Alt yaxalıq çiyin kəsikləri üzərindən keçərkən həmin hissədə 0,4-0,5 sm yığım verilir (Şəkil 3.32). Alt yaxalığın sağ tərəfini də həmin yolla yaxa kəsiyinə kökləyirlər. Alt yaxalığın düzgün köklənməsini onu manekenə geydirməklə yoxlayırlar. Bu zaman fikir verirlər ki, yaxalığın sağ və sol yarımhissələri eyni olsun, verilmiş yığım da təyin olunmuş yerlərdə bərabər olsun.
Alt yaxalıq yaxa kəsiyinə 1 sm enində tikişlə alt yaxalıq tərəfdən tikilir. Kökləmə tikişləri sökülür, tikişlərin arası iki tərəfə açılaraq xüsusi qəlibdə ütülənir.
• Yaxalığın alt yaxalığa birləşdirilməsi
Pencək stol üzərinə astar hissə üst tərəfdə, alt yaxalığın otlyot kəsiyi işçiyə tərəf olmaq şərti ilə qoyulur. Köməkçi ülgünün iştirakı ilə bortaltlığı üzərində və astarda raskep xətti tabaşirlə qeyd edilir. Astarda olan tabaşir xətti eynilə alt yaxalığın birləşdirildiyi tikiş üzərindən keçməlidir. Xətlərin sonunda hədd xətləri qoyulur. Bütün tabaşir xətti üzrə üst yaxalığın birləşdirilməsi üçün tikişə 1 sm pay verilir, parçanın bortaltlığında və astarda artıq parçalar kəsilir. Sonra köməkçi ülgünün iştirakı ilə alt yaxalığın ucları və otlyotu qeyd edilir. Alt yaxalıq qeyd edilmiş xətt üzrə kəsilir. Alt yaxalığın uzunluğu və eni dəqiqləşdirilir. Üst yaxalığın ortasını tapmaq üçün iki qatlanır, sonra isə alt yaxalıq tərs üzüaşağı olmaq şərti ilə qoyulur. Elə etmək lazımdır ki, üst yaxalığın orta xətti eynilə kürəyin orta xətti ilə üst-üstə düşsün, üst yaxalıq isə otlyot üzrə olsun. Onun uclarında və dayanıq hissədə alt yaxalıq üzərinə 1,5-2 sm keçmiş olsun. Raskep xətti üzrə isə 1 sm çox keçmiş olsun. Sonra raskep xətti yüngül tabaşirləmə ilə üst yaxalıq üzərində qeyd edilir. Yaxalığın dayanıqlıq xəttində artıq parçalar kəsilir. Yalnız bu zaman yaxalığın birləşdirilməsi üçün pay verilir. Yaxalığın uclarında tabaşir xətləri ilə çırtlar vurulur. Beləliklə, hazırlanmış üst yaxalıq və bortaltının uc hissələri, üz tərəfləri tabaşir xətti üzrə içəri olmaq şərtilə qoyulur, lazım olan nəzarət nöqtələri, raskep xətləri bərabərləşdirilir və köklənir. Bortaltı tərəfdən rasker kəsikləri tikilir (sol raskepdən başlayır). Eyni zamanda, yaxalığın dayaq hissəsi astara tikilir. Bu zaman astarda kürək xətti üzrə sol tərəfdə qat verilir. Tikişin eni 1 sm olur. Raskep tikişi nəmləndirilir və ütülənir. Çalışmaq lazımdır ki, dartılmaya, qırışmaya yol verilməsin. Sonra raskep tikişi üst tərəfdən 1 sm uzunluğunda ilmələrlə yaxalığın birləşmə xətti və bort üzrə düz xətlə köklənir. Eyni zamanda, yaxalıqda dayaq xətti də köklənir, bu kökləmə tikişi yaxalıq tərəfdən astar üzərində aparılır. Bundan sonra yaxalıq astar tərəfdən raskep tikişi və dayaq xətti universal maşında və yaxud raskep xəttindən 0,1-0,2 sm məsafədə 0,8 sm uzunluqda əl ilmələri ilə tikilir. Raskep xətti üzrə keçirilən tikiş xətti böyük məsafədə aparılarsa onda tikişin sürüşməsi və raskep xəttinin əyilməsi baş verə bilər. Yapışqan üsulu ilə emal vaxtı alt yaxalığın otlyotunun kənarına araqatı tərəfdən yapışqanlı qat qoyulur. Onun xarici kənarı alt yaxalığın kənar kəsiyi ilə üst-üstə qoyulur. Sonra üst yaxalıq düzləndirilir və alt yaxalığa üç əl tikişi vasitəsilə köklənir. Birinci tikiş yaxalıq üzərində yaxalığın bortaltlığı və astarla birləşdirilmə tikişindən 1 sm məsafədə aparılır, ikinci tikiş alt tərəfdən sağ laskandan sola tərəf laskanın qat xətti və dayaq xətti üzrə aparılır. Üçüncü tikiş yaxalığın uc və otlyotu üzrə sol ucdan sağa tərəf alt yaxalığın kəsiyindən 0,5-0,6 sm məsafədə aparılır. Üst yaxalıqda kökləmə zamanı yığım verilir: uc hissələrdə 0,4—0,5 sm, otlyot üzrə 0,2 sm, yaxalığın künc hissələrində 1 sm, dayağın qat xəttində, raskepdə və yaxalığın otlyotunda 2 sm yığım verilir. Üst yaxalıqda verilən yığım qatlanan hissələrin yatımlı durmasına şərait yaradır. Yaxalığın künc hissələrində verilən yığımlar üst yaxalıq tərəfdən nəmləndirilmiş ütü altlığının üstündən ütülənir. Üst yaxalıq otlyot üzrə və ucları alt yaxalığın kəsiyinə uyğun olaraq 1,2 sm pay verilərək kəsilir. Üst yaxalığın otlyot kəsiyi alt yaxalıq tərəfə qatlanır, 0,7-1 sm uzunluqda düz əl ilmələri ilə kənardan 0,7 sm məsafədə köklənir.