Diyircək bortun eninə hərəkət etməklə bortda kantın alınmasına şərait yaradır. Kökləmə tikişi bort və yaxa kəsiklərindən 15-20 mm aralı salınır. Yaxanın kənarı qabaq hissədən, bort kənarında isə bortaltı tərəfdən köklənir. Qabaq ətəyin qatlanma payı qeyd edilmiş xətdən qatlanır. Arxa ətək yamşaqlı olduqda yamşağın küncləri və kənarı köklənir.
Kənarlar kökləndikdə yaxada, yaxa ucundan yuxan ilgəyə qədər 1-1,5 mm endə bortaltıda, bortlarda isə 1-2 mm enində qabaq hissədən kant alınır. Qalın parçadan olan geyimlərdə (drap və ona bənzər) kantın eni 3 mm olur. Kökləmə bortaltı tərəfdən başlanır. Bortaltının içəri kəsiyi xüsusi maşında, kəsikdən 20-30 mm məsafədə, qabaq hissə ilə birgə köklənir. Yaxalı geyimlərdə bortaltının içəri kəsiyi birləşdirildikdə yaxanın qatlanmasını təmin etmək üçün bortaltı yaxada qabaq hissəyə boş köklənir. Bortaltının içəri kənarı yapışqan plyonka ilə bəndləndiyi halda köklənmir. Çünki bortların kənarı kökləndikdən sonra aparılan nəmlənib-isidilmə əməliyyatında bortaltının içəri kənarıda yapışır. Bunun üçün bortaltının içəri kəsiyi əvvəlcədən köməkçi ülgü ilə dəqiqləşdirilir və kəsikdən 25-35 mm məsafədə yapışqan plyonka qoyulur. Tikiş və kantları kökləməklə alınan formanın daimi saxlanılması üçün bort kənarı baxyalanır, ya da gizli tikişlə (iynədalı), yaxud da bortda “təmiz kənar” tikişi əldə edilir (Şəkil 3.48, a, b, c, ç).
Bort “təmiz kənar” üsulu ilə hazırlandıqda bortdakı çevrilən tikiş 2-3 mm enində tikiş payı saxlanmaqla qabaq hissə tərəfdən kəsilib atılır. Bort və yaxanın künclərini çevirməzdən əvvəl tikişlər bortun araqatı materialına bərkidilir.
Kəsiyin belə bəndlənməsi gizli tikişli xüsusi maşında və ya yapışqan plyonka, yapışqan sap ilə, yaxud addımı 7 mm olan görülməyən basdırma tikişi ilə əllə icra edilir. Kəsiyi yapışqanla bərkitdikdə qabaq hissənin iç tərəfınə onun çevrilən tikişindən 1 mm aralı xüsusi maşınla 5 mm enində yapışqan plyonka qoyulur, ya da universal maşında yapışqan sapı salınır. Gizli tikişlə bəndləndikdə tikiş payı qatlanaraq bortda qabaq hissədə, yaxada isə bortaltıdan 1 mm enində kant alınır. Bundan sonra bortun və qabaq hissənin bəzək tikişinə ehtiyac qalmır (Şəkil 3.48, c, ç).
Bortun çevrilən tikişi universal maşında bəndləndikdə bort və yaxa üz tərəfə çevrilir. Yaxa sahəsində qabaq hissə tərəfdən, bortda isə bortaltı tərəfdən tikiş payı kəsilir. Yuxarıya qədər düymələnən geyimlərdə isə tikiş payı yalnız bortaltı tərəfdən kəsilir. Nazik parçalardan olan geyimlərdə tikiş payını ancaq yaxa sahəsində kəsmək olar.
Çevrilən tikişdə yaxanın qatlanma xətti sahəsində və bort ətəyində çərtik vurulur.
Baxya geyimin avand tərəfindən çevrilən tikişdən 1-2,5 mm məsafədə, yaxalı geyimlərdə yaxa sahəsində qabaq hissə tərəfdən (şŞəkil 3.48, b), bort sahəsində - bortaltı tərəfdən salınır. Yaxanın ucları və qatlanma xəttinin başlanğıcından bortun çevrilən tikişinin 30-40 mm yeri basdırılmamış saxlanılır.
Bortun kənarı gizli tikişlə işlənildikdə o, görünməyən tikişli xüsusi maşında və ya əldə gizli tikişlə, yaxud yapışqan plyonka ilə bərkidilir. Bu əməliyyat bortun kənarı və geyimin ətəyi qatlanıb kökləndikdən sonra yerinə yetirilir.
Kənar yapışqan plyonka ilə hazırlandıqda plyonka qabaq hissənin tərs üzünə, onun çevrilən tikişindən 1 mm məsafədə qoyulur. Bunun üçün bort çevrilən tikişlə tikildikdə 3-4 mm enində tikiş payı saxlanılır. Geyimin ətəyinin tərs üzünə onun qatlanma payı xəttindən qatlanma payı tərəfə 1 mm aralı kromka qoyulur. Bortun, yaxanın kənarları və ətəyin qatlanma payı kökləndikdən sonra xüsusi maşında, ya da əldə gizli tikişlə basdırılır.
• Bortaltı ilə bütöv biçilən qabaq hissənin bortunun işlənilməsi
Bortaltı ilə bütöv biçilmiş qabaq hissənin konstruksiyası texnologiyalı olan geyimlərin bortu üçün hazırlanan bortun araqatı materialı bortaltısı ayrı biçilmiş qabaq hissələrin araqatı materialından və onun qabaq hissəyə birləşdirilməsindən fərqlənmir.
Bortun araqatı materialı qabaq hissəyə birləşdirildikdən sonra qabaq hissənin tərs üzündə bortun kənar xətti qeyd edilir. Bu xəttə kromka qoyulur, bortaltının üzü içəriyə qatlanıb köklənir.