Sonra yaxalığın orta hissəsi üz tərəfi içəri olmaq şərti ilə qoyulur, raskep xətləri üst-üstə yerləşdirilib yoxlanılır. Bu zaman yaxalığın eni də yoxlanılır. Əgər enlilik eyni olmazsa, yenidən tabaşir xətləri ilə dəqiqləşdirmə aparılır və nöqsan aradan qaldırılır. Otlyotu köklədikdən sonra yaxalığın ucları da köklənir. Otlyot və yaxalığın ucları gizli tikişli maşında tikilir, yaxud xaçvari əl tikişləri ilə tikilir. Yaxalığın ustupunun tikilməsi zamanı künc hissələrdə qatlamalar qoyulur. Ustupun uclarında isə kəsik qatlanır. Yaxalığın sonu və küncləri dəqiq kontura, formaya və ölçüyə malik olmalıdır. Yaxalığın laskan ilə birləşdirilmə yeri alt yaxalıq tərəfdən 5-6 gizli əl tikişi ilə bərkidilir. Bu zaman raskepin uc hissələrində tikişləri düzləndirirlər. Yaxalıq alt yaxalıq tərəfdən preslə, ütü ilə, yaxud qəlibdə ütü altlığının üzərindən kənarları düzəldilib ütülənir (Şəkil 3.33).
• Asqının tikilməsi
Asqını yaxalığın orta hissəsində tikmək olar. Onu universal maşında yaxud əllə də tikmək olar. Universal maşında asqının ucları 2-3 tikişlə birləşdirilir. Sonra onları qatlayaraq 0,5 sm məsafədə dörd bərkitmə tikişi ilə bərkidirlər. Əl tikişi ilə tikərkən asqının ucları gizli 1,2-1,5 ilmə ilə bərkidilir. Tikilən asqı yüngülvarı dartılmış vəziyyətdə olmalıdır.
• Qolların emalı
Pencəyin qolu iki hissədən ibarətdir: üst və alt yarımhissələr. Onlar əsas parçadan və astar parçadan kəsilir. Qollar tikilmə qollu, açıq şlisli, şlissiz hazırlana bilər. Bütün növdə olan qolların emalı əsasən dirsək tikişinin və şlis uclarının tikilməsindən ibarət olur. Üst və alt qol yarımhissələri üz hissələri içəri olmaq şərtilə qoyulur, qabaq tikişlər köklənir. Alt qol yarımhissəsi dirsək xətti səviyyəsində 0,7-1 sm yığım verilərək tikilir və üst yarım qol hissəsinə 1 sm enində tikişlə tikilir. Sonra qol qəlib üzərində alt qol yarımhissəsi işçiyə tərəf olmaq şərtilə yerləşdirilir və tikiş arası açılaraq ütülənir. Üst və alt qol yarımhissələri üstdən də ütülənir. Sonra dirsək tikişinin əyriliyi yoxlanılır. Qolun qabaq tikişi emal edildikdən sonra üz tərəfdən ülgünün köməyilə aşağı qat xətti və şlis xətti qeyd edilir. Qolun astarının qabaq kəsiyi üst kəsiyə görə tikilir. Bu zaman dirsək hissədə 0,7-1 sm yığım verilir. Qolun aşağı hissəsində astar hissə üz parça ilə 1 sm enində tikişlə birləşdirilir. Bu zaman dirsək tikişləri və çırtlar nəzərə alınır. Sonra qolun aşağı kənarı qeyd edilmiş xətt üzrə qatlanır, maşında və yaxud əl tikişi ilə köklənir. Tikişlərin ucunu dirsək kəsiyindən 3-4 sm məsafədə, aşağı kənardan isə 1,5 sm məsafədə yerləşdirirlər (Şəkil 3.34).
• Açıq şlislə qolların emalı