Əgər əlavə ara material universal maşında üst baxya ilə birləşdirilərsə, kromka yamşağın qatlanan tərəfinə qoyulmalıdır. Əlavə materialın kənarına kromka qoyulduqda o, qatlama xəttindən 1-2 mm məsafədə lazımı qədər dartılmalıdır. Yapışqansız kromka kənar tərəfindən bir yapışdırıcı tikişlə universal maşında bəndlənir. Əla keyfiyyətli məmulatda, bundan başqa, kromkanın içəri tərəfi gizli tikişli xüsusi maşınla bənd edilir. Yapışqanlı əlavə material arxa hissəyə preslə birləşdirilir. Nazik parçadan hazırlanan geyimlərdə kromka işlədilmir. Sonra kromkanı dartdıqda alınan yığma və yamşağın kənarı ütülənir. Arxa hissənin orta kəsiyi birləşdirici tikişlə, çərtiklər bərabərləşdirilməklə, naxışlı parçada naxışlar uyğunlaşdırlmaqla tikilir. Tikiş yamşağın yuxarı kəsiyindən aşağıya doğru 10 mm uzadılır. Yamşağın yuxarısında orta kəsik tikişinin bir tərəfi çərtilir, tikiş açılır, yamşağın kənarı müəyyən edilmiş xətdən qatlanaraq ütülənir. Qalın parçadan tikilən geyimlərdə yamşaq ütüləmədən qabaq qatlanma payı ilə və ya xüsusi maşınla köklənir. Arxa hissənin orta tikişi və yamşağın kənarı modeldən asılı olaraq baxyalanır (Şəkil 3.38, c). Aşağıya 80-100 mm qalmış tikiş dayandırılır. Arxa hissənin sağ tərəfində, yəni yamşağın kənarında 5 mm məsafədə baxya salınır. Yamşağın bəndləmə yeri köməkçi ülgü ilə (ortatikişə nisbətən 60° bucaq altında) qeyd edilir və onun yuxarı kəsiyindən 10 mm aşağı ikitikişli universal maşınla bəndlənir.
Yamşaq PŞ-2 markalı yanmavtomatda yığılarkən kənarın qatlanması və əlavə materialın yapışdırılması əməliyyatı eyni zamanda yerinə yetirilir. Onda arxa hissənin sağ (və ya sol) tərəfi avtomatın aşağı platformasında astar tərəfi yuxarı olmaqla yerləşdirilir. Yamşaq yerinə əvvəlcə əlavə material, sonra kromka qoyulur.
PŞ-2 yanmavtomatı parçanın qatlama xətti boyu yığma əməliyyatı aparır və şablonun köməyi ilə arxa hissədə yamşağın kənarını qatlayır. Alınmış formanı saxlamaq və hissələri birləşdirmək üçün yamşaq preslənir. Paltolarda yamşağın alt hissəsi QPKS markalı sağ (sağ tərəf) presdə, üst hissəsi isə QPKS markalı sol (sol tərəf) presdə işlənilir.
Arxa hissənin tikişini açmaq, yamşağın sol tərəfinin qatlanıb ütüləməklə yatırdılması və eyni vaxtda yan tikişi də açmaq üçün Cs-371 KM tipli, Cs-12-45 üç qanadlı yastıqlı pres və Cs-396 “Pannoniya” firmasının ütüsündən istifadə olunur.
Geyimlərin astarı bel yerinə qədər olduqda ondan 150-200 mm aşağıda arxa kəsiklər ilməklənir və haşiyələnir. Arxa hissənin sol tərəfınə əlavə ara material və kromka, sağ tərəfinə isə yalnız kromka qoyulur. Qatlanmış kəsiyin kənarı yapışqanlı plyonka və yapışqan sapla presdə, yaxud maşında gizli tikişlə bəndlənir.
• Kəsik ciblər
Geyimlərdə ciblər müxtəlif konstruksiyalarda hazırlanır: kəsik ciblər, tikişdə və relyef xəttində olan ciblər, üst ciblər və qoltuq ciblər. Onlar yerləşdiyi yerə və vəziyyətinə görə: yan və döş;kəsim yönəlişinə görə: şaquli, üfüqi, maili. ;kəsilməsinə görə: düzxətli formalı;ağzının işlənilməsinə görə: cib ağızlıqlı, qapaqlı, qapaqsız, bir köbəli, iki köbəli, kantlı, haşiyəli və s. növlərə ayrılır.
• Kəsik qapaqlı yan cibin işlənilməsi.Bu ciblərin hazırlanması üçün əvvəlcə qapaq, cib ağızlığı və astarı işləmək, sonra isə onları yığmaq lazımdır. Kişi paltosu və pencəyinin sağ yan cibinin astarında xırda pul qoymaq üçün əlavə cib işlənilir.