Bortaltıda əlavə kəsilməyən ilgək açmaq üçün onun üzərində ülgü ilə ilgək yeri nişanlanır. Bortaltının alt tərəfinə (ilgək yerinin altına) 30x50 mm ölçüdə pambıq parça qırığı (bez, kolenkor) qoyulur; bu zaman onun əriş sapı ilgəyin uzununa yönəlmiş olmalıdır. Sonra ilgək bortaltıda pambıq parça ilə birgə ilməklənir. Pambıq parça qırığının üzərinə isə 60x70 mm ölçüdə əlavə astarlıq parça qırığı (tərs üzüyuxarı olmaqla) qoyulur. Onun üç tərəfi ilgəklə bərabər ilməklənən pambıq parça ilə tikilir. Bort tərəfdəki kəsiyi isə bortun çevrilən tikişinin altına düşməlidir (Şəkil 3.47, a). Astarlıq parça ilgəklə birlikdə ilməklənən parça qırığı uzunluğunda ola bilər. Bu halda o qatlanır və üç tərəfdən tikilir (Şəkil 3.47, d).
İlgək bortaltıda çevrilən tikişlə, köbə ilə də hazırlana bilər (Şəkil 3.47, b). İlgək içəri tərəfdən ütüləndikdən sonra yuxarıda göstərilən ölçüdə astarlıq parça qırığı (60-70x70-80 mm) qoyulur. Astarlıq parça qırığı ilgəyin altında çərtilir, kəsikləri qatlanır və gizli tikiş ilə basdırılır.
Bortaltının ilgəyə müvafiq bortunun araqatı materialının üzərinə eni 60-70 mm, uzunluğu isə ən azı 70-80 mm olan ilgəkaltı astarlıq parça qoyulur, universal və ya xüsusi maşınla tikilir. İlgəyi ilgəkaltı astarlıq parça (material) işlətmədən də hazırlamaq olar. Belə olduqda pambıq parça qırığı bortaltına ilgəklə (“gözlü” və ya “gözsüz”) birlikdə ilməklənir (Şəkil 3.47, c).
İlgəklə birlikdə ilməklənən pambıq parçanın üzərinə əlavə və astarlıq parça qırığı qoyulur və dörd tərəfi tikilir (Şəkil 3.47, ç).
İlgəkdən düymələnən bortaltıda ilgək işlənildikdə bortaltıda ülgü ilə ilgəklər tikiləcək sahə iki çərtiklə (dərinliyi 5 mm) nişanlanır. Bortaltıda qeyd olunmuş yerə içəri tərəfdən arğac sapı boyu biçilmiş (bortaltının xarici kənarından 10-15 mm aralı) kolenkor parça qoyulub köklənir.
Bortaltıdakı iki çərtik arasındakı ilgək yeri əriş sapı boyu biçilmiş astarlıq parça və kromka ilə birlikdə 4-5 mm enində çevrilən tikişlə icra edilir. Tikmə zamanı bortaltı 4-5 mm uzunluğunda yığılmalıdır. Bortaltıdan 3 mm enində astarlıq parçaya tərəf kant alınmaqla onun kənarı xüsusi maşınla və ya əl ilə köklənir, ütülənir və əgər modeldə nəzərdə tutulmuşdursa, baxyalanır. Bortaltıda baxyanın eni bortdakı qədər olmalıdır.
Bortaltıda ülgü ilə ilgəklərin yeri qeyd edilir. Onun hazırlanmış kənarında 20-25 mm məsafədə xüsusi maşınla “gözlü” və “gözsüz” ilgəklər ilməklənir (Şəkil 3.47, ə,f ,g).
• Bortaltının qabaq hissəyə birləşdirilməsi
Bortaltı qabaq hissəyə həm köklənməklə, həm də köklənmədən çevrilən tikişlə birləşdirilir. Kökləndikdə bortaltı qabaq hissə ilə üz-üzə qoyulur. Onun bort kəsiyi 12-15 mm, çiyin kəsiyi isə 8-10 mm qabaq hissədən kənara çıxmaqla, birsaplı zəncirvari toxunmalı kökləyici xüsusi maşında köklənir. Bortaltına yaxanın sonunda təqribən 5-7 mm, yaxanın digər yerlərində 40-50 mm, ilgəklər arasında 2 mm və bortun ətək hissəsinin küncündə isə 2-3 mm yığma alınır. Bortaltını əldə köklədikdə saya parçalarda çəpinə, naxışlı parçalarda düzünə, bort kəsiyindən 15-20 mm aralı köklənir. Əl tikişinin uzunluğu bort və yaxanın künclərində 7-10 mm, qalan yerlərdə isə 15-20 mm olur. Bortaltı borta kökləndikdə qabaq hissənin hər iki tərəfindəki millər, yaxud güllər bir-birinə dəqiq uyğunlaşdırılmalı, paralel və simmetrik olmalıdır. Yaxasız geyimlərdə bortaltını köklədikdə qabaq hissənin yuxarı tərəfində kant alınması üçün pres və ya ütü ilə lazımı qədər yığılma əməliyyatı aparılır.