• Şəklin və ya naxışın böyüdülməsi yaxud kiçildilməsi nə vaxt lazım olur?
• Kompüter texnikası ilə şəklin və ya naxışın böyüdülməsi, kiçildilməsi haqqında nə bilirsiniz?
• Naxıştikmə işi ilə məşğul olduqda işin rahat olması üçün nə etmək lazımdır?
• Əl ilə işlənən tikmələrdə tikişlərin növləri hansılardır?
1.2.1. Geyimdə applikasiyanı tətbiq edir
• Applikasiya
Applikasiyalar (üstdən qoyulan tikmə) tikmələrin çox maraqlı bir növüdür. Applikasiyaların tarixi qədimdir. Geyimləri və məişət əşyalarını parça tikələrindən, dəridən, xəzdən və s. istifadə edərək bəzəyirlər. Onları naxış üzrə əsas parça üzərinə qoyur və müxtəlif tikişlərlə doldurma, ilgək, zəncir tikişləri ilə bəndləyib bərkidirlər. Applikasiya ilə bəzədilmiş məmulatlar xüsusilə dekorativ xarakter daşıyır və yaxşı görünürlər.
Applikasiyalar müxtəlif materialların, parçaların istifadəsinin mümkünlüyünə və işlənməsinin sadəliyinə görə çoxlarını cəlb edir. Əl işlərinin bu növü üçün istənilən parlaq rəngli parça tikələri yarayır. Onları bir-birinin yanına qoymaqla çox maraqlı kompozisiya və rənglərin uyğunluğunu almaq olar.
Nazik parça tikələrindən applikasiyaların (quramaların) yerinə yetirilməsi zamanı əvvəlcə parça azca nişastalanır və sonra yaxşı ütülənir.
Bu məqsəd üçün çit, sətin, stapel, ipək və s. parçalardan istifadə etmək olar.
Köçürmə kağızının köməyi ilə əvvəlcə bütöv naxış əsas parçaya köçürülür. Naxışın detalları isə əvvəlcədən nişastalanıb hazırlanmış parça tikələri üzərinə köçürülür. Bu zaman fikir vermək lazımdır ki, hissələrin əsas saplan (əriş və arğac) əsas parçanın sapları ilə eyni istiqamətdə olsun. Hissələr biçilir, düzülmə ardıcıllığı müəyyənləşdirilir və onlar növbə ilə əsas parça üzərindəki naxış üzrə quraşdırılır. Hissələr əsas parça üzərinə iynə irəliyə tikişi ilə bərkidilir. Tikiş parça rəngində muline və ya çarx sapları ilə yerinə yetirilir. Sonra hissələr kənar doldurma ilmələri, ilgək, yaxud zəncir tikişi ilə əsas parçaya tikilir. Bu zaman iynə irəliyə tikişi bağlanır, örtülür. Doldurma ilmələri eyni və müxəlif uzunluqlarda qruplaşdırılmış, dişcikli, pəncəli və s. ola bilər (Şəkil 1.10).
Bəzən naxışın elementlərini məmulata yapışdırırlar. Bunun üçün nazik polietilen təbəqədən istifadə etmək olar. Parçadan kəsilmiş elementlərdən 2-3 mm böyük olmaqla bütün hissələr polietilendən də biçilir. Əvvəlcə əsas parça üzərinə polietilen hissə qoyulur və onun üzərinə parçadan olan element qoyulur və onları çox da qaynar olmayan ütü ilə sıxırlar. Polietilen əriyir və parça tikəsini əsas məmulata yapışdırır.
Qalın parçalardan applikasiyaları işləmək üçün naxışın hissələri karton üzərinə köçürülür, karton kəsilərək ülgü hazırlanır. Sonra ülgülər parça tikələri üzərinə qoyularaq hissələrin konturları çəkilir və hissələr biçilir. Drap, sukno, fetra, zamşa və s. parçalardan biçilmiş hissələr əsas məmulata tikilməyə də bilər, belə ki, onların ortasına düymə, muncuq tikməklə də bəndləmək olar.
Parça tikələrindən kvadrat, düzbucaqlı, dairə, yarımdairə formasında hissələr kəsib kənarlarını ilgək tikişi ilə hörür və onlardan ayaqaltı, taxt üçün kiçik balış üzü, çarpayı örtüyü, çanta və başqa məmulatlar hazırlayırlar. Bu üsulla müxtəlif bəzək işlərini yerinə yetirmək, qısa paltarı, yubkanı uzatmaq olar. Məmulatların hazırlanması üçün istifadəyə yararlı olmayan köhnə palto, yaxud kostyum parçalarından istifadə etmək olar.