Donun ətəyini enliləşdirmək üçün Ə5 nöqtəsindən sağa 6 sm ölçüb Ə6 nöqtəsini qoyaq və onu B04 nöqtəsinə düz xətlə birləşdirək. Ə6 və Ə7 nöqtələri arasında ətəyin eni 32 sm-ə bərabərdir. Ə7 və C1 nöqtələrini düz xətlə birləşdirək.
Donun qabaq hissəsinin ülgü çertyojunun kontur xətləri B04Ə6Ə7C1m1 və B04 nöqtələrindən keçir.
Qabaq hissənin yan kəsiyini tərtib etmək üçün bel xəttində m7 nöqtəsindən sola lifin B8B12 eni qədər ölçüb, m9 nöqtəsini qoyaq. C1m7 xəttində 1, 5 sm ölçüb, C2 nöqtəsini alaq. Əriş sapının yönəlişi qabaq taxtanın əriş sapına paralel olmalıdır. m9 nöqtəsindən sağa 5 sm ölçüb əriş sapının yönəlişini çəkək. Həmin xətlə ətək xəttinin kəsişdiyi yerdən sola 12 sm ölçüb Ə8 nöqtəsini qeyd edək. Ə8 və O6 nöqtələrini düz xətlə birləşdirək, sonra isə m9 və O6 nöqtələri arasındakı xəttə azca qabarıqlıq verək (O2O6 = 35 sm). Arxa və qabaq hissədəki kəsiklərin uzunluğu bir-birinə bərabər olmalıdır.
Ətək xəttində, əriş sapının yönəlişini göstərən xətdən sağa 10 sm ölçüb, Ə3 nöqtəsini qoyaq. Sonra Ə3 və C2 nöqtələrini birləşdirək. C2 nöqtəsindən aşağı C2Ə3 xəttində 16 sm ölçüb C3 nöqtəsini qoyaq. C3 nöqtəsindən sağa 16 sm uzunluğunda perpendikulyar endirib C4 nöqtəsini nişanlayaq. C4 və m7 nöqtələrini birləşdirdikdə cib astarının çertyoju alınmış olacaqdır.
Qabaq hissənin yan kəsiyindəki taxtanın kontur xətləri Ə8m9m7C2C3Ə3 nöqtələrindən keçir. Donun qabaq taxtasını yan taxtaya tikdikdə C1 və C2 nöqtələri bir-birinə uyğun gəlməlidir. Cibin C1m7 kəsiyi cib astarının C2m7 kəsiyindən 1, 5 sm çoxdur. Bu ona görə çox götürülür ki, cib dondan azacıq aralansın.
Qabaq hissə ilə birgə biçilib geriyə qatlanan yaxalığı qurmaq üçün A3A4 xəttini sağa doğru 9 sm uzadıb Y1 nöqtəsini qoyaq. A4 nöqtəsindən aşağı, şaquli xətt üzərində 20 sm ölçüb onu f nöqtəsi adlandıraq. Y1 və f nöqtələrini düz xətlə birləşdirək. A6 nöqtəsindən yuxarı 7 sm qaldırıb f1 nöqtəsini alaq. f1 və A3 nöqtələrini birləşdirək. f1 nöqtəsindən sağa yaxalıq oturacağının eni qədər (4 sm) f1A3 xəttinə perpendikulyar çəkib f2 nöqtəsini qoyaq.
A4 nöqtəsindən yuxarı 1 sm ölçüb Y nöqtəsini qoyaq.
f2Y və Y1 nöqtələrini əyri xətlə birləşdirək. Bu, yaxalığın yatan kənarı olacaqdır.
Don qolunun ülgü çertyoju birtikişli qolun əsas ülgü çertyoju kimi qurulur.