• Sadə konstruksiyalı paltarın modelləşdirilməsi
• Ətəkliyin modelləşdirilməsi üsulları
Qarderobumuzun ən böyük hissəsini təşkil edən ətək və şalvarlar ən çox istifadə etdiyimiz geyimlərdir. Bu geyimlər rahat və praktik olduğu üçün hər bir şəraitdə geyinilir. Ona görə də modellər üçün materialların düzgün seçilməsi vacibdir. Bədən quruluşunun xüsusiyyətləri yaş məfhumu, gediləcək məkan və s. bunlar nəzərə alınmalıdır. Hər tikiləcək model üçün öncə eskiz hazırlanır. Eskizi hazırlayarkən tikiləcək modelin rahat, praktik, funksional olması ilə yanaşı, baxımlı və dəbə uyğun olması vacib məsələlərdəndir. Eskizdə geyim kompozisiyası adlanan anlayış ön plana çəkilir. Burada istifadə olunan materiallar özlərinin, rənglərinin fakturasına, xüsusiyyətlərinə görə geyimdə kompozisiya yarada bilər. Rənglərin və formaların təzadlığı, statik və dinamikliyi, simmetrik və asimmetrikliyi və s. nəzərdə tutulur.
Kompozisiya tanıdıldıqdan sonra nəzərdə tutulan modelləşdirmə üsulundan istifadə edərək model tikilir. Tikiləcək modelin bədəndə daha düzgün və yaraşıqlı olması üçün bədən ölçüləri dəqiq çıxarılmalıdır. Biz bir neçə ətəyin konstruksiya hesablamalarının köməyi ilə modelləşdirməsinin izahını verək.
Düz biçimli, sadə ətəyin konstruksiya cizgilərini qurmaq üçün əsas üç ölçü- bel ölçüsü, çanaq və uzunluq ölçüləri götürülür. Bel və çanaq xətləri horizontal, uzunluq isə vertikal xətlərin köməyi ilə qurulur.Ətəyin arxa və ön tərəfinin ölçüləri həmin xətlər üzərində qeyd olunur. Aşağı istiqamətdə bel xəttindən (boyun hündürlüyündən asılı olaraq) 14-16 sm ayırıb, çanaq xəttini tapırıq. Ön tərəfin ölçüsü arxadan bir qayda olaraq həmişə artıq götürülür. Bel ölçüsünü almaq üçün çanaq ölçüsündən qarsaqlar vasitəsi ilə yığılır. Bədən quruluşundan asılı olaraq qarsaqların sayı və dərinliyi dəyişir.