olan maddələr, heyvan, bitki, mikrobioloji və mineral mənşəli məhsullar, o cümlədən, qida əlavələri nəzərdə tutulur.
Mətbəx sahəsində qida istehsalı ilə məşğul olan işçi heyətinin keyfiyyətli və təhlükəsiz qidanın ərsəyə gətirilməsi üçün qida istehsalı sahəsində sağlam iş mühitinin yaradılması və işçilərin şəxsi təmizliyi və sanitar qaydalara riayət etməsi vacibdir.
Mətbəx sahələrində işləyən işçi heyəti şəxsi gigiyena qaydalarına riayət etməklə həm özü, həm də xidmət etdiyi müştərilərin sağlamlığını təmin etmiş olur. Sanitar normaların tətbiq edildiyi iş mühiti və gigiyena qaydalarına riayət edən işçi heyəti çarpaz və ya digər yoluxma ilə mikroorqanizmlərin qidaları çirkləndirməsinin qarşısını alır (Şəkil 1.25). Çünki gözlə görünməyən insan sağlamlığına birbaşa müxtəlif cür təsir göstərən mikroorqanizmlər sanitar normalara uyğun olmayan mühitdə daha sürətlə çoxalır və yayılır.