Kənarına bəzək baxyası salınan bortlar çevrilən tikişlə işlənildikdə parçanın qalınlığından asılı olaraq, kant alınır və o, ütüləndikdən sonra bort lazımı endə baxyalanır.
Hazır bortaltı qabaq hissənin üzərinə qoyulur və bort köklənir, yaxud kökləmədən onların kənarları bir-birinə uyğunlaşdırılır. Bortun yuxarısı və ətək hissəsi çevrilən tikişlə işlənilir. Sonrakı proses adi qaydada həyata keçirilir. Bortun kənarı kökləndikdən sonra bortaltının ilgəkləri arasındakı kənarı qabaq hissənin kənarına, eləcə də ilgək yerinin ucları 5 mm uzunluğunda əl tikişi ilə bəndlənir. Bortaltı ilə qabaq hissənin astarlıq parçası çəkilib düzəldilir. Bortaltının ilgək yeri qabaq hissəyə bəndlənib köklənir. Onda tikiş ilgəklərin içəri uclarının yanından keçməlidir.
Görünməz üsulla (ilgək yeri) işlənmiş ilgək-düymələnmə yerini möhkəmləndirmək üçün köməkçi ülgü ilə qabaq hissənin üz tərəfində bortun kənarından 50-56 mm məsafədə baxya xətti çəkilir. Bu tikişlə qabaq hissə, bortaltı və qabaq hissə kənarının köbəsi birləşdirilir.
Bortaltılı geyimlərdə bortaltının astarı astar tərəfdən səliqəyə salınır (qabaq hissənin köbəsinin altına düymələmə yerinə qoyulur) və qulfikiniçəri tərəfindən borta paralel yönəldici xətkeş vasitəsilə tikilir.
Sonra bort və bortaltına qoyulan astarlıq parçanın kəsikləri bir-birinə universal maşında 10 mm enində tikişlə calanır və bu, kənar gizli tikişlə xüsusi maşında bortun araqatı materialına bəndlənir.
• Alt yaxalığın işlənilməsi
Geyimin təyinatından və modelindən, eləcə də birləşdirilmə üsulundan asılı olaraq alt yaxalığın hazırlanması və konstruksiyası müxtəlifdir: boyun yerinə yatan, boyun yerinə yatmayan (dik dayanan), oturacaqlı, ucları itibucaqlı, oval formalı və s. Yaxalıq əsas və bəzək parçasından, süni və təbii xəzdən hazırlanır.
Üst geyimlərdə yaxalığın işlənilməsini aşağıdakı ardıcıllıqla aparmaq məsləhət görülür: alt yaxalığın işlənilməsi, üst yaxalığın işlənilməsi, üst yaxalığın alt yaxalığa birləşdirilməsi və yaxalığın geyimin boyun yerinə birləşdirilməsi.
Yaxalıq əksər hallarda alt yaxalıqdan, araqatı materialından və üst yaxalıqdan ibarət olur. Lakin sırınmış materialdan, xəz əsaslı parçadan, əlavə qat yapışdırılmış süni xəzdən olan yaxalıq və alt yaxalıqsız (alt hissəsiz, yəni yalın qat) yaxalıq birqat da ola bilər. Belə materialdan olan yaxalıq alt yaxalıqla işlənildikdə araqatı materialı qoyulmur. Süni və təbii dəridən, parça əsaslı zamşa materialdan olan geyimlərin yaxalığı araqatı materialı ilə və ya onsuz hazırlanır.
Alt yaxalığın hissələri və oturacağı ayrı biçilmiş yaxalıq bir-birinə uyğunlaşdırılaraq calanır. Bu zaman tikişin eni calaqlarda 5-7 mm, orta tikişdə isə 10 mm olur. Oturacağı ayrı biçilmiş yaxalıqlarda (məsələn, plaş və gödəkcədə) əvvəlcə yaxalığın hissələri, sonra isə oturacağı calanır. Tikişlər presdə açılıb ütülənərkən alt yaxalıq tam ütülənir, yaxud tikiş payı açılır və universal maşında hər iki tərəfdən tikişlə bəndlənir. Nəticədə, açılmış tikiş əldə edilir. Alt yaxalığın hissələrini xüsusi maşında birləşdirdikdə, eyni zamanda, həm də onun tikişini açmaq mümkündür.
Alt yaxalığın hissələri yapışqanla birləşdirildikdə onlar əvvəlcə calanır və tikişlər açılıb ütüləndikdən sonra içəri tərəfi yuxarıya olmaqla 7-10 ədəddən ibarət dəst halına salınır və üstdəki alt yaxalığın ölçüsü ülgü ilə müəyyənləşdirilir. Alt yaxalıq dəsti sıxıcılar arasında sıxılır və qeyd xətlərindən biçim maşınında kəsilir.
Tikişlər oturacaq kəsiyindən 10 mm məsafədə 1-2 mm tikiş payı saxlanılmaqla kəsilir. Yaxalığın araqatı materialı bir üzünə yapışqan tozu çəkilmiş kətan lifli parçalardan biçilir. Əgər yaxalığın kənarını bəzək baxyası ilə işləmək lazımdırsa, onda alt yaxalığın içərisinə araqatı materialı və onların kəsiyi boyu yapışqan plyonka qoyulur.