Əvvəlcə ilgəyin kəsik kənarları nazik pambıq sapla hörmələnir (onun rəngi pencəyin rənginə uyğun olur), sonra isə ipək sapla ilgək tikişi ilə hörmələnir. Laskanda tikilən ilgəklərin arası kəsilmir, (o, əllə və ya ilgək maşınında tikilə bilər) belə ki, bu ilgək yaraşıq üçün fasona uyğun tikilir və dekorativ sayılır. Formalı ilgəklərdə bərkitmə laskan kənarına paralel verilir.
• Pencəyin isti-nəmləndirmə emalı
Pencəyi istilik-nəmləndirmə emalından keçirməzdən əvvəl kök sapları sökülür, yapışdırılan talonlar
sökülür, sapların ucu qayçı ilə kəsilir. Məmulat tabaşir xətləri və istehsalat tozlarından mexaniki,
yaxud adi şotka ilə təmizlənir.
Pencəyin son ütüləmə işini aşağıdakı ardıcıllıqla aparırlar: pencək qəlibin müstəvisi üzərinə qoyulur. Əvvəlcə nəmləndirilmiş ütü altlığı üzərindən ciblər, qarsaqlar, yan tikişlər, kürək tikişi və döş hissədə qabarıqlıq ütülənir. Sonra bort, aşağı kənar, laskanlar və pencəyin yaxalığı ütülənir. Bort bortaltlığı tərəfdən, aşağı kənar astar tərəfdən sağ bortdan sol borta tərəf ütülənir. Laskanlar ətək tərəfindən,yaxalıq alt yaxalıq tərəfdən ütülənir.
Bortlar, aşağı kənar, laskanlar və yaxalıq əvvəlcə buxarlandırılır, kənarları düzləndirilir, sonra isə axırıncı dəfə nəmləndirilmiş ütü altlığının üstündən ütülənir. Bundan sonra astar hissədə bütün qırışlar açılaraq ütülənir və yaxalığın dayağı da ütülənir. Yaxalığın dayaq hissəsi iki üsulla ütülənir: əvvəlcə sol yaxalıq hissəsi və 4-5 sm uzunluğunda laskanın başlanğıc hissəsində laskan elə qatlanır ki, onun aşağı ucu üst ilgəkdən 1-1,5 sm yuxarıda olsun, sonra isə sağ hissə ütülənir. Bu zaman fikir vermək lazımdır ki, hər iki laskan eyni endə və eyni uzunluqda olsunlar. Yaxalığın otlyotu alt yaxalığın birləşmə tikişini 0,3-0,5 sm ötmüş olsun. Sonra alt yarım qollar tərəfdən nəmləndirilmiş ütü altlığının köməyi ilə qollar ütülənir. Qolların aşağı kənarını ütüləyərkən daxildən xüsusi yastıq qoyulur. Çiyin tikişləri, qolun okat tikişləri üz tərəfdən nəmləşdirilmiş ütü altlığının üstündən qəlibdə ütülənir. Qəlibin forması çiyin formasına uyğun olur. Ütüləmə vaxtı qırışlar açılır, tikişlər düzləndirilir. Ütüləmə keyfiyyətini artırmaq, ütüləmə əməliyyatına sərf edilən vaxtı azaltmaq məqsədilə kütləvi istehsalda presləmədən istifadə edirlər. Presləmədən sonra pencəyin qalınlığı azalır. Son ütüləmə əməliyyatından sonra pencək manekenə geydirilir, buxarlandırılır, qırışlar açılır. Qırışlar yaxşı qızdırılmış ütü ilə isladılmış kətan parça üzərindən ütülənməklə aradan qaldırılır. Buxarla ütüləndikdən sonra pencək manekendə və ya asqıda saxlanılır ki, tam qurusun və dayanıqlı forma alsın.
• Düymələrin tikilməsi
Düymələrin ətəkdə yeri ilgəklərin yerinə görə müəyyənləşdirilir. Bu zaman ətəyin aşağı kənarı və bort hissələri sağ və sol yarım hissədə üst-üstə yerləşdirilir. Birbortlu pencəklərdə yalnız sağ ətəkdə düymələrin yeri qeyd edilir. Şlis üzərində düymələrin yeri köməkçi ülgünün köməyi ilə qeyd edilir. Daxili cibdə düymənin yeri onun üçün qoyulmuş ilgək yerinə uyğun müəyyənləşdirilir. Düymə qeyd edilmiş yerdə xüsusi maşınla tikilir. Xüsusi maşın olmadıqda düymə 10№-li pambıq sapla əllə tikilir. Bu zaman sap ikiqat götürülür və hər düymə deşiyindən 3-4 dəfə əsas parça və ara qatına sancılmaqla tikilir. Birbortlu pencəkdə 3-4 gizli tikişlə düymə bortaltlığına bərkidilir. Bort üzərində düymə 0,3-0,4 sm-ə bərabər olan hündürlükdə dayaqla tikilir. Bu hündürlük bort qalınlığına müvafiq olur. Düymədə dayanıqlıq yaratmaq üçün düyməni elə tikirlər ki, o, parçaya çox sıxılmasın. Sonra düyməni yuxarı dartır və dayağı sapla yaxşı hörürlər. Bərkitmək üçün 3 gizli tikiş tikir və sapı kəsirlər. Sapı qırmaq olmaz, belə ki, tikişlər sökülə bilər. Qolların şlisində və daxili ciblərdə düymə dayanıqsız tikilir. Maşınla düymələrin tikilməsi vaxtı alt sap astar parçası rəngdə, üst sap isə əsas parça rəngində olmalıdır.