Kəsik ziq-zaq tikişli maşında, yaxud universal maşında bir tikişlə birləşdirilir. Yığma yapışqanlı parça ilə aparıldıqda əvvəlcə kəsiklər qabaq-qabağa qoyulur, sonra isə ona ütü ilə yapışqanlı parça yapışdırılır.
Bortun araqatı materialı sapla, yapışqanlı və ya kombinə edilmiş üsulla yığılır. Əməliyyatın ardıcıllığı yığılma üsulundan və əlavə qatların miqdarından asılı olaraq müəyyənləşdirilir. Məsələn, qadın və uşaq geyimlərinin çiyin və döş hissəsində əlavə qatlar modelin tələbinə uyğun olaraq götürülür. Bu halda məmulatda bortun araqatı materialının işlənilməsi kişi geyimlərində olduğundan fərqlənir.
Bortun araqatı materialının şaxlığını artırmaq üçün onun üzərinə arğac sapı yönəlişində biçilmiş tük və ya buna bənzər parçadan (yaxud toxunmayan parçadan) əlavə qat qoyulur. Əlavə qat kimi tük parçadan istifadə edilmədikdə o, ya araqatı materialının öz parçası, ya da başqa parça ilə əvəz olunur. Çiyin və qol yeri kəsiyi əsas qatla bərabərləşdirilir, ziqzaq şəklində (ziqzaqın addımı 20 mm götürülməklə) qol yeri kəsiyinə paralel olaraq sırınır. Sırıq çiyin və qol yeri kəsiyindən 40 mm, boyun kəsiyindən 60 mm aralı salınır.
Astarının ətəyi əsas parça ilə birləşdirilməyən geyimlərdə bortun araqatı materialının içəri kəsiyi xüsusi maşında - qadın geyimlərində 400-500 mm, uşaq geyimlərində isə 250-300 mm ilməklənir və ya haşiyələnir, yaxud kəsik xüsusi tərkibli maddə ilə bərkidilir.
Əlavə araqatı kimi tük parçadan istifadə edildikdə o, bortun araqatı materialına müəyyən edilmiş yerdə qoyulur. Tük parça ikiqat olur. Bortun araqatı materialı aşağıdakı ardıcıllıqla üst-üstə yığılır: bortun araqatı materialı, tük parçadan olan sərtlik dayağı (bəzən dayaqsız) və çiyin qatı. Bu halda, çiyin qatının oval tərəfi 5 mm enində yapışdırıcı tikişlə əsas hissəyə birləşdirilir. Sonra araqatı tük parça uzununa sırınır. Birinci sırıq ortadan, sonrakı sırıqlar isə ara məsafələri 10-20 mm (ziqzaq tikişli maşında), yaxud 10 mm (universal maşında) ona paralel aparılır. Əlavə araqatı təkcə çiyinə deyil, bütünlüklə döş hissəyə (yaxa ilə birlikdə) qoyulduqda sırıq arasında 30-40 mm məsafə saxlanılır. Sırıq çiyin kəsiyindən 40-50 mm aşağı başlanmalıdır. Tük parçadan tükün kənara çıxmasının qarşısını almaq və həcmli formanı saxlamaq üçün tük parça qatının kənarına ensiz köbə qoyulur.
Köbənin hər iki kəsiyi əsas qata yapışdırıcı tikişlə birləşdirilir. İş universal maşında aparıldıqda tikişlə kəsiklər arası məsafə 2-3 mm saxlanılır. Köbə ziq-zaq tikişli maşında bir tikişlə birləşdirilə bilər (bax: Şəkil 3.43, b). Döş hissəyə lazımı qabarıqlıq vermək üçün köbə dartılaraq 5-7 mm yığılır.
Bəzi geyimlərdə (pencək və paltolarda) araqatı parçası elə biçilir ki, o, həm də yaxanın üstünə düşsün. Bu zaman köbənin kəsikləri yaxanın qatlanma xəttindən 12-20 mm aralı tikilir. Bəzi hallarda tük parça üzərinə ikinci qat - bortovka araqatı materialı (flizelin və ya flanel) qoyulur. Hissələr bir tikişlə, yuxarıda göstərilən ardıcıllıqla birləşdirilir.
• Bortun araqatı materialının nəmlənib-isidilməklə işlənilməsi
Geyimin modelin və bədənin ölçüsünə uyğun lazımı formada alınması üçün bortovka araqatı materialı nəmlənib-isidilmə əməliyyatından keçirilir. Araqatı materialına simmetriklik, lazımı forma və ya daimilik vermək üçün o, hər iki üzdən ya ütü, ya da presdə-xüsusi yastıqlar üzərində işlənilir.
Ütü ilə işlədikdə bortun araqatı materialının iç tərəfləri üz-üzə qoyulur, hər ikisinin kəsiyi bərabərləşdirilib xüsusi universal qəlibin üstünə qoyulur.