Şəkil 2.3 Qolu bütöv biçimli köynəyin mulyaj üsulu ilə modelləşdirilməsi
Qırçınlar həmişə şaquli istiqamətdə düzüldüyü halda, qatlar müxtəlif vəziyyətlərdə, yəni şaquli, üfüqi, diaqonal yerləşdirilə bilər. Qatların mövqeyindən asılı olaraq müxtəlif kompozisiya həlləri alınır, yəni, bu zaman geyim formasının statikliyinə və dinamikliyinə nail olunur.
Modelyer parçanı insan bədəninin üzərinə qoymaqla geyim hazırlayanda heykəltəraş kimi işləyir. Modelyerin geyimi qavraması heykəltəraşın qavramasının demək olar ki, eynisidir, hər ikisi də hazırlayacağı məmulatı müxtəlif tərəflərdən nəzərdən keçirir. Ən səlis rakurslar öndən, arxadan və yanlardan olan görünüşdür. Hər üç tərəfdən insan bədəni fərqli görünür və parçanın sərbəst sallanmasına müxtəlif cür təsir göstərir. Ona görə də geyim formasının parçanı insan bədəni və ya manekendə sancaqlama üsulu ilə yaradılması zamanı alınmış formanı hər üç tərəfdən, yəni öndən, yandan və arxadan daim yoxlamaq lazımdır.
Mütəxəssis mulyaj üsulu ilə geyim hazırlayarkən materialı müəyyən mənada insan bədəninə uyğunlaşdırır. Bu zaman o, formanın aksentlərini yerbəyer etmək üçün bədən quruluşlarının müxtəlifliyindən istifadə edir.