• Yaxalığın boyun yerinə və yaxaya birləşdirilməsi
Geyimin qabaq hissəsində bort və çiyin kəsikləri işlənildikdən sonra yaxalıq boyun yerinə birləşdirilir.
Çiyin kəsikləri tikildikdə kürək hissə qol yeri kəsiyindən 15-20 mm aralı 10 mm-ə qədər yığılmalıdır. Çiyin kəsikləri qabaq tərəfdən tikilir və tikiş açılır. Kürəyin çiyin kəsiyində xıştəkli yığma nəzərdə tutulduqda çiyin kəsiklərində tikişlə yığma əməliyyatı aparılmır. Çiyində üst tikiş nəzərdə tutulmuş geyimlərin çiyin kəsikləri kürək tərəfdən, onun kənarından 5 mm məsafədə, qabaq hissə kəsiyinin bəzək tikişi enindən artıq olmaqla tikilir. Çiyin tikişləri ütü ilə hamarlanır və ya yığılma qırışlarını yox etmək üçün presdə ütülənir. Çiyinlərinə üst tikiş salınan geyimlərdə çiyin tikişləri açıldıqdan sonra kürək tərəfə yatırdılaraq ütülənir və geyimin arxa tərəfindən modeldə nəzərdə tutulan endə baxyalanır. Geyimin yaxalığını yaxalıq yerinə birləşdirici tikiş və ya üst tikişlə birləşdirmək olar. Modeldən asılı olaraq, astarsız geyimlərdə çiyin kəsiyini qapalı və bağlı tikişlə, eləcə də bərkidici tikişlə işlədikdən sonra kəsiyi ilməkləməklə, yaxud xüsusi birləşdirici-ilməkləyici maşında tikmək olar.
Yaxalığın və eləcə də geyimin bədənə yaxşı oturmasını təmin etmək üçün alt yaxalığı yaxalıq yerinə birləşdirdikdə müəyyən tələblərə əməl etmək lazımdır: I - yaxa ilə yaxalığın birləşmə xətti; II - qabaq hissədə boyun yerinin ortası; III - çiyin tikişi; IV - kürəkdə boyun yeri. Alt yaxalıq boyun yerinə birləşdirildikdə I sahədə yığma əməliyyatı aparılmır. II sahədə qabaq hissənin boyun yerinin dartılmasının qarşısını almaq üçün qabaq hissə bir qədər yığılır. III sahədə yaxalığın yaxşı yatması üçün alt yaxalıq yığılır. IV sahədə alt yaxalıqda yığma aparılmır. Bu əməliyyatlara nəzarət çərtikləri vasitəsilə əməl olunur.
Yaxalığı boyun yerinə birləşdirəndə yuxarıda göstərilən tələblər yerinə yetirilmədikdə geyimin xarici görünüşündə qüsurlar meydana çıxa bilər.
Əgər yaxalığın uzunluğu nəzərdə tutulduğundan az olarsa, hazır geyimin ətəkləri bir-birinin üzərini daha çox örtə bilər. Belə olduqda isə ətəklər bir-birindən aralanar. Əgər I sahədə tikişin eni artıq götürülərsə, hazır geyimdə yaxa qısalar və ya əksinə, tikiş ensiz götürülərsə, yaxa uzana bilər.
Əgər kürəyin boyun yerində alt yaxalıqda yığılma alınarsa, yaxalıq boyun yerindən aralı qalar və ya əksinə, kürəyin boyun yerində yığılma aparılarsa, yaxalıq boyun yerinə möhkəm yapışar.
Yaxalıq geyimə oval tikişlə işlənildikdə, üst yaxalığın oturacağı dəqiqləşdirilir və onda yaxalığın ortasında 5-10 mm enində qatlanma payı saxlamaqla alt yaxalığın oturacaq xəttininmüvafiq artıq hissəsi kəsilir.
Yaxalığın yaxalıq yerinə uyğun gəlməsi üçün alt yaxalıqda nəzarət xətləri tabaşirlənir, üst yaxalıqda isə çərtiklər vurulur. Bortaltının üz tərəfində və yaxalığın içəri tərəfində yaxa ilə yaxalığın birləşmə xətləri müəyyənləşdirilir, yaxa ilə yaxalığın birləşmə istiqamətində eninə xətlər çəkilir. Tabaşirlənən xətdən başlayaraq 8-10 mm enində tikiş payı saxlanılmaqla bortaltı və yaxalıq düzəldilərək kəsilir. Alt yaxalığın orta tikişi, kürəyin orta tikişinə (kürəkdə orta tikiş varsa), yaxud çərtikləri bir-birinə uyğunlaşdırılmaqla boyun yerinə tikilir. Birləşdirdikdə alt yaxalığın çiyin kənarı sahəsində 4-5 mm yığılma aparılır. Bu, alt yaxalığın boyunun yan tərəflərinə yaxşı yatması üçün yerinə yetirilir. Bütün geyimlərin qabaq hissəsinin yaxalıq yerində 4-5 mm yığılma aparılır.