Təlim nəticəsi 1: İş yerini planlaşdırır və hazırlıq işlərini həyata keçirməyi bacarır
1.1.1. Sifarişçinin tələbinə və mövcud standartlara əsasən hazırlıq işlərini yerinə yetirir
● Moda evi
Moda evi geniş, işıqlı, müasir dizayna uyğun gözəl tərtib olunmalıdır.Moda evində salon, biçici sexi, tikiş sexi, material və furnitur anbarı, hazır məmulat anbarı olur.
Salon-qəbul otağı geniş, işıqlı və gözəl tərtib olunmalıdır. Divarları müasir dizaynda rənglənməlidir. Salonda moda jurnallarına baxmaq
üçün bir neçə jurnal stolu olmalıdır.Hər jurnal stolunun qarşısında yumşaq mebellər qoyulmalıdır. Salonda məsləhətçi rəssam üçün, dispetçer üçün, parçalara baxmaq və ölçmək üçün stollar olmalıdır.Pəncərələrdə dekorativ parçalardan pərdələr olmalıdır. Gündəlik qəbul olunmuş sifarişlərdən asılı olaraq yoxlama (paltarın əyinə ölçülməsi) kabinələri olmalıdır. Onlar dekorativ parçalarla örtülməlidir.Hər kabinədə güzgü, tumba, stul və asılqan olmalıdır.Kabinələr divar brası ilə, salon isə çilçıraqla işıqlandırılır. Təklif olunmuş parçalar divardan asılmalı, təzə təklif olunan modellər isə manekenlərdə və gözəl tərtib olunmuş vitrinlərdə qoyulur. Qəbul otağında asılqan və güzgü, divarda isə şüşə altında məmulatın tikilmə preyskurantı olmalıdır. Salonda sifarişçiləri qəbul edirlər, yoxlama(paltarın əyinə ölçülməsi) aparırlar və sifarişçiyə hazır məmulatı verirlər.
Şəkil 1.1 Moda evində salon
● Biçici sexi. Biçici sexində məmulatın əsas hissələrini biçirlər və yoxlamadan(paltarın əyinə ölçülməsindən) sonra tabaşirlə işarə edirlər. Hər biçici üçün 2, 5×1m ölçüdə stol qoyulur.Adətən, 2 stolu bir-birinə bitişik qoyurlar ki, lazım olduqda hər iki stoldan istifadə etmək mümkün olsun.Hər iki iş yerinə parçanı biçimə hazırlamaq üçün bir ütü qoyurlar.Həmçinin biçilmiş hissələri və ülgünü saxlamaq üçün şkafdan istifadə edilir.Biçici sexdə müxtəlif ölçüdə manekenlər olmalıdır.