Alt yaxalığa araqatı materialı yapışdırmaq üçün presin aşağı yastığının üstünə alt yaxalığın astar üzü yuxarıya olmaqla, onun üstünə isə yaxalıq araqatı materialı, yapışqan tozu çəkilmiş üzüaşağıya olmaqla, qoyulur. Alt yaxalıq boyun yerinə oval tikişlə calandıqda yaxalığın araqatı materialı kəsiyindən 7-10mm, yapışdırıcı tikişlə işlənildikdə isə 1-1,5 mm endə çıxarılmalıdır. Bundan sonra alt yaxalığa araqatı materialı preslənərək yapışdırılır. Alt yaxalıqla yaxalığı araqatı materialına yapışqan işlətmədən də xüsusi və ya ziq-zaqa bənzər tikişli maşında basdırma tikişi ilə də birləşdirmək olar (Şəkil 3.49, b).
Yaxalıq araqatı materialının hissələri üst-üstə qoyularaq tikilir. Oturacağının daha möhkəm olması tələb olunan kişi paltosu, pencəyi və gödəkcəsi kimi geyimlərin yaxalığında yaxa araqatı materialının oturacağı alt yaxalığa universal maşında, uzununa sıx tikişlə sırınır, yaxalığın qatlanan yeri isə ya universal maşında sırıq xətli tikişlə birləşdirilir, ya da görünməyən baxyalı xüsusi maşında sırınır. Onda yaxalıq araqatı materialı alt yaxalığa nisbətən yığılmaqla sırınır. Yaxalığı çevrilən tikişlə hazırladıqda sırıq alt yaxalığın kəsiklərindən 15-20 mm məsafədə salınır. Bəzi geyimlərdə (plaş, gödəkcə) yaxalığın oturacağı universal maşında araqatı materialına sırınır (Şəkil 3.50, a). Yaxalıq araqatı materialını alt yaxalığa universal maşında birləşdirdikdə birinci sırıq yaxa oturacağının kəsiyinə paralel olmaqla, ondan 12 mm aralı, ikinci sırıq isə oturacağın qatlanan xəttində salınır. Qalan tikişlər bu iki tikiş arasında bir-birindən 5 mm aralı məsafədə işlənilir. Alt yaxalığın qatlanan yeri sınıq xətli sırıqla icra edilir. Tikiş alt yaxalığın orta tikişindən başlanır, sırıq xətli tikişin ucları arasındakı məsafə 15-20 mm olmalıdır (Şəkil 3.50, b. Alt yaxalığın qatlanıb yatan yerini tikişi görünməyən xüsusi maşında sırımaq olar (Şəkil 3.50, c).
Oturacağı ayrıca biçilməyən yaxalığın birinci tikişi oturacaq kəsiyinə paralel halda, ondan 12 mm məsafədə salınır. Alt yaxalığın bütün səthi universal maşında, uclarının arası bir-birindən 15-20 mm məsafədə sınıq xətli tikişlə sırınır (Şəkil 3.50, q). Yun parçalardan qadınlar üçün tikilən don və jaketlərdə yumşaq yaxalıq nəzərdə tutulduğu halda alt yaxalıq görünməyən tikişli xüsusi maşında sırınır. Bu halda birinci sırıq oturacaq kəsiyinə paralel, ondan 12 mm məsafədə salınır. Qalan tikişlər isə bir-birindən 7 mm məsafədə birinci tikişə paralel davam etdirilir.
Qadın və qız paltolarının müxtəlif variantlarında (model və fasonlarda) alt yaxalıq eninə sırınır: birinci sırıq orta tikiş boyu, qalanları isə aralarında 30-40 mm məsafə saxlanılmaqla, birinciyə paralel. Tikiş alt yaxalığın kəsiklərinə 12 mm qalmış dayandırılır (Şəkil 3.50, d).
Kişi və oğlanlar üçün qış geyimləri xəz yaxalıqla hazırlandıqda alt yaxalığın üzərinə pambıq və ya vatin döşənir (Şəkil 3.51). Oturacaq döşənmiş pambıq yaxalığın qatlanıb yatan hissəsinə və yaxanın künclərinə nisbətən nazik olmalıdır. Pambığın üstünə əlavə araqatı materialı qoyulur və xüsusi maşında yaxalığın dairəvi kəsiyindən 7 mm məsafədə köklənir.