Üst və alt yaxalığın düzgün birləşdirilməsi üçün onların hər birinə eninə nəzarət çərtiyi vurulur. Qeyd olunmuş xətdən yaxalığın hər iki ucuna 20-30 mm qalmış basdırılmamış saxlanılır (Şəkil 3.52, a). Üst yaxalığın düzgün boyuna yatan hissəsi və yan tərəflərinin kənarları xüsusi maşında qatlanıb köklənir.
Gizli ziq-zaq tikişli xüsusi maşında tikmək üçün alt yaxalığın hər iki yan tərəfindən və boyuna yatan hissəsindən 10-12 mm, oturacağından 7-10 mm parça kəsilərək çıxarılır. Yan tərəflər və yaxalığın boyuna yatan kəsikləri 15-20 mm aralı xüsusi maşında köklənir. Kökləndikdə üst yaxalığın uclarında 5-7 mm yığma alınmalıdır. Yığma üst yaxalıq tərəfdən ütülənərək düzəldilir.
Modeldə bəzək baxyası olmadıqda alt yaxalığın kəsikləri yaxalığın boyun yerinə yatan hissəsi və iki yan kəsiyi boyu gizli tikişli xüsusi maşında, yaxud yaxalıq araqatı materialı tərəfinə yapışqan plyonka qoyulmaqla birləşdirilir (Şəkil 3.52, ç). Yaxalığa görünməyən tikiş onun yaxalıq yerinə birləşdirildikdən sonra xüsusi maşında, ya da əl ilə icra edilir. Yaxalığın kənarları qatlanıb köklənir, boyuna yatan hissəsi və yan tərəfləri gizli ziq-zaq tikişli xüsusi maşında, oturacaq kəsiyinə 20-30 sm qalana qədər basdırılır (Şəkil 3.52, b). Yaxalıq ütü və ya presdə ütülənir.
Üst yaxalıq alt yaxalığa çevrilən tikişlə birləşdirilməlidirsə, onlar üz-üzə cütlənir. Üst yaxalıq alt yaxalığa nisbətən yan tərəfdən 3-4 mm, oturacaq kəsiyində isə 7 mm artıq olmalıdır. Üst yaxalıq alt yaxalığa uclardan 5-6 mm yığılmaqla köklənir, yığılma ütülənib düzəldilir. Yaxalıqda çevrilən tikişin xətti ülgü ilə qeyd edilir. Yaxalıq, alt yaxalıq tərəfdən, bıçaqlı maşında çevrilən tikişlə tikilir. Əgər yaxalığın təmiz kənarlı, ya da gizli tikişli olması müəyyənləşmişdirsə, 6-7 mm bəzək baxyası ilə işlənildikdə 3-4 mm tikiş payı saxlanılır. Kökləmə tikişi sökülür, tikiş açılır və presdə ütülənir.
Yaxalığı kökləmədən onu aşağı hissədə (üst yaxalıqda) yığılma əldə etməklə 297 sinifli və ona bənzər maşında çevrilən tikişlə də hazırlamaq olar. Yaxalığın uclarında 2-3 mm tikiş payı saxlanılaraq artıq hissə kəsilir. Yaxalıq “təmiz kənar”lı və gizli tikişli olduqda alt yaxalıqdan 3-4 mm enində tikiş payı saxlanılır və çevrilən tikişin artığı kəsilib atılır. Tikiş payı oturacaqda və hər iki yan tərəfdə yaxalığın araqatı materialına gizli tikişli xüsusi maşınlarda, yaxud əldə (basdırma) gizli tikişlə bəndlənir. Yapışqanla yapışdırıldıqda isə yapışqan plyonka çevrilən tikişin altına elə qoyulur ki, tikişdən 1 mm-dən artıq kənara çıxmasın. Yaxalıq üz tərəfə çevrilərək küncləri düzəldilir, sonra alt yaxalıq tərəfdən xüsusi maşında, üst yaxalıqdan 1-2 mm kant alınmaqla onun qıraqları köklənir (Şəkil 3.52, c).
Alt yaxalığı yaxalıq yerinə tikib üst yaxalığa birləşdirmək üçün onun tikişi açılır və ütülənir. Üst yaxalıq ilə bortaltıda yaxa və yaxalığın birləşmə xətti qeyd edilir. Yaxalıq ilə bortaltıdakı qeyd xətləri bir-birinə uyğunlaşdırılır və yaxalıq bortaltının yaxa və yaxalığın birləşmə xəttinə birləşdirilir.
Yaxa və yaxalığın birləşmə tikişi ütü ilə açılır, üst yaxalığı astara birləşdirən tikiş isə astar tərəfə yatırdılaraq ütülənir. Üst və alt yaxalıq bir-birinə uyğunlaşdırılır, yaxa və yaxalığın tikişləri üst-üstə qoyulur, araqatı materialı əldə gizli tikişlə, yaxud maşında bəndlənir. Bu zaman alt yaxalığın araqatı materialı yaxalıq və astarın birləşdiyi kəsikdə bəndlənir. Üst yaxalıq alt yaxalığa oturacaq xəttində yaxalığın hər iki yanından və boyuna yatan hissənin kənarlarından köklənir və boşluqlar ütülənərək hamarlanır.