Rele işə başlamazdan əvvəl buxar qazanında lazımi təzyiq yaradılmasını və ütünün qızmasını avtomatik təmin edir.
Son zamanlar istehsal edilən buxar-elektrik ütüləri buxar ütüsü ilə elektrik ütüsünün birləşməsindən ibarətdir. Bu ütülərdə adi qızdırma yolu ilə quru buxar alınır. Düz məmulatlar (yastıq, yorğanüzü, döşəkağı) kalandrda ütülənir.
Kalandr qarşı-qarşıya fırlanan iki valdan ibarətdir. Məmulat həmin valların arasından keçdikdə sıxılıb ütülənir. Vallar isə qızdırıcı elementlər vasitəsilə daimi olaraq isidilir. Vallar arasındakı təzyiq xeyli yüksək olur.
Bir çox ütüləmə əməliyyatlarını presləmə əməliyyatları ilə əvəz etmək mümkündür. Bu, həm səmərəli üsuldur, həm də işin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Məmulatın lazımi bir hissəsini (qabaq hissəni, yaxalığı və s.) nazikləşdirmək üçün onu presin qızdırılan yastığı üzərinə qoyub nəmləndirir, sonra isə üst yastıqla təzyiq altında bərk sıxırlar. Presin üst və alt yastığı tökmə çuqundan və ya alüminium qarışığından hazırlanır. Alüminium yastıqlar daha yaxşıdır. Çünki, onların istilik keçirməsi və istilik toplaması çox, özləri isə xeyli yüngüldür.
Presin iş prinsipi çox sadədir. Onun üst yastığı dairə şəklində (350-400 mm) olub, açılıb-qapanır. Bu isə geyim və ya hissələrin oraya qoyulmasını asanlaşdırır. Alt yastığın ütüləyici səthi şaquli vəziyyətdədir, 10-20 mm uzunluğunda tez-tez hərəkət edir. Alt yastığın belə hərəkəti üst yastığın təsirindən (yaylı döşəkcənin deformasiyası nəticəsində) və ya preslənəcək məmulata təzyiq qüvvəsini artıran xüsusi mexanizmlərlə əldə edilir. Preslənən məmulatın ayrı-ayrı yerlərində parıltı qalmaması üçün bəzən preslərin yastığına kiçik iynəli tor bərkidilir.