Alt yaxalığın sağ tərəfindən oturacaq kəsiyinə paralel və ondan 12 mm aralı birinci sırıq salınır. Alt yaxalığın ortasından başlayaraq orta tikişə nisbətən 15-30° bucaq altında “yolka şəkilli” sırınır. Sonra alt yaxalığın sağ və sol tərəfi “yolka şəkilli” tikişə paralel halda, bir-birindən 5-7 mm aralı sırınır (Şəkil 3.51, a, c).
Alt yaxalığa ütü və preslə konstruksiyaya uyğun lazımı forma verilir, yaxalığın oturacağı yığılmaqla və yatan tərəfi dartılmaqla ütülənir. Üstünə ülgü qoyularaq konturu boyu tabaşirlənir və kəsikləri müəyyənləşdirilərək artıq yerləri kəsiləndə yaxa oturacağına bir neçə nəzarət çərtiyi vurulur və boyun yerinə birləşəcək yer qeyd olunur.
Yaxalıq araqatı materialının oturacaq kəsiyindən 10 mm enində kəsilir. Üst yaxalıq alt yaxalığa çevrilən tikişlə birləşdirildikdə yaxalıq araqatı materialının kəsikləri boyu araqatı materialından 5 mm enində kəsilib çıxarılır. Əgər yaxa qatında qarsaqlı yığma nəzərdə tutulmuşdursa (Şəkil 3.51, b), onda xıştək araqatı materialı ilə birlikdə kəsilir və 5 mm enində birlikdə tikilir (Şəkil 3.51, ç). Tikiş açılır və sonu oturacaq tərəfdən kəsilir.
• Üst yaxalığın işlənilməsi və alt yaxalığa birləşdirilməsi
Yaxalıqlar birləşdirilməzdən əvvəl ütü və ya presdə ütülənir, üst yaxalığa lazımı forma verilir. Sonra dəst halında (7-10 ədəd) yığılır, üstündəki yaxalığa ülgü qoyulur, ölçüsü dəqiqləşdirilir və biçim maşınlarında artıq hissəsi kəsilir. Parça naxışlı və ya mil-mil olduqda onların simmetrikliyi uyğunlaşdırılır. Bu zaman hər bir üst yaxalıq ayrıca ülgü ilə yoxlanılır, tabaşirlənir və dəqiqləşdirilərək kəsilir. Alt yaxalığı yaxalığa, alt yaxalığı boyun yerinə birləşdirməzdən qabaq və ya birləşdirdikdən sonra da tikmək olar.
Alt yaxalıq üst yaxalığa çevrilən tikişlə və yaxud da boyuna yatan hissə ilə, yan tərəflərin kənarından qatlanıb tikilir. Bu halda onları yapışqan və ya tikişlə birləşdirmək olar.
Yapışqanla birləşdirildikdə mövsümi kişi paltosunun yaxalığı OBK-6, kişi pencəyinin yaxalığı isə OBK-7 aparatında yığılır. Üst yaxalıq astarı yuxarı olmaqla alt yastığın üstünə qoyulur. Onun üstünə isə iki hissədən ibarət olan yaxalıq araqatı materialı (yapışqanlı üzüyuxarı olmaqla), sonra isə alt yaxalıq (astarı aşağı olmaqla) qoyulur. Araqatı materialı ilə birlikdə alt yaxalığın kəsikləri üst yaxalığın kəsiklərindən 10-12 mm qısa olmalıdır. Üst yaxalığın kənar kəsiyi, yan tərəfləri daxili və kənar şablonların köməyi ilə qatlanıb preslənir. Yaxalığın qatlanmış kənarı gizli ziq-zaq tikişli xüsusi maşında basdırılır. Xüsusi maşınlar olmadıqda yaxalığın kənar kəsiyi universal maşında çevrilən tikişlə, qalan kəsikləri isə yaxalıq yerinə tikildikdən sonra əldə, xaçvari tikişlə icra edilir. Əgər xüsusi maşın gizli tikişli olarsa, üst yaxalığın boyuna yatan hissəsinin kəsiyi və hər iki yan kəsiyi birdəfəlik basdırılır. Bu zaman iki yan tikiş oturacaq xəttinə 20-30 mm qalmış saxlanır (Şəkil 3.49, b). Üst yaxalıq alt yaxalığa kənarı boyu basdırıldıqda o gizli ziqzaq tikişli xüsusi maşında işlənilir.
Ziq-zaq tikişli xüsusi maşında basdırıldıqda alt yaxalığın üzərində (kənar kəsiyindən 10-12 mm aralı) qatlanma xətti müəyyən edilir.