Karandaşla böyüdülmüş naxışın yarısını kalkaya köçürürlər. Kalka vərəqini əvvəl qatlanmış xətt üzrə yenidən yarıya qatlayırlar və naxışı kalkanın ikinci təmiz tərəfinə köçürürlər.
Naxıştikmə işi ilə məşğul olduqda işləmək rahat olsun və iş yorğunluq gətirməsin deyə öz iş yerinizi düzgün təşkil edin və müəyyən olunmuş əmək qaydalarına riayət edin.
Stol alət və avadanlıqlarla birlikdə elə qoyulmalıdır ki, işə (tikməyə) işıq soldan düşsün. Əgər stolun siyirməsi yoxdursa saplar xüsusi kisədə, alətlər iş qutusunda, naxışlı kalka vərəqləri isə qovluqda saxlanılır. Stolun arxasında oturarkən beli bükmək və başı aşağı əymək lazım deyil, iş vaxtı stolun səthi azca qabağa tərəf maili olmalıdır. İş ilə göz arasındakı məsafə 25-30 sm-dən artıq olmamalıdır. Bu məqsədlə bəzən gərgahın altına taxta lövhə, kitab və s. qoyurlar. Stul stolun qabağında elə qoyulmalıdır ki, onun arxasına söykənmək olsun.
İş zamanı əli düzgün qoymaq böyük əhəmiyyət kəsb edir. Sol əl gərgahın altında, sağ əl isə üstündə yerləşməlidir.
Bəzi parçalarda tikmə zamanı sağ əl ilə iynəni iti ucu ilə parçaya sancaraq tərs üzə keçirirlər. Sol əl ilə iynənin iti ucu tərəfindən onu götürür və küt tərəfi ilə əsas üzə çıxarırlar. Sapı sağ əl ilə dartırlar. Qalın parçalarda iynə tərs üzdən əsas üzə iti ucu ilə çıxarılır.
Tikməli məmulat tərs üz tərəfdən nəmləndirilmiş parça ilə ütülənməli və təmiz olmalıdır. Hər kənarı tikilmiş məmulatı həm də üz tərəfdən ütüləyirlər.
Yaxşı yuyulan parçalardan hazırlanmış ağ tikmələr adi qayda ilə yuyulur, bu zaman ehtiyatlı olmaq lazımdır ki, tikmənin naxışı müqavimətə məruz qalıb korlanmasın, xüsusən də, iri tikişlərlə işlənmiş tikmələrdə.
Rəngli tikmələrlə işlənmiş çirklənmiş məmulatı çox ehtiyatla isti suda yuyurlar. Onları suya qoyub islatmaq, üzərinə qaynar su tökmək, qaynatmaq olmaz. Yuyulmuş məmulat soyuq suda yaxşı suya çəkilir, yüngülcə sıxılır və bir neçə dəqiqəliyə tüklü dəsmala, yaxud mələfəyə bükülüb saxlanılır. Nəm vəziyyətdə tərs üzdən altına yumşaq döşənək (altlıq) qoymaqla ütülənir. Bu halda tikişlər qabarıq və relyefli alınır. Tikməli salfetlər ortadan başlayaraq ütülənir ki, kənarları gərilməsin. Ütüləyəndən sonra onları çevrilmiş vəziyyətdə düz yerə qoyurlar və soyuyana qədər saxlayırlar.
• | Əl ilə işlənən tikmələrdə tikişlərin növləri |
Yerinə yetirilmə texnikasına görə tikişlər iki böyük qrupa bölünür: saymaqla yerinə yetirilən - parçanın saplarını saymaqla, yaxud damaları saymaqla və əvvəlcədən çəkilmiş kontur üzrə sərbəst yerinə yetirilən tikişlər.
Saymaqla işlənən tikmələr öz növbəsində iki yerə bölünür - ikitərəfli və parçanın üst hissəsində yerinə yetirilən tikmələr.
İkitərəfli tikmələrə merejka, xırda tikişlər, rəngli kontur boyunca tikilən tikişlər və s. aiddir. Bu iki tərəfli tikişlər parçanın səthindən yox onun özündən keçərək elə bil ki, onun strukturunu dəyişdirir. Tikiş hər iki üzdə yerləşdirilir. Parçanın üz səthində sayla yerinə yetirilən tikmələrə müxtəlif tikişlər dəsti aid edilir.
Çəkilmiş kontur üzrə işlənən sərbəst tikmələrdə tikişlərin ilmələri naxışların konturu üzrə yerləşdirilir, yaxud naxış tam doldurulur və əlavə qabarıq səth yaradır. Bu tikişlərə doldurma, kontur və sadə tikişlər, su tikişi, çarpaz tikişi və s. aiddir.
Tikmələrdə adətən müxtəlif tikişlər tətbiq edilir. Tikmələrin bütün növləri bir qayda olaraq gərgahla yerinə yetirilir.
• | Sapın parçaya bəndlənməsi |
Tikmələrdə işçi sapın ucunu heç vaxt düyünləmirlər. Tikmə tikilmiş məmulatın tərs üzü də təmiz və səliqəli olmalıdır. Sapı parçanın üz tərəfində tikmə tikiləcək yerə bəndləyirlər. Əgər tikmə üçün cüt sayda sap götürürlərsə, məsələn, muline sapı, onda kələfdən tək-tək 3 sap çıxarılır, onları birlikdə iki qatlayırlar və hər iki ucunu birlikdə iynənin qulaqcığından keçirirlər. Saplı iynə ilə kiçik ilmə yaradırlar və işçi sapı parçadan o vaxta qədər dartırlar ki, parçanın üz tərəfində balaca ilgək yaransın. İlgək sapın iki qatlanmış yerində əmələ gəlir. Bu ilgəkdən iynəni işçi sapla birlikdə keçirirlər və dartırlar. Sap parçaya bəndlənmiş olur.