Bir tikə sukno, flanel (yaxşı olar ki, açıq rəngli olsun) yaxud da pambıq götürüb onu tənzifə büküb tampun düzəldirlər. Əgər şəkli açıq rəngli parçaya köçürürlərsə, onda əvvəlcə kerosində isladılmış tampunla surətköçürmə kağızının rəngli tərəfini, sonra isə sancaqla açılmış deşikləri silirlər. Surətçıxarma kağızının əvəzinə lil (sinka) tozundan (onu kerosinlə qarışdıraraq) istifadə etmək olar. Boyayıcı maddə kalkadakı deşiklərdən keçərək parça üzərində nöqtələrdən iz yaradır, hansı ki, onun üzəri ilə naxış tikiləcəkdir.
Tünd rəngli parçaların üzərinə naxışı köçürərkən tampun tabaşir və ya diş tozu qatılmış kerosinlə isladılır. Bu məqsəd üçün heç nə qatılmadan diş məcunundan da istifadə etmək olar.
Trafaretlə köçürmə zamanı naxışın parçaya köçürülməsi daha dəqiq olur, iş asanlaşır və qısa müddətdə yerinə yetirilir, xüsusən də naxışın eyni fraqmenti bir neçə dəfə təkrar olunanda. Bu əməyi xeyli yüngülləşdirir. Sancaqla naxış köçürülmüş kalkadan dəfələrlə istifadə etmək olur. Bu vərəqləri ayrıca zərfdə, yaxud qovluqda saxlamaq yaxşıdır.
Naxış köçürülmüş parça gərgaha geydirilir. Əgər tikmə çox böyük olmayan parçalarda tikilirsə, o parçanın kənarlarına istənilən başqa parça tikirlər (40 N-li çarx sapı ilə), iş qurtardıqdan sonra onu söküb atırlar.
• | Şəklin, naxışın böyüdülməsi və ya kiçildilməsi |
Hərdən şəkil hazırlanmaq üçün nəzərdə tutulmuş məmulatın ölçüsünə uyğun olmur, onu ya böyütmək, ya da kiçiltmək lazım gəlir. Bunun üçün şəkil bərabər damalı torun üzərinə köçürülür. Damalar nə qədər kiçik olsa naxışın nöqtələri o qədər dəqiq köçürülür və şəklin konturunun surətini çəkmək asanlaşır. Millimetrli kağız vərəqində, yaxud təmiz kağızda məmulatın ölçüsündə düzbucaqlı çəkilir. Onun üzərində naxış köçürülmüş torda olan sayda dama çəkirlər. Əgər naxış böyüdülürsə, onda damalar orijinaldakından böyük alınacaqdır. Naxış kiçildildikdə isə əksinə, alınmış damalar orijinaldakından kiçik olacaqdır. Sonra orijinaldakı damalar naxışın nöqtələri çəkilmiş damalar üzərində qeyd olunur və alınmış nöqtələri səlis əyri ilə birləşdirərək naxışın uyğun olaraq böyüdülmüş, yaxud kiçildilmiş konturunu alırlar. Nöqtələri asan tapmaq üçün çəkilmiş damaları iki tərəfdən nömrələyirlər (Şəkil 1.3). Naxışın lazım olan ölçüdə böyüdülməsi üçün onu daha iri damalı tor üzərinə köçürmək lazımdır.
Naxışın kalkadan parçaya köçürülməsi üçün qalın kağızdan çəkilmiş şəkil əvvəlcə kalkaya köçürülür: kalka naxış çəkilmiş vərəq üzərinə qoyulur və yumşaq karandaşla kalkanın üzərindən görünən naxışın xətlərinin üstündən gedilir. Naxış kalkaya köçürülür. Sonra naxış kalkadan parçaya köçürülür.
Müasir dövrdə şəklin böyüdülüb kiçildilməsində texnikanın köməyindən geniş istifadə etmək olur (kompüter texnikası, surətçıxarma avadanlığı və s).
Əgər şəkildə naxışın yarısı verilibsə (məsələn, köynəklərin, koftaların tikmə ilə bəzədilməsində) onun qalan yarısını köçürmək lazımdır. Əvvəlcə naxış böyüdülür, sonra kalka vərəqi götürürlər, onu iki qatlayırlar və qat xəttini qeyd edirlər. Kalkanı çevirirlər və kağız vərəq üzərində böyüdülmüş şəklin üzərinə elə qoyurlar ki, kalkanın qat xətti naxışın orta xətti ilə üst- üstə düşsün.