Bluzkanın qabaq hissəsinin ülgü çertyojunu quranda əsas ülgünü Şəkil 4.5 b-də göstərildiyi kimi kəsib qasma üçün lazım olan parça qədər sürüşdürmək (aralamaq) lazımdır. Dərinliyi 1 sm olan səkkiz qasma üçün 8 sm pay və qabaq hissəni ülgüyə uyğun hamarlamaq üçün 2 sm əlavə parça qoyulur.
Boyun yerinin qasmaları qatlanma tikişlə işlənildikdən sonra kəsilir. Qasmalar tam hazır olandan sonra qabaq hissənin kəsikləri əsas ülgüyə uyğun olaraq hamarlanmalıdır.
Qolun ülgü çertyoju birtikişli ülgü çertyoju əsasında qurulur. Qol özü qısa, ağzı isə əsas ülgüdəkindən 2 sm ensiz biçilir.
Yaxalığın ülgü çertyoju əsas kimi qurulur. Yaxalığın uzunluğu boyun dairəsi Dboy uzunluğuna bərabərdir. Əriş sapı yaxalığın ortasından keçir.
4.11- ci şəkildəki bluzkanın qabaq hissələrinin hər birində bir dəst kiçik qasma nəzərdə tutulur. Yuxarı döş qarsağı bərkidici tikişlə işlənilir. Boyun yerinə 1, 5 sm enində cod araqatı materialı ilə işlənmiş bant bərkidilir. Bantın kənarı baxyalanır.
Qabaq və arxa hissələrin ülgü çertyojunda bəzi dəyişikliklər aparılır (Şəkil 4.10 b) yəni qasma üçün 4 sm, düymələnmə yeri üçün qabaq hissələrin gərdən xəttinə 3 sm enində əlavə edilir.
Qolun ülgü çertyoju əsas ülgü çertyoju üzərində qurulur. Qolun ağzı manjetlə işlənir.
Şəkil 4.12-dəki koketkalı bluzkada yuxarı döş qarsağını koketka əvəz edir.
Arxa hissənin ülgü çertyoju don lifinin arxa hissəsinin əsas ülgü çertyoju əsasında qurulur. Qabaq hissənin ülgü çertyojunda Şəkil 4.12 b-də göstərilən dəyişiklikləri aparaq.