Hazırda vakuum-presdən istifadə edilir. Bu üsulun kontaktlı presləmə üsulundan fərqi məmulatı tərs üzünə çevirib, bərk yastıq üstünə qoyulmasıdır. Yastıqda gözcüklər vardır. Üst yastıq hissəni sıxmadan tərpənməz halda dayanır. Alt yastıqda hava seyrəldilir, atmosfer təzyiqi ilə yastıqdakı seyrək təzyiq arasındakı fərq hesabına geyim hissəsi alt yastığa yapışır. Üst yastıqdan verilən buxar hissənin arasından keçib, onu isidir və nəmləndirir. Bu zaman üst yastıq ilə hissə arasındakı hava da isinir. Buxar verilməsi dayandırıldıqdan sonra havanın alt yastığa tərəf keçməsi nəticəsində hissə quruyur. Bu üsul hazır geyimin nəmlənib-isidilmə əməliyyatında daha yaxşı nəticə verir.
Texnoloji cəhətdən preslər ütüləyici, qatlayıcı və pardaqlayıcı kimi növlərə bölünür.
Preslər pnevmatik (Şəkil 3.2, a), hidravlik və ya elektromexaniki (Şəkil 3.2, b) üsullarla işləyirlər.
Texnoloji konstruksiyası və asan işlədilməsi cəhətdən pnevmatik preslər daha əlverişlidir. Hazırda preslərdə temperatur və presləmə vaxtı avtomatik tənzimlənir. Onlarda presləmə qüvvəsini dəyişdirən və nəzarət cihazları vardır. Preslər düymələrlə idarə olunur.
Pnevmatik preslər təsir qüvvəsinə görə üç növə bölünür: yüngül (PLP), orta (PSP) və ağır (PTP).
• Yüngül pres - geyimin bəzi hissə və tikişlərinin (təzyiqi 1000 H qədər) işlənilməsində, orta pres - geyim hissələri kənarının preslərarası, eləcə də kostyumun ütülənməsində, paltoda bəzi əməliyyatların (təzyiq 2000-2500 H) işlənilməsində, ağır pres - geyimdəki bortların proseslərarası, eləcə də yun parçadan olan paltonun tam ütülənməsində (təzyiqi 4000-5000 H) istifadə edilir.
Hidravlik və elektromexaniki preslərə nisbətən bu preslər daha qənaətli və etibarlıdır. Yüngüldür, elektrik enerjisini az işlədir.
Hidravlik və pnevmatik preslərdə işə uyğun müxtəlif forma və ölçüdə elektriklə, yaxud buxarla qızdırılan yastıqlar yerləşdirmək olar. Yan tikişi və arxa hissənin orta kəsiyinin tikişini açanda RŞB, qolun qabaq və dirsək tikişində RPŞ və RLŞ, şalvarın addım tikişində LBŞ və s. yastıqlardan istifadə edilir (Şəkil 3.3, a). Palto və pencəyin yaxalıq calağının kəsik tikişləri RVPŞ formalarında - yastıqlarda (Şəkil 3.3, b) açılıb ütülənir. Geyimin qabaq hissəsində də araqatı materialında kürəyi ütüləmək üçün qabarıq və batıq formalı yastıqlar (şəkil 3.3, c) işlədilir.
Kişi pencəyi, qadın və uşaq paltosunun qabaq hissəsində yığma əməliyyatı aparmaqla ütüləmək üçün lazımi forma və ölçüdə yastıqlar (SPP-1, SPP-3, SPP-4) götürülür. Kişi köynəyi hazırlandıqdan sonra onun manjet və yaxalığını nəmlənib-isidilmə əməliyyatı ilə işləmək üçün xüsusi OMV yastığı (şəkil 3.3, ç) mövcuddur.
Hazır geyimlərin sonuncu nəmlənib-isidilmə əməliyyatının keyfiyyətini yaxşılaşdırmaq üçün preslər müxtəlif yastıqlarla komplektləşdirilir. Odur ki, iş vaxtı yastıqların forması ilə hazır geyimin və ya onun hissələrinin formasının bir-birinə uyğun gəlməsinə diqqət yetirilməlidir.