Giriş
Müasir geyimin inkişafı və bu inkişafla əlaqəli olan moda keçmiş, indiki, gələcək dövrlər arasında əlaqələndirici bənd olmaqla, insan cəmiyyətinin maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir. XX əsrin sonlarının bəlkə də ən məşhur moda dizayneri olan İtaliya modelləşdirmə məktəbinin görkəmli nümayəndəsi Canni Versaçe moda haqqında belə demişdir: “Moda bizim cəmiyyətdə baş verən dəyişiklikləri birinci olaraq əks etdirir, o, keçmişə nəzər yetirir və daim yenilik axtarışındadır”. Müasir geyimin hazırlanması ən müxtəlif sahələrin mütəxəssislərinin çalışdığı mürəkkəb və çoxmərhələli bir prosesdir. Rəssam-modelyerlər və ya moda dizaynerləri yeni geyim modellərini layihələndirirlər. Modelyer-konstruktorlar bu modellərin konstruksiyalarının əsasını hazırlayırlar ki, daha sonra bunlar vasitəsilə tikiləcək geyimin hissələrini biçmək üçün ülgülər düzəldilir. Bu geyimlərin bütün texnoloji prosesinin həyata keçirilməsini texnoloq-mühəndislər işləyib hazırlayırlar.
Geyimin əsas vəzifəsi onu geyinən insanın fiziki və mənəvi rahatlığı üçün şərait yaratmaq, bu şəxsin cəlbediciliyini gücləndirmək, fərdiyyətini nəzərə çarpdırmaqdan ibarətdir. Geyimin bədii layihələndirilməsi dizaynın nəzəri əsasını təşkil edir. Yeni geyim formalarının layihələndirilməsi üzərində çalışan mütəxəssislər, eyni zamanda, bir neçə keyfiyyətdə çıxış edir: o, həm rəssam-modelyer, nəqqaş, yeni estetika yaradan tərtibatçı, öz ideyalarını materialda reallaşdırmağı bacaran konstruktor, həm insanlara geyim vasitəsilə daxili keyfiyyətlərini izhar etməyə, özlərinə inam yaratmağa kömək edən psixoloq və hətta, geyim sahibinə hər dəfə yeni sima və bununla yanaşı müəyyən mənada yeni davranış tərzi təklif edən rejissordur.
“Geyimin bədii layihələndirilməsi”nın özünəməxsus xüsusiyyəti ilk növbədə onun yaradıcılıq obyektinin insan olması ilə müəyyənləşir. İnsanın daxili keyfiyyətləri və görünüşü ilə tamlıq yaradan geyim öz funksiyası xaricində təsəvvür oluna bilməz və sahibinin cinsi mənsubiyyətini, yaşını, həmçinin xarici görünüşünün ayrı-ayrı xüsusiyyətlərini nəzərə almalıdır.
Geyimin bədii layihələndirilməsi arxitektonik incəsənət sahəsinə aid olub iki funksiya daşıyır- estetik və praktik. Biz çalışırıq ki, qarderobumuzda praktik, isti və rahat, eyni zamanda estetik tələblərimizə cavab verən, yeni, gözəl, dəbdə olan və xarici görünüşümüzü daha yaxşı nəzərə çarpdıran geyimlər olsun.
Digər halda, geyim yazılmış və yazılmamış qanun normaları ilə qorunan, adətə çevrilmiş, ümumi qəbul olunmuş vərdişlərin məcmusunu əks etdirən və cəmiyyətin, eləcə də onun ayrı-ayrı təbəqələrinin riayət etdiyi məişət ənənəsini bildirir.
Bundan başqa, geyim bütün dövrlərdə insanın milli, dini, peşə, mülki mənsubiyyətini müəyyənləşdirmişdir. Tarixi təkamülün hər bir mərhələsində cəmiyyətin həyat tərzi geyimin istifadə xüsusiyyətində əks olunmuşdur, buna görə də deyə bilərik ki, geyimin müxtəlif funksiyaları tarixən toplanmışdır.
Xalq geyimləri və bəzək əşyaları ilə əsrlər boyu öz zövqünü və mədəniyyətini əks etdirən Azərbaycan xalqı nəinki Şərqdə, hətta bütün Avropada özünəməxsus yer tutur.
Başqa xalqlarda olduğu kimi, XIX əsrin sonlarında qərbsayağı geyimlər Azərbaycana da nüfuz etdi və geniş yayıldı. Sadə biçimli müasir geyimlərin konstruksiya həlli müasir olsa da, onun tərtibat işləri klassikaya müraciət edir. Azərbaycanın müasir musiqisinin muğamlar üzərində köklənməsi, müasir memarlıqda Şərq elementlərinin əks olunması, incəsənət əsərlərində milli koloritin olması, modelyerlərə əsas verir ki, onlar öz yaradıcılıqlarında klassikaya istinad edərək müasir geyimlər hazırlasınlar, keçmişə baxaraq daima yenilik axtarsınlar. Bütün xalqların geyimlərində müasir geyimlə milli geyimlərin sintezi özünə yer tapmışdır.
Lakin, bütün bunları incə zövqlə, peşəkarlıqla, ifrat dərəcəyə çatdırmamaq şərtilə yerinə yetirmək lazımdır. Gənc mütəxəssislərin öz yaradıcılıqlarında bu sahədə düzgün yol tutacaqlarına ümid edirik və onların daima axtarışda olacaqlarına, dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanırıq.