Bel xətti endirilmiş, eninə enli xətləri olan tuman geyilməsi məsləhət deyil, çünki bu, bədənin qeyri-mütənasibliyini tez büruzə verir və qadının yuxarı hissəsini uzun, ayaqlarını isə qısa göstərir.
Çiyni və döşü ensiz, ombası isə enli olan qadınlara lifli və qolu yumşaq, qol yeri aşağı salınmış oval tikişli qol, çiyni və döşü enliləşdirilmiş bəzəkli, yumşaq formalı, düz ətəkli don geyməsi məsləhətdir.
Qeyri-mütənasib fiquralı qadınlara reqlan biçilmiş ensiz lifli, ətəklikdə və lifdə bel xəttində dəbdəbəli qırçını olan, eninə zolaqlı və iri naxışı olan parçadan ətək geyinmək məsləhətdir.
Əgər don bel xəttindən kəsik deyilsə, onda ombası böyük, nazik belli və ensiz çiyini olan qadın elə etməlidir ki, az da olsa fiqurası mütənasib görünsün. Onun üçün çiyinə kiçik çiyinlik qoymaq və çiyini bir qədər enləşdirmək, lifin bel xəttindən ombaya tərəf əlavə qarsaq vurmaq lazımdır. Elə etmək lazımdır ki, lif bel xəttindən yuxarı yumşaq, sərbəst qalsın, yaxud əksinə bədənin yuxarı hissəsi belə qədər dolu, ombası ensizdirsə, qarsaqlı lifdə bel xəttinə qədər tikmək, omba xəttini sərbəst saxlamaq lazımdır.
Qısa ayaqları və dolu ombası olan qadınların dəbdə olsa belə qısa ətək geyinmələri məsləhət deyil.
• İncə qadınlar üçün donlarda hissələr kiçik ölçüdə, yəni kiçik yaxalıqlı, xırda düyməli, kiçik cibli hazırlanmalıdır. Don, jaket və don-kostyumun qısa olması məsləhətdir.
Çiyni enli, ombası ensiz və boyu uzun qadınlar üçün don biçiminə xüsusi fikir verilməlidir. Lifin bel yeri yuxarıda az, ətəkliyi klyoş və ya düz (qasmalı, klyoş), həm də müxtəlif rənglərdə olsa daha yaraşıqlı olar. Nazik və uzun boylu qadınlar üçün don yumşaq lifli, dəbdəbəli ətəkli (enli drapirlənmiş), həm də kəmərcikli olsa daha yaxşıdır. Bel yerini cazibədar etmək üçün ətəkliyin belini büzmək və ya yumşaq qasma ilə yığmaq lazımdır. Nazik uzun boylu qadınlara büzməli və qırçınlı, həcmli don, eləcə də enli ətək, qısa jaketlə (bel yerindən yuxarı) geyilən don daha yaxşı yaraşır.