Açıq şlislə qolun emalı vaxtı əvvəlcə qolun qabaq tikişi tikilir, iki tərəfə açılıb ütülənir, aşağı qat xətti qeyd edilir, qolun kənar xətti astar və yapışqanlı parça ilə birləşdirilir ki, bu da o biri düz qolda və şlisli qollarda olduğu kimidir. Aşağı qat xəttinin köməkçi ülgü (Şəkil 3.35, ) ilə nişanlanması zamanı eyni vaxtda tərs üz tərəfdən üst yarım qolun künclərinin də qat xəttini qeyd edirlər. Dirsək kəsiklərində qolun aşağı kəsiyinin qatlanmasma verilən pay qeyd edilmiş xətt üzrə qatlanır (üz tərəfi içəri qoymaqla) və şlisin küncləri alt qol tərəfdən aşağı kənar kəsiyə verilən 0,5 sm enində tikişlə tikilir. Bu tikiş şlis tərəfdən emala verilən payı nəzərə alan xətt üzrə kənar kəsiyə çatmamış qurtarır. Şlisin küncləri çevrilir və düzləndirilir. Şlisin çevrilməsi vaxtı üst qol yarımhissəsində künc tikişləri əvvəlcədən arası açılaraq ütülənir. Şlisin yan hissələrində 0,1 sm enində (Şəkil 3.35 ) aşağı qol yarımhissəsindən kant əmələ gətirilərək köklənir, aşağı kənar isə işarə edilmiş xətt üzrə qatlanaraq qatlama payı tərəfdən əllə və ya xüsusi maşınla köklənir. Tikiş xətti yan kənarlardan 0,5sm, aşağıdan isə 1,5 sm məsafədə yerləşdirilir.
Sonra üst yarım qol tərəfdən dirsək xəttində üst qola 0,8-1 sm yığım verilərək dirsək xətti və şlis köklənir. Yığılmalar ütülənir. Dirsək tikişləri üst yarım qol tərəfdən maşınlanır və bu tikiş qatlanmış aşağı kənarlardan 0,5 sm aşağıda qurtarır. Tikişin eni 1 sm olur. Şlisin yuxarı kənarında alt yarım qol tərəfdən dirsək tikişi ilə kəsişir (tikiş xəttinə 0,1-0,2 sm qalmış). Dirsək tikişi xüsusi qəlibdə arası açılaraq ütülənir. Şlis isə üst qol tərəfdən ütülənir. Astarın qolla birləşdirilməsi və ütülənməsi tikilmə şlisli qolda olduğu kimi aparılır.
• Qolların məmulatla birləşdirilməsi
Qolun hazır halda yaraşıqlı, rahat olub qol hərəkətinə mane olmaması üçün pencəyin qol dibini qolun qol əyrisindən 3,5-7 sm az götürürlər. Bu, qolun qol dibinə birləşdirilməsi vaxtı ona yığım verib daha qabarıq forma verməyə imkan yaradır. Yığımların miqdarı parçanın xassəsindən və pencəyin konstruksiyasından asılı olur. Qolları məmulatla biçim zamanı qol dibi üzərində qoyulmuş nəzarət nöqtələrinə (çırtlara) əsasən birləşdirirlər. Çırtların köməyi ilə qolun yığımının düzgün paylanmasına, qolun qoldibində düzgün yerləşdirilməsinə nəzarət edirlər. Qolları birləşdirməzdən əvvəl qoldibi əyrisi və alt qol yarımhissələrinin kəsikləri dəqiqləşdirilir. Qolun yığımını bərabər paylaşdırmaqdan ötəri qoldibi altı bərabər hissəyə bölünür. 1-2 qoldibi sahəsində 1,4 sm; 2-3-də 1,2 sm; 3-1-də 0,5 sm; 4-5-də 1,0 sm; 5-6-da 0,6sm; 6-1 sahəsində isə 0,3 sm yığım verilir. Qol qoldibinə qol tərəfdən kənardan 0,7-0,8 sm məsafədə 0,8 sm uzunluğunda əl ilmələri ilə köklənir. Əvvəlcə sol qol köklənir. Qolun dirsək tikişi qoldibindəki 4 nöqtəsinə bərkidilir (3-4 ilməylə), sonra qabaq nəzarət nöqtəsi 1-lə qol birləşdirilir, qolun çiyin tikişinə tərəf birləşdirilməsi davam edir. Bu zaman yığımlar bərabər paylaşdırılır. Sonra məmulat manekenə geydirilir və qolun salınma düzgünlüyü, dirsək tikişinin vəziyyəti və yığımların paylaşdırılması dəqiq yoxlanılır. Əgər manekenə geydirilən zaman qol büzülmür, əyilmirsə, qırışlar yoxdursa, qol bort xəttinə paralel olub yan cibin 2/3 hissəsini örtürsə, deməli, qol qoldibinə düzgün birləşdirilmişdir. Sağ qol da sol qol kimi tikilir. Pencək təkrarən manekenə geydirilir və sağ qolun salınma düzgünlüyü yoxlanılır (Şəkil 3.36). Qolların yığımını presdə və ya əl qəlibində ütü ilə ütüləyirlər. Ütüləmə zamanı qoldibinin kənarını dirsək tikişi səviyyəsində qəlib üzərinə qoyub nəmləndirir və parça tam yatana qədər ütüləyirlər. Sonra ardıcıl olaraq, qoldibinin başqa hissələrini də qəlib üzərində yerləşdirərək yığımları ütüləyirlər. Ütülənmiş qol kənarının eni 3-4 sm olur. Ütüləmə parçanın dartılmaması üçün ütünün burun hissəsi ilə aparılır. Qolları qoldibinə 1 sm enində tikişlə qol tərəfdən tikirlər. Sonra qoldakı kök tikişləri sökülür, ikinci dəfə qolun yığımları ütülənir.