Salınmış izdən solda və sağda yerləşən növbəti iki sapı parçanın bir kənarındakı uclarını dartırlar və düyün bağlayırlar.
Düyünləməklə yaradılmış ilgəyə nazik ipək sap keçirirlər və onların uclarını birlikdə tuturlar. Sonra parçanın əks kənarından həmin iki sapın uclarını tapıb ehtiyatla dartırlar və onları parçadan çıxarıb kəsirlər. Nazik ipək sapın qatlanmış yerində əmələ gələn ilgəyin ortasına yoğun ipək sapı keçirirlər və onların uclarını bir əl ilə tutub saxlayırlar və nazik sapı ehtiyatla dartıb parçadan çıxararaq kəsirlər.
Beləliklə, parçanın saplarının köməyi ilə nazik ipək sap iki qat olmaqla parçadan keçirilir. Sonra həmin nazik ipək sapın köməyi ilə yoğun ipək sap dartılaraq parçadan keçirilir. Yoğun ipək sap parçada qalır.
Bir az qalın parçalarda rəngli sap parçadan bir dəfəyə keçirilir. Əvvəlcə parçadan bir sap çıxarırlar. Sonra salınmış izin kənarlarındakı iki sapı düyün bağlayırlar və ora rəngli sapı (məsələn, 3-4 qat muline sapı) keçirirlər. Həmin düyün bağlanmış sapların əks uclarından muline sapı parçadan çıxarana qədər ehtiyatla dartırlar. Rəngli sap parçada qalır.
• | Sayla yerinə yetirilən tikişlər |
Sayla yerinə yetirilən tikişlər naxışçılar arasında daha geniş yayılıb. Bu tikişi ona görə sayla yerinə yetirilən tikiş adlandırırlar ki, burada naxış parçanın saplarını saymaqla yerinə yetirilir. Belə tikiş üçün kətan toxunuşlu parça götürmək daha yaxşıdır, çünki parçanın strukturu bu parçalarda aydın görünür.
Sayla yerinə yetirilən tikişlər geyimləri, onların hissələrini, salfetləri, pərdələri, kiçik taxt balışlarını, divar bəzəkləri və s. məmulatları bəzəmək üçün istifadə edilir.
Sayla işlənən tikmələr göz ölçüsünün inkişafına kömək edir və o, xüsusi diqqət tələb edir. Əgər parçanın sapları düzgün sayılmasa, onda ilmələr müxtəlif böyüklüklərdə alınacaq, nəticədə naxış itəcək, məmulatın görünüşü yaxşı olmayacaqdır. Tikmənin tərs üzü də, üz tərəfi kimi gözəl və səliqəli görünməlidir.
• | Sadə xaç tikişi |
Bu tikiş yerinə yetirilməsinə görə çox sadədir (Şəkil 1.5, a). Bu eyni böyüklükdə ilmələrin diaqonal kəsişməsidir. Sadə xaç (krest) tikişini aşağıdakı ardıcıllıqla yerinə yetirirlər: birinci ilmə - sol aşağı küncdən sağ yuxarı küncə, ikinci ilmə - sağ aşağı küncdən sol yuxarı küncə doğru yerləşdirilməklə tikilir. İşçi sağ birinci ilmədən - ikinci ilməyə tərs üz tərəfdən şaquli xətt üzrə keçir. Əgər üfüqi xətt üzrə bir neçə xaç (krest) tikişi tikmək lazım gələrsə, onda əvvəlcə bütün birinci alt ilmələri tikir, sonra isə bütün ikinci ilmələri - üst ilmələri tikirlər. Bu qayda ilə naxışda üst ilmələr bir istiqamətdə olmalıdırlar. Şaquli istiqamətdə sadə xaç tikişini aşağıdakı ardıcıllıqla yerinə yetirirlər. Birinci ilmələr - sol aşağı künclə sağ yuxarı künc üzrə, ikinci ilmələr isə sol yuxarı künclə sağ aşağı künc üzrə tikilir. Tərs üzdə şaquli xətt üzrə düz tikiş alınır. Naxışdan asılı olaraq onlar üfüqi də yerləşə bilər, ancaq diaqonal üzrə yox. Tikmə zamanı mürəkkəb naxışların yerinə yetirilməsi zamanı da bu qaydalara əməl olunmalıdır (Şəkil 1.5, b).
Diaqonal üzrə yerləşdirilmiş sadə xaç tikişlərində birinci xaçda alt ilməni, ikincidə üst ilməni, üçüncüdə alt ilməni tikirlər və bu qayda ilə bütün naxış tikilir. Əks istiqamətdə isə alt ilmələrin üstündən tikiş gedir, üst ilmələrin isə altından iynəni sapla birlikdə keçirirlər (Şəkil 1.5, c).
Sıra ilə bir xanadan bir yerləşdirilən xaç tikişlərinin yerinə yetirilməsi zamanı tərs üzdə onların arasında da sadə xaç tikişləri alına bilər (Şəkil 1.5, ç).
Mürəkkəb naxışların tikilməsi zamanı da bu qaydalara əməl etmək lazımdır. Bəzən bu məqsədlə əvvəlcə üst ilməni tikir, sonra işçi sapı iynə ilə birlikdə onun altından keçirməklə alt ilməni yaradırlar.
Sayla yerinə yetirilən tikişlərdən təcrübədə ən çox istifadə olunanları şəkildə göstərilmişdir. Tikiş kamva (xüsusi parça növü) üzərində, damalı parçalarda və ya sap çıxarmaqla damalar yaradılmış bir rəngli və ya ağ parçalarda yerinə yetirilir. Ağ parçada əvvəlcə eninə saplar, sonra isə uzununa saplar elə çıxarılır ki, yaranan damalar kvadrat şəklində olsun. Əks halda naxış düzgün alınmayacaqdır. Tikiş aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə diaqonallar üzrə ilmələr tikilir (Şəkil 1.5, d). Sonra damaların tərəflərinin orta nöqtələri üzrə şaquli (Şəkil 1.5, e) və üfüqi ilmələr qoyulur. Beləliklə, bir damada iki küncü birləşdirən və iki orta nöqtəni birləşdirən dörd ilmə tikməklə bəzək tikişi alınır.
Bütün damalar eyni ardıcıllıqla doldurulur. Hər dəfə növbəti damada iynə işçi sapla küncdən çıxarılır və iş şəkildəki ardıcıllıqla davam etdirilir (Şəkil 1.5, ə).