3.4.1. Ölçü alətlərindən düzgün istifadə etməklə verilən təlimata əsasən ölçü götürür
• Ölçü götürmə qaydaları
Fərdi tikiş istehsalında geyimin konstruksiyası insan bədənindən bilavasitə
alınmış ölçü göstəriciləri əsasında qurulur. Onun üçün də ölçüsü götürülən şəxsin qaməti düzgün
olmalı, qolları yandan aşağı sallanmalı, ayaqlardüz, dabanlar yanaşı, pəncələr arası məsafə
15-20 sm olmalı və adət etdiyi halda
sərbəst dayanmalıdır.
Ölçü qadın və uşaq bədənində donun və ya nazik köynəyin, kişilərdə ayaqqabısız, alt tumanın üstündən ölçü lenti (dartılmadan) ilə aparılmalıdır. Bu zaman ölçünün düzgün alınması üçün dayaq nöqtəsi kimi (azacıq çəkilməklə) bel yerinə üfüqi vəziyyətdə adi lent bağlanır.
1. Boy - B (Şəkil 3.16, a-1); başın təpə nöqtəsindən döşəməyə qədər (ayaqqabısız) ölçülür.
2. Döşəmədən boyun özül nöqtəsinə qədər olan hündürlük - Hboyun özül (Şəkil 3.16, a-4).
3. Döşəmədən çiyin nöqtəsinə qədər olan hündürlük - Hçi (Şəkil 3.16, a-5).
4. Döşəmədən büst vəzinin qabarıq nöqtəsinə qədər olan hündürlük - Hbüst (Şəkil 3.16, a-6) şaquli ölçülür.
5. Arxa tərəfdən bel xəttindən döşəməyə qədər olan məsafə - Ma bel (Şəkil 3.16, a-7); bel xəttindən döşəməyə qədər olan məsafə ölçülür.
6. Döşəmədən diz nöqtəsinə qədər olan uzunluq - Udöş diz (Şəkil 3.16, a-9) döşəmədən diz nöqtəsinə qədər olan məsafədir.
7. Sarğı bükümünün hündürlüyü - Hsar (Şəkil 3.16, a-12) döşəmədən sarğı bükümünün ortasına qədər olan məsafədir.
8. Boyun yarımdairəsi - Yboy (Şəkil 3.16, b-13); boyun nöqtəsindən (7-ci boyun fəqərə sümüyünün çıxıntısından) 0, 5 sm yuxarıdan keçərək, yanda və qabaqda boyunun özül nöqtəsinə kip yatmaqla və lentin alt tərəfi körpü nöqtəsinə toxunmaqla boğaz çökəkliyində döş sümüyünün üstünə qədər ölçülür. Lentin alt tərəfindəki göstərici əsas götürülür.
9. Birinci köks yarımdairəsini - Yköks 1 (Şəkil 3.16, b-14) ölçərkən lent kürəyin üstünə qoyulur, üfüqi halda lentin üst tərəfi qoltuqaltının arxa qövsünə toxunmalı və qoltuqaltı boşluğundan keçməlidir. Lent qadınlarda büstün özül nöqtəsinin, kişilərdə isə döş nöqtəsinin ortasından keçirilərək döşün sağ tərəfində qapanır. Lentin üst tərəfində nişan qoyulur: qadınlarda büstün irəli çıxan nöqtəsində, kişilərdə döş nöqtəsində, fəqərə sütununda və kürəyin üstündə.
10. İkinci köks yarımdairəsini - Yköks 2 (Şəkil 3.16, b-15) ölçərkən lent kürəyin üstünə qoyulur, onun üst tərəfi üfüqi halda qoltuqaltına toxunmalı və boşluğundan müstəvi kəsiyinə çəpinə istiqamətdə keçməlidir. Sonra qadınlarda büstün qabarıq nöqtəsindən, kişilərdə döşün üstü ilə keçib döşün sağ tərəfində qapanır. Birinci və ikinci döş yarımdairələri eyni vaxtda arxadan (lentin yerini dəyişmədən) ölçülür.
11. Üçüncü köks yarımdairəsini - Yköks 3 (Şəkil 3.16, b-16) ölçərkən lent bədən ətrafına üfüqi halda, qadınlarda büstün qabarıq nöqtələrindən, kişilərdə isə döş nöqtəsinin üstündən keçməklə döşün sağ tərəfində qapanır.
12. Dördüncü köks yarımdairəsi - Yköks 4 (Şəkil 3.16, b-17); yalnız qadınlarda ölçülür və lent bədən ətrafına üfüqi vəziyyətdə dolanaraq büstün alt özülündən keçirilib döşün sağ tərəfindən qapanır.
13. Bel yarımdairəsini - Ybel (Şəkil 3.16, b-18) ölçərkən lent bədən ətrafında üfüqi bel xətti səviyyəsindən keçirilərək qapanır.
14. Birinci omba (çanaq) yarımdairəsini - Yomba1 (Şəkil 3.16, c-19) ölçərkən lent omba nöqtəsinə qoyularaq, üfüqi halda bədənin ətrafına dolanır. Sonra qarın qabarığına qoyulmuş qövsşəkilli lövhənin üstü ilə keçirilir və sağ tərəfdə qapanır.
15. İkinci omba (çanaq) yarımdairəsini - Yomba2 (Şəkil 3.16, ç-20) ölçərkən omba nöqtəsinə qoyulan lent üfüqi vəziyyətdə bədən ətrafına (qarın çıxıntısı nəzərə alınmadan) dolandırılıb sağ tərəfdə qapanır.