Bortaltınıı qabaq hissənin bortuna kökləmək əvəzinə xüsusi pnevmatik bəndləyicidən istifadə edib metal sancaqla da bəndləmək olar. Bəndləmə bortdakı çərtik və bortaltıdakı çərtiklərin bir-birinin üzərinə düşməklə bortaltı tərəfdən aparılır.
Geyim hazır olduqda künclərinin dəqiq çıxması üçün köməkçi ülgü qoyulur, yaxanın bortun ətək hissəsindəki künclərində çevrilən tikişin xətti qeyd edilir. Bort qabaq hissənin sol tərəfindən yaxa çıxıntısından başlayaraq çevrilən tikişlə işlənilir. Onun sancaqla köklənməsi qabaq ətəyin və yaxanın uclarında köməkçi ülgü ilə qeyd edilmiş xəttin üstündən, digər yerlərdə isə yaxa və bort kəsiyində kromkanın xarici kənarı ilə 1,5-2 mm məsafədə tikilir (Şəkil 3.48). Bortu boğaza qədər düymələnən geyimlərdə kromka çevrilən tikişlə, bortun bütün kəsiklərində 10-20 mm enində olan kromka kənarları boyu tikilir. Bortu çevrilən tikişlə işlədikdə (kişi paltosu, pencəyi), eyni zamanda onun ətək hissəsinin küncü də tikilir. Bortaltının içəri tərəfində ətəyin qatlanma payına 15-20 mm qalmış tikiş dayandırılır. Sonra tikişin eni 5 mm olmaqla ətəyin qatlanma xəttindən 1-1,5 mm məsafədə, ətəkdəki çərtikdən, daha sonra isə kəsikdən 1 mm məsafədə tikilir. Qabaq hissədə bortun qatlanma payı ətəyin küncündə kəsilir.
Uşaq geyimlərinin qatlanma payı enli olduqda bortun çevrilmə tikişi qabaq ətəyə qədər davam etdirilir. Parçasının preyskurant qrupu yüksək olan geyimlərdə, eləcə də klyoş modelli uşaq geyimlərində bortaltı qabaq hissəyə çevrilən tikişlə (bort boyu bortaltının içəri kəsiyinə qədər) birləşdirilir. Onda bortaltı tərəfində 3-5 mm tikiş payı saxlanılaraq, ətəyin qatlanma xəttindən 1-1,5 mm aşağıdan tikilir.
Bort bıçaqlı maşınlarda (pencək üçün 397-M, donlar üçün 360 sinif) çevrilən tikişlə hazırlandıqda “təmiz kənarlı” tikişdə 6-7 mm, tək və bəzək tikişində 3-4 mm endə tikişdən istifadə edilir. Sonra xüsusi yastıqlı presdə bortların tikişi açılaraq ütülənir. Geyim qalın parçalardan olduqda isə tikişlər ütü ilə açıldıqdan sonra preslənir.
Preyskurant qrupu yüksək olan parçadan hazırlanan geyimlərdə, eləcə də uşaq geyimlərində ətəyin qatlanma payı kəsilməyəndə bort qatlanma xəttindən 1-1,5 mm aşağıda çevrilən tikişlə işlənilir. Ətəyində qatlanma payı enli saxlanan geyimlərin ətəyi küncdən çevrilən tikişlə deyil, qeyd olunmuş xətdən qatlanıb köklənir və görünməyən tikişlə bəndlənir. Yaxa ilə bortun küncündə 1,5-2 mm enində tikiş payı saxlanılaraq artığı kəsilir.
Borta bəzək tikişi vurduqda bortun və yaxanın ucları üz tərəfə çevrilir, bort ilə yaxaya lazımı formanı vermək, onun müəyyən vaxta qədər saxlanılmasını təmin etmək üçün bort və yaxanın kənarları, eləcə də geyimin ətəyi qatlanıb köklənir. Kənarlar xüsusi maşında və ya “Ştrobel” (Almaniya) firmasının 503 sinifli maşını ilə çevrilib köklənir. Bu maşın diyircəklə təchiz edilmişdir.