Geyimlərin hissələrinin tikmə ilə bəzənməsində ən rahatı hissələr biçilənə qədər və ya biçilmiş hissələr üzərində tikməni işləməkdir. Birinci halda parça üzərində məmulatın hissəsinin ülgü üzrə konturu qeyd olunur, sonra naxış köçürülür və onu tikirlər. Ancaq bundan sonra hissə biçilir. Bir çox məmulatların bəzənməsi prosesində də tikmələrin bu cür işlənməsi rahatdır.
Mürəkkəb olmayan naxışları hazır məmulat üzərinə tikmək olar. Bu halda parçanın altına karton vərəq və ya taxta lövhə qoymaqla naxışı köçürürlər ki, məmulat korlanmasın.
• Naxışın parçaya köçülürməsi
Naxışlar parçaya müxtəlif üsullarla köçürülə bilər. Bütün hallarda naxış orijinaldan ucu iti çərtilmiş karandaşla əvvəlcə kalka kağızına, yaxud millimetrli kağıza köçürülür. Bundan sonra naxış parçaya köçürülür.
• Şəklin surətçıxarma kağızının köməyi ilə köçürülməsi
Əvvəlcədən ütülənmiş parça hamar səth üzərinə (stol, lövhə) sərilir və bu zaman izləmək lazımdır ki, parçanın əriş və arğac sapları çəpləşməsin. Kalka naxışla (kontur, doldurma və s. tikişləri üçün müəyyən olunmuş naxış) parça üzərinə qoyulur və sancaqlarla bərkidilir. Kalkanın altına surətçıxarma kağızını elə qoyurlar ki, onun qara (izi düşən tərəfi) üzü parçaya tərəf olsun. Sonra ucu iti çərtilmiş karandaşla naxışın üstündən gedərək onu parçaya köçürürlər. Yaxşı olar ki, köçürmə üçün müxtəlif rəngli surətçıxarma kağızı dəsti olsun. Onda açıq rəngli parçalar üçün tünd rəngli surətçıxarma kağızı (qara, göy, yaşıl) və tünd parçalar üçün açıq (ağ-sarı) surətçıxarma kağızı götürürlər.
Naxış parçaya köçürüləndən sonra surətçıxarma kağızı çıxarılır, kalkanın bir tərəfi sancaqlanır və o biri tərəfi qaldırılaraq şəkil yoxlanır və bundan sonra kalka götürülür.
Həndəsi xarakterli naxışları da (sayla yerinə yetirilən tikmələrdə) surətçıxarma kağızının köməyi ilə köçürmək olar. Bunun üçün yoğun iynə ilə (məktəbli pərgarının ucundakı iynədən də istifadə etmək olar) naxış boyunca millimetrli kağız və surətçıxarma kağızından damaların üfüqi və horizontal xətlərinin kəsişmə yerlərində deşiklər açılır. Parça üzərində naxış nöqtələrlə alınır.
Surətçıxarma kağızı vasitəsilə naxışın köçürülməsi zamanı yadda saxlamaq lazımdır ki, naxışın xətti qaralmasın, əks halda parça və sap tikmə işlənən müddətdə çirklənə bilər. Buna görə də əvvəl işlənmiş - köhnə surətçıxarma kağızından istifadə etmək yaxşıdır, ya da təzə surətçıxarma kağızını əvvəlcədən quru pambıq və ya dəsmalla silmək lazımdır.
• Naxışın işıqla köçürülməsi
Nazik şəffaf parçalara naxışı altdan işıq salmaqla köçürmək olar. Naxış aydın çəkilmiş kalka kağızı altında lampa yerləşdirilmiş (lampa şüşədən təxminən 20-25 sm aralı qoyulur) şüşə üzərinə qoyulur, şüşənin üstünə isə yaxşı gərilib düzəldilmiş parça qoyulur. Altından işıqlandırıldıqda kalkada olan naxış parçadan görünür. Ucu iti çərtilmiş karandaşla şəklin üstündən (parçanın üstündən) gedilir.
• Naxışın papiros kağızı ilə köçürülməsi
Sukno, barxat və parıltılı parçalara naxış papiros kağızından kökləməklə köçürülür. Bunun üçün naxış papiros kağızına köçürülür, onu parçaya kökləyirlər və naxışın bütün konturu boyunca iynə irəliyə tikişilə xırda tikişlərlə tikirlər. Sonra kağızı cırırlar. Tikmə tikiləndən sonra kök saplarını çıxarırlar.
• Naxışın trafaretlə (naxış ülgüsü) köçürülməsi
Şəkil kağız vərəqi üzərinə çəkilir, onun üzərinə kalka qoyulur və bu iki vərəqi sancaqlayırlar və onu yumşaq, bir az da qalın parçanın üzərinə, yaxud bir neçə qat qəzet kağızının üzərinə qoyurlar. Naxışın bütün konturu boyunca 2-3 mm-dən bir, iynə və ya sancaqla deşiklər açırlar. Nəticədə kalkada nöqtələrdən ibarət sancaqla vurulmuş naxış alınır.
Həndəsi naxışların iynə və ya sancaqla köçürülməsi zamanı deşikləri naxış xəttinin damaların üfüqi və şaquli xətlərinin kəsişmə nöqtələri ilə üst-üstə düşdüyü yerlərdə açırlar.
Naxış çəkilmiş kalkanı ağ neftlə isladılmış əski ilə yüngülcə silirlər, onu təmiz tərəfi ilə parçanın üzərinə qoyurlar və bir neçə yerdən sancaqlayırlar.