Təlim nəticəsi 2: Geyim konstruksiyasının sistem və metoduna əsasən geyimə qoyulan tələbləri bilir
2.1.1. Geyimin layihələndirilməsində konstruksiyanın sistem və metodunu izah edir
• Geyim konstruksiyasının sistem və metodları
Geyimin konstruksiya edilməsi və modelləşdirilməsi tikiş istehsalının əsas
proseslərindən biri olub, təkcə geyimin keyfiyyətinin yaxşılaşdırılmasına yox,
həmçinin istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılması, texnikanın
təkmilləşdirilməsi məsələlərinə də xidmət edir.
Məmulatın konstruksiyasına qoyulan tələblər aşağıdakılardır:
1. Məmulatın xarici görünüşü mütləq təsdiq olunmuş modelin konstruksiyasının çertyojuna uyğun olmalıdır.
2. Məmulat fiqura üzərində düzgün və yaxşı oturmalıdır.
3. Konstruksiya texnoloji cəhətdən ucuz başa gəlməli və az vaxt aparmalıdır.
Tikiş istehsalı müəssisələri modelin konstruksiyasını yaratmaq üçün iki sistemdən istifadə edirlər:
1. Qrafiki hesabat sistemi
2. Mulyaj.
Qrafiki hesablama sisteminin bir neçə variantları var.Bu sistem onunla fərqlənir ki, məmulatın çertyojunu fiquranın ölçülərini və artımları (payları)nəzərə almaqla qurmaq lazımdır.Çertyojun qurulmasının müxtəlif üsulları vardır.Bütün üsullar bir-birindən əsasən hesabat düsturları və qurulma üsulları ilə fərqlənirlər.Hesabat düsturlarının analizi göstərir ki, bütün bu düsturları üç növə bölmək olar.
Birinci növ düsturlara ayrı-ayrı hissələrin ölçüləri vasitəsilə təyin edilən düsturlar aiddir.
P=M+n
Burada M- fiquranın ölçüsü, n-əlavə paylardır.
İkinci növ düsturlara ayrı-ayrı hissələrin ölçülərinin həmin hissə ilə əlaqəsi olmayan ölçülərlə təyin edildiyi düsturlar aiddir.
Üçüncü növ düsturlara ayrı-ayrı hissələrin ölçüləri, çertyoj üzərində tapılan ölçülər vasitəsilə təyin edilən düsturlar aiddir.
• Mulyaj üsulu ilə geyimdə formayaratma
Müasir geyimi yaradan mütəxəssislərin ustalığının göstəricisi mulyaj üsulu ilə formayaratmaqdır. Modelləşdirmənin bu metodu parçanı insan bədəni və ya maneken üzərində sancaqlamaq vasitəsilə həyata keçirilir. O, böyük təcrübə, peşəkar məharət tələb edir və fərdi geyimlərin hazırlanması üçün nəzərdə tutulmuşdur.
Sancaqlama metodunda məmulat hazırlamaq üçün nəzərdə tutulmuş parça biçim olmadan (burada istifadə olunmur) bədənin və ya parametrləri verilmiş manekenin üzərində qoyulur. Bu parçanın üzərində qarsaqlar və qırçınlar qoyulur, birləşdirici tikişlərin xətləri, eləcə də boğazaltı, qoldibi forması və s. qeyd olunur.
Daha sonra alınmış mulyajın sancaqları açılır və o kağıza köçürülür. Beləliklə, geyimin çətin, fantaziyalı formalarının heç bir hesablama və cizgilər olmadan ülgülərini almaq olar.
Geyimi mulyaj üsulu ilə modelləşdirəndə hər şeydən əvvəl geyimin hazırlanacağı materialın xüsusiyyətlərini yaxşıca öyrənmək lazımdır. Parçanın ən mühüm xüsusiyyətlərindən biri onun plastikliyi, yəni müəyyən forma yaratmaq bacarığıdır. Bu cür qabiliyyət hər bir konkret halda məmulatın stilini, onun kompozisiya quruluşunu şərtləndirir.