• Sadə biçimli bluzkalar

Qadın köynəkləri müxtəlif ətək və şalvarlarla geyinilməklə rəngarəngliyinə və çeşidlərinə görə seçilir. Bu köynəkləri bütün hallarda geyinmək olar. Qadın geyiminin beldən yuxarı (lif) hissəsinin ülgüsü əsasən bütün modellər üçün (koftalar, paltarlar, kostyumlar, xalatlar və s.) eyni götürülür. Həmin ülgüləri çıxarmaq üçün bədən ölçüləri əsasında cizgilər çəkilərək bazis toru qurulur. Burada bədən ölçüləri əsasında konstruksiya hesablamaları aparılır. Hesablamalar əsasında cizgilər qurulur. Cizgilərin köməyi ilə ülgülər çıxarılır. Hazırlanan ülgülər parça üzərində yerləşdirilir və biçim əməliyyatı aparılır.

• Qadın üçün müxtəlif konstruksiyalı və modelli bluzka çertyojlarının qurulması

Son vaxtlar bluzka və tumanla tamamlanmış geyim dəstlərinə xüsusi fikir verilir. Bluzka müxtəlif təyinatlıdır. Ciddi biçim forması və tuman rəngində olan bluzka iş vaxtı, rənginə görə fərqlənən bluzka və tuman istirahət zamanı, xüsusi parçadan müxtəlif tərzdə biçilmiş bluzka isə rəqs gecələrində və təntənəli axşamlarda geyilir.

Bluzka çox rahatdır. Onu tumanla, şalvarla, kəmərlə, pencəyin altından, gündəlik, təntənəli və istirahət günlərində geyinmək mümkündür. İki-üç rəngli bluzkanın köməyi ilə çox dəstli geyim əldə etmək olar. Bununla belə, bluzka əsasən kostyum və sarafanın altından geyilən geyim kimi də nəzərdə tutulmuşdur.

Bluzka əsasən müxtəlif naxışlı və ya saya pambıq, yaxud süni lifli ipək parçalardan tikilir. Bu məqsədlə bir neçə bluzkanın konstruksiya və modelinin ülgü çertyojlarının qurulma xüsusiyyətlərini araşdıraq.

Naxışlı parça ilə bəzədilmiş bluzkanın çertyojunu tərtib etdikdə toxunma və basma naxışlı parçanın köməyi ilə onun xarici görünüşünə xüsusi yaraşıq vermək, eləcə də naxışlı və ya saya parçanı başqa naxışlı və uyğun rəngli parça ilə kombinə etməklə xarici görünüşünü dəyişmək olar.

a

b                                               c

Şəkil 4.9 Zolaqlı bluzka a, b, c.

Yuxarıda göstərilən bluzkaların arxa və qabaq hissələrinin ülgü çertyoju qadın geyimlərinin əsas ülgü çertyoju əsasında qurulur. Lakin, bel çökəkliyində, əsas yan kəsiklərdə əyrilik nəzərdə tutulmur. Bluzkanın qabaq hissəsi düyməli (axıra qədər açıq) olduqda düymələmə yeri üçün gərdən xəttinə 2, 5 və ya 3 sm əlavə (tikiş paysız) qatlanma payı əlavə edilir.