İşıq məmulatın üzərinə sol tərəfdən düşməlidir. Həmçinin, iş stolunun yanında zibilqabının olması da məqsədəuyğundur. İşi görüb qurtardıqdan sonra stolun üstü yığışdırılmalıdır: alətlər, tərtibatlar, işlənən hissələr stolun çəkməcəsinə və ya şkafa qoyulmalıdır.
Maşın tikişi işinə başlamazdan əvvəl isə mütləq tikiş maşınını yoxlamaq lazımdır: Onun tikişinin tənzimlənməsi, iynənin düzgün salınması və saplanması. Maşınla işi qurtardıqdan sonra isə maşını tozdan, məmulatın xovlarından təmizləyib, yağlayıb silmək lazımdır.Maşının dabanının altına parça tikəsi qoyulub iynə aşağı salınmalıdır.
Şəkil 1.5 İşçinin iş yeri
• Əl işlərində istifadə olunan alət və avadanlıqlar
Əl işlərinin görülməsi üçün lazım olan alətlərə-əl iynələri, üskük, qayçı, ölçü lenti, tabaşir, maneken, ülgü və s. aiddir.Əl iynələrinin ucları iti olmalı, möhkəm və sınmayan yaxşı cilalanmış olmalı, gözü lazımi ölçüdə olmalıdır.İynələr diametrinə və uzunluğuna, gözlərinin ölçüsünə görə müxtəlif olur.İynələr uzunluq və diametrdən asılı olaraq 1 №-dən 12 №-yə qədər buraxılır.Tək nömrəli bütün iynələr cüt nömrəli iynələrdən uzun olur.İynələr məmulatın, işlənilən parçanın və yerinə yetirilən əməliyyatın növündən asılı olaraq seçilir.İşlədilən iynəyə, seçilən parçaya müvafiq olaraq sapın nömrəsi də seçilməlidir.Çox nazik pambıq parçalardan məmulat hazırladıqda 50-80 №-li sap işlədilməlidir.Çit, sətin, flanel və s. kimi pambıq parçalardan paltarlar hazırladıqda 50-60 №-li sap işlədilir.Şifon, krepjorjet kimi çox nazik parçaları 65, 70 №-li saplarla və 80 №-li pambıq sapla tikirlər.Krepdeşin, krepsatin kimi nazik və yüngül ipək parçaları 60-80 №-li pambıq saplarla yun parçaları isə 50-60 №-li saplarla tikirlər.
Üskük (oymaq)-iynəni parçaya batıran zaman barmağı zədələnməkdən qorumaq üçündür.Onu sağ əlin orta barmağına taxırlar.Üsküyün səthində şahmat qaydasında oyuqlar vardır ki, bunlar iynəni sürüşməyə qoymur.Üsküyü orta barmağın qalınlığına uyğun olaraq elə seçirlər ki, o barmağa kip otursun.3 növ üskük olur: Konusvari dibsiz, konusvari dibli, halqavari.
Konusvari dibsiz üskük üst geyimlərin tikişində, konusvari dibli üskük yüngül paltar tikdikdə və halqavari üskük baş geyimləri tikdikdə istifadə edilir.Kişi üçün 8-10 və 12, qadın üçün 2, 3, 4 №-li üsküklər işlədilir.Üst geyimləri tikdikdə dibsiz üsküklərdən istifadə edilməsi məsləhətdir.Çünki, onda barmaq tərləmir və üsküyün böyrü ilə iynəni itələdikdə barmaq yorulmur.
Qayçılar ölçüsünə görə 8 nömrəyə bölünür. № 1-2 qalın parçanı, № 3-4-5 hissələrin artıqlarını və nazik parçanı, № 6-7-8 ara materiallarında kiçik kəsmə işləri aparmaq və sapların artığını kəsmək üçün işlədilir.Qayçının tiyəsi yaxşı itilənməli, ucları axıra qədər kip və səssiz bağlanmalıdır.