Sonra pencək üz tərəfə çevrilir, stol üzərinə astar üst tərəfə olmaq şərti ilə qoyulur, çiyin kəsikləri isə işçiyə tərəf yerləşdirilir. Əgər lazım gələrsə, modelə görə pencəyin kürək hissəsində qol dibi üzrə arxa çiyinlik üçün parça zolağı qoyulur (çiyin nakladkası). Modadan asılı olaraq arxa çiyin nakladkası qalın və ya nazik ola bilər, yaxud olmaya da bilər . Nakladkalar vatindən kəsilir, yaxud pambıq və cunadan hazırlana bilər. Onlar qol dibinin kənarını 0,5-0,6 sm örtməlidir. Nakladkaları 2,5 sm uzunluqda əl ilmələri ilə kökləyirlər. Daxili ciblərin yuxarı və aşağı tərəfləri bortaraqatına 0,7-1 sm uzunluqda əl tikişləri ilə tikilir.
• Çiyin tikişinin və yaxalığın emalı
Çiyin kəsiklərini daha dəqiq birləşdirmək üçün əvvəlcə onu kökləyirlər. Kökləmə kürək tərəfdən çiyin kəsiyindən 0,8-0,9 sm məsafədə aparılır. Bundan ötrü kürək tərəfdə kürək sümüklərinin olduğu hissədə yığım verilir. Bu yığım 0,5-1,5 sm-ə bərabər olur və pencəyin bədəndə daha yaxşı oturmasına şərait yaradır. Çiyin kəsiyinin əvvəli və sonunda 1,5-2 sm məsafədə yığım olmur. Ən böyük yığımı çiyin kəsiyinin ortasında verirlər. Sonra çiyin tikişləri maşınlanır, arası açılıb ütülənir.
• Alt yaxalığın emalı
Pencəyin alt yaxalığı üst və araqatından ibarət olur. Araqatı yaxalığa lazım olan sıxlıq və şaxlıq verir. Yaxalıq altının üz hissəsi iki, yaxud dörd hissədən, ara qatı isə iki hissədən ibarət olur. Alt yaxalığın araqatlarının kəsiklərini 1 sm enində yapışdırma tikişi ilə birləşdirirlər. Alt yaxalığın üst hissəsini üz hissələri içəri olmaq şərtilə qoyur və 0,5-0,7 sm enində tikişlə birləşdirirlər. Sonra hissələrin birləşdirilmə tikişinin arasını açıb nəmləndirir və ütüləyirlər. Alt yaxalığın tərs üz tərəfinə araqatını qoyur, dayanıqlıq xətti üzrə bərabərləşdirir, 2,5-3 sm uzunluğunda tikişlə araqatına azca yığım verməklə uzununa kökləyirlər. Sonra alt yaxalığın üst hissəsi tərəfdən iki xətt qeyd edilir. 1-ci xətt dayaq xəttinə paralel olub, ondan 1,2 sm məsafədə, 2-cisi isə dayaq xəttinin qat xətti üzrə qeyd edilir. Alt yaxalığın orta hissəsində dayanıqlığın hündürlüyü 2,5-3 sm olur. Universal maşında alt yaxalığın tikişləri üst tərəfdən vurulur. Hər bir tikiş dayanıqlıq xəttindən 1,2 sm məsafədə paralel olaraq aparılır. Digər tikişlər isə dayanıqlığın əyilmə xətti üzrə aparılır.
Bu tikiş xətləri arasında dayanıqlıq aralarında 0,5 sm məsafəsi olan paralel tikişlərlə sırınır. Yaxalığın otlyotu ziqzaq tikişləri ilə sırınır. Sırınma alt yaxalığın orta hissəsindən başlayaraq tikilir. Bununla da otlyotun araqatına yığım verilir.
• Alt yaxalığın məmulatla birləşdirilməsi
Alt yaxalığı birləşdirməzdən əvvəl yaxa kəsiyi dəqiqləşdirilir. Alt yaxalıq yaxa əyrisinə orta hissədən sol tərəfə 0,8-1 sm uzunluğunda ilmələrlə köklənir. Bu zaman alt yaxalığın orta tikişi yaxa kəsiyinin kürəkdəki orta xətti ilə üst-üstə düşməlidir. Alt yaxalıq alt yaxalıq tərəfdən köklənir. Bu zaman pencəyin çiyin kəsiyindəki və laskanın üzərindəki çırtlar nəzərə alınmalıdır.