Tikiş materiallarının plastikliyi nəzərdə tutulan geyimin formasını, onun konstruktiv hissələrinin xassələrini, eləcə də, onun düzəldilmə üsulunu, yəni modelləşdirmənin metod və yollarını xeyli dərəcədə müəyyənləşdirir.
Dərzi parçanın və digər tikiş materiallarının plastikasının ümumi xassəsini müəyyənləşdirərək gələcək modelin formasının plastik hissələrinin necə göründüyünə diqqət yetirməklə parçanı müxtəlif istiqamətlərdə yerləşdirməyə çalışır. Təbii ki, parça hissələrinin düzülüşü bədənin quruluşuna, onun mümkün hərəkətlərinə, eləcə də gələcək geyimin funksionallığına müvafiq olmalıdır.
Geyim formasının sancaqlama üsulu ilə yaradılması prinsipi bir növ orijinal model yaratma, materialın bədənə müxtəlif yapışma dərəcəsində oturdulmasıdır. Bu zaman modelin oturması parçanın iplərinin bədənin uzununa istiqamətində simmetriya oxuna nəzərən necə yerləşdirilməsindən xeyli asılıdır.
Parçanın 450 bucaq altında qoyulması plastik hərəkəti və bədənə tam oturmasını təmin edir. Əgər parçanı uzununa və eninə sap boyu yerləşdirsək, tam yapışma əldə olunmayacaq və bunayalnız qırçın və qarsaqlar qoymaqla nail olmaq olar.
Parçanın forma yaratmaq qabiliyyəti onu təşkil edən toxuculuq liflərinin keyfiyyətindən və toxunmanın naxışından xeyli dərəcədə asılıdır. Beləliklə, daha plastik formalar sıx toxunuşu olmayan zərif, nazik parçalardan hazırlanır. Digər tərəfdən, ən yaxşı plastik keyfiyyətli parçalar təbii ipəkdən və yundan hazırlanır.
Qeyd etdiyimiz kimi, geyimin forması insan bədəninin quruluşuna müvafiq olmalıdır. O, ən sadə halda insan bədəninin ümumi şəklini təkrarlayan örtükdür. Lakin, bu sadəlik olduqca şərti xarakter daşıyır, çünki insan bədəninin mürəkkəb quruluşunu təkrarlamaq üçün geyim özü də çox mürəkkəb biçimdə olmalıdır.
Sadə biçimli geyimə nümunə olaraq antik geyimi göstərmək olar. Müasir anlamlara görə, antik geyim heç bir formaya malik olmayıb düzbucaqlı və ya oval şəklində olan bütöv bir parça hissəsindən ibarət idi.
Bu parça müxtəlif üsullarla bədənə bürüdülərək müəyyən yerlərdə bərkidilirdi və öz çəkisi altında sərbəst sallanırdı. Əlbəttə ki, bu cür geyim bədənə yapışmırdı və olduqca gen idi.
Əgər parça bədən ətrafında sadəcə olaraq bürünməyib ona yapışırsa, onda parçanın sərbəst sallanmasına onun bədənin qabarıq hissələrinə yapışması və çökək hissələrə düşməsi hesabına nail olunur. Bu zaman, parçanın sallanan artıq hissələrini tikişlərə və qarsaqlara yığışdırmaq lazımdır.
Parçanın sərbəst sallanması bütün konstruktiv dayaq nöqtələrində, yəni çiyin, döş, bel, omba, diz və s. formalaşa bilər. Parçanın sərbəst sallanması nəticəsində aşağı hissələri bərkidilməyən qırçınlar və faldlar, eləcə də hər iki tərəfdən bərkidilən draplar alınır.
Müxtəlif istiqamətli toxunuşlu sapları olan parçanın yerləşdirilməsindən asılı olaraq, qırçınların, drapların və faldların yaradılması sxemi göstərilmişdir.