Qabaq hissənin ülgü çertyojunda isə bəzi dəyişikliklər aparılır. A5 və Ə5 nöqtələrindən sağ tərəfdə düymələmə yeri üçün 3 sm pay artırılır. Yaxalığın boyundan aralı dayanmasını təmin etmək üçün qabaqdan boyun yerinin dairəsində, arxadan isə yalnız çiyin kəsiyi sahəsində genişləndirilmə aparılır.
Qolun ülgü çertyoju birtikişli qolun ülgü çertyoju kimi qurulur. Qol uzun olub, aşağıya getdikcə ensizləşdirilir. Qol ağzının eni 20-22 sm-dir. Dirsək kəsiyində yığma əməliyyatından və ya kiçik qarsaqdan istifadə edilir.
Qol yerinin hündürlüyü çiyinlik üçün artırıldığı halda qol enləndirilir.
Yaxalığın ülgü çertyojunu quraq. Bu yaxalığın arxadan dərin çökəkliyi və düz enli ucları vardır (Şəkil 4.17). O nöqtəsindən yuxarı yaxalığın eni qədər (14, 5 sm) ölçüb Y nöqtəsini qoyaq və ondan sağa üfüqi düz xətt çəkək. Sonra O nöqtəsindən sağa üfüqi düz xətt boyu donun arxa və qabaq hissələrində boyun yerinin uzunluğu (Ua boy + Uq boy) qədər ölçüb ondan 0, 5 sm çıxaq və Y1 nöqtəsini qoyaq:
OY1 = Ya boy + Yq boy - 0, 5
O nöqtəsi xəttindən yuxarı 7, 5 sm ölçüb Y2 nöqtəsini qoyaq. Y1 nöqtəsindən yuxarı Y nöqtəsindən çəkilmiş üfüqi xətti kəsənə qədər şaquli xətt çəkib Y3 nöqtəsini alaq. Y2 və Y3 nöqtələrini düz xətlə birləşdirib, tən ortada a nöqtəsinin yerini müəyyən edək. a nöqtəsindən yuxarı 2-2, 5 sm uzunluğunda Y2Y3 düz xəttinə perpendikulyar qaldırıb a1 nöqtəsini qoyaq. Y2a1Y3 nöqtələrini əyri xətlə birləşdirək. Yaxalığın kontur xətti Y2a1 Y3Y1OY2 nöqtələrindən keçir.
4.18-ci şəkildə göstərilən donun arxası iki hissəlidir. Qabaq hissəsi belin yan kəsiyi tərəfdən qismən kəsilmişdir. Donu yun, ştapel və sıx toxunmuş süni ipək parçalardan tikmək məsləhətdir. Yaxalığı qabaq hissə ilə bütöv biçilmiş, gərdən xətti və yaxalığı baxyalanmışdır. Ətəyi aşağıya doğru bir qədər enlənmişdir, kəmərciklərin ucları qabaq hissənin bel xəttindəki qarsaqların tikişinə qoyulur. Onun uzunluğu 44 sm, eni (hazır halda) 2, 5-3 sm götürülür, araqatı materialı ilə işlənir və arxadan iki düymə ilə düymələnir.