Hər bir qadın öz qamətinin xüsusiyyətlərini nəzərə alaraq, münasib xətləri və elementləri olan model seçməlidir.
Eyni formalı qol, yaxalıq, yaxa (olsa) və tuman dolu (kök) və zərif bədənli qadınlara eyni cür yaraşa bilməz. Bunun üçün hər bir bəzək elementi, eləcə də hissələr və hissəciklər lazımi formada və ölçüdə seçilməli, eyni zamanda bədənin ölçüsünə mütənasib olmalıdır.
Yadda saxlamaq lazımdır ki, dəbdə olan bütün müasir modellər həmişə həddindən artıq sadə olmalıdır.
• Dolu bədənli qadınlar üçün fərdi tikiş atelyesində modelçi rəssamlar öz təcrübələrinə əsaslanaraq münasib model seçirlər. Lakin, fərdi surətdə bu işlə məşğul olan şəxs model seçdikdə bəzi şərtləri bilməlidir. Amma, bu o demək deyil ki, dolu bədənli qadınlar üçün model seçimi məhdudlaşdırılmışdır. Dolu bədənli qadınlara hər hansı bir “xüsusi” modeli məsləhət görmək lazım deyildir. Onlar idman kostyumu, istədiyi biçim forması və müxtəlif naxışları olan parçadan don geyinə bilər. Lakin yaşlı, dolu bədənli qadınlar öz geyiminə ciddi fikir verməlidir.
Dolu bədənli qadınların geyimi tarım və dar olmamalıdır. Bütün hallarda yumşaq, bədənə qismən yatan, yaxud sərbəst formalı geyimlərin seçilməsi məsləhətdir. Bununla belə, geyim müasir modelə yaxın olmalıdır. Modelin müxtəlif elementlərini ehtiyatla seçib həmin şəxsin rənginə və fiquruna uyğun olanını götürmək lazımdır. Qadın fiqurunda mütənasiblik yaratmaq üçün, bel xəttini müəyyən etmək üçün dolu bədənli qadınlara nazik çiyinlik qoymaq məsləhətdir. Qol yerini dar (ensiz) və ya həddən artıq enli hazırlamaq məsləhət deyildir. Dolu bədənli qadınlara qabaq hissənin boyun açıqlığı uzadılmış formada işlənilmiş, yumşaq müxtəlif rəngli şərflərdən istifadə etmək məsləhətdir. Onlara enli və parıldayan kəmərlərdən istifadə etmək məsləhət deyil. Kəməri donun parçasından tikilmiş ensiz kəmər əvəz edə bilər və onu bel xəttindən azacıq aşağıdan bağlamaq daha yaxşı olar. Donun bütöv və kəmərli biçilmiş olması daha düzgündür. Ətəkliyin ensiz, lakin ombadan və ətəkdən sərbəst biçimli olması məsləhətdir. Dolu bədənli qadınlar qırçınlı və ətəyi enli tuman da geyə bilərlər. Lakin, bu zaman donun mütənasibliyinə fikir verilməlidir.
Sərbəst formalı qısa, yaxud uzun jaketli kostyum (qadının boyundan asılı olaraq) dolu bədənli qadınlara daha çox yaraşır. Düz biçimli bluzka ilə geyilən sarafan yaraşıqlı görünür. Düz tumanlı donlarda böyük qapalı, kəsik, yaxud yan tikişə yaxın olan üst ciblərin tikilməsi məsləhətdir.
Qısa boylu, dolu fiquralı qadınlara ciddi formalı, bel xəttinə yatan ensiz tumanlı donlar məsləhətdir.
Münasib xətləri olan donlarda lifin qabaq hissəsində uzun boyun açıqlığını əlavə parça ilə işləmək yersiz olar. Bu paltarları təzad yaradan rəngli şərflə də geyinmək məsləhət deyil.
• Mütənasib fiqurası olmayan qadınlar üçün don. Bel yeri uzun, ombası enli və aşağı, ayaqları qısa olan qadınlar üçün bel xətti qısaldılmış, çiyni və ətəkliyi azacıq enli biçilmiş don məsləhətdir.