• Bortun və aşağı kənar kəsiyin işlənməsi
Laskanın kəsiklərini və aşağı kənarını lazımı formada hazırlamaq üçün əvvəlcə köməkçi ülgülərin iştirak ilə tabaşirlə qeydlər aparılır. Bu qeydlər bort araqatı tərəfindən apanlır . Tabaşir xətləri isə ətəyin kənarından 0,5 sm məsafədə yerləşdirilir. Tabaşir xətləri çox da qalın olmamalıdır. Kromka üzərində və yaxud kromkanın yanında tikiş xətti aparmaqla bort tikilir. Laskan xəttini də kromkanın kənar xətti üzrə kromkanın kənarından 0,2 sm məsafədə tikirlər. Əgər kromkanın xarici kənarını tikməsək, onda ətəyin yuxarı və aşağı küncləri qeyd edilmiş tabaşir xətti üzrə, başqa sahələri isə kromka üzrə onun kənarından 0,1 sm məsafədə maşınlanır. Bortu bıçaqlı maşında tikirlər. Tikişin eni bortun emalı üsulundan asılıdır. Əgər bıçaq olmayan maşında tikilərsə, bortun tikişinin kənarları əllə kəsilir. Emal vaxtı bortun tikişinin kənardan məsafəsi 0,3-0,4 sm-ə, bortaltlığında isə 0,4-0,5 sm-ə, bort və laskanın künclərində 0,2-0,3 sm-ə bərabər olur. Sonra bortun düzgünlüyü köməkçi ülgünün köməyi ilə yoxlanılır. Bortun kənarını tikdikdən sonra astarı pencəyin aşağı kənar kəsiyinə 0,5 sm enində tikişlə bitişdirirlər. Bu zaman tikişi astar tərəfdən bortun birləşmə xəttindən başlayaraq tikirlər və yavaş-yavaş astara keçirlər. Üst hissənin və astarın aşağı kənar kəsikləri bərabərləşdirilir, eyni zamanda, çırtlar və xətlər bərabərləşdirilir. Astarda olan artıqlar kürək hissədə orta tikiş ətrafında qatlamaqla tikilir. Bortaltının kök sapları sökülür, bortun birləşdirmə tikişi nəmləndirilir, arası açılaraq ütü və yaxud xüsusi dar qəlib ilə ütülənir. Laskanda bortun künclərindəki tikişarası açılaraq ütü ilə ütülənir (Şəkil 3.30).
• Bortun emalı. Pencəyin bort və aşağı kənarının yapışqan üsulu ilə emalı
Laskanın kənarını, bortun kənarını və aşağı kənar kəsiyi yapışqanlı qatın köməyi ilə bərkidirlər. Yapışqanlı qatı tərs üz tərəfdən ətəyə qoyurlar. Yapışqanlı qatın daxili kənarını bortun birləşmə tikişindən 0,2 sm məsafədə yerləşdirirlər. Aşağı kənarda isə aşağı qatdan 0,3 sm məsafədə yerləşdirirlər. Bundan başqa, yapışqanlı qatı bortaltı tərəfdən yuxarı ilgəkdən aşağıya kimi yerləşdirirlər.
• Astarın hazırlanması
Astarın mənası ondan ibarətdir ki, o, bütün məmulatda olan açıq hissələri örtür. Pencəyin astarında çox vaxt daxili ciblər hazırlanır. Bu ciblər daxili olub ilgək və düymə ilə hazırlanır. Sağ cibin podzorunda firmanın adını, yaxud nömrəsini göstəənfirma markası tikilir. Astarda hazırlanan kəsik cib üst hissədə hazırlanan kəsik cibə uyğundur, yalnız orada cibi bağlamaq üçün düymə və ilgək də nəzərdə tutulur.
• Astarda qarsaqların və tikişlərin emalı
Qarsaqları 1 sm enində ətəkdə qol dibindən başlayaraq tikirlər, beldən aşağı isə yavaş-yavaş tikişi heçə çıxarırlar (aşağı kənar kəsiyə 2 sm qalmış). Kürəyin orta tikişi boyun əyrisindən başlayaraq tikilir. Kürəyin və ətəyin yan tikişləri kürək tərəfdən çırtlar üst-üstə qoyularaq tikilir. Sol yan tikiş aşağıdan yuxarıya, sağ yan tikiş isə yuxarıdan aşağıya tikilir. Yan tikişlərin eni 1 sm-dir. Bortaltını bortaltı tərəfdən 1 sm enində tikişlə astara çırtlar üzrə birləşdirirlər. Daxili ciblərin köbələrini bortaltına birləşdirirlər. Asqını ortadan bir ədəd tikiş keçirməklə tikirlər. Bu zaman, bir kəsik o biri kəsik üzərinə qoyularaq 0,7-0,8 sm enində tikilir. Asqının hazır halda eni 0,7 sm, uzunluğu 7-8 sm olur. Onu xüsusi ləvazimatla da hazırlamaq olar. Kürəyin orta tikişindən 3-3,5 sm məsafədə asqının ucları yerləşdirilərək üç qat tikişlə astarın boyun əyrisinə tikilir. Astar ütülənir. Əvvəlcə tərs üz tərəfdən qəlibdə və yaxud stolda ütülənə bilər. Yan tikişlər və qarsaqlar kürək tərəfə qatlanaraq ütülənir. Bort altının birləşdirilmə tikişi isə ətək tərəfə qatlanaraq ütülənir. Kürəyin tikiş xətti sol yarım hissə tərəfə qatlanaraq ütülənir.
• Pencəyin astarının üz hissə ilə birləşdirilməsi
Bortun emalından sonra astarı aşağı tərəfdən yan tikişlərə 3-4 ilmə ilə birləşdirirlər. Sonra pencəyi tərs üz tərəfə çevirirlər. Bortaltının daxili kənarını astarla birlikdə bort araqatına birləşdirirlər. Bu işi gizli tikişli maşın və yaxud 1 sm uzunluğunda əl tikişləri ilə tikmək olar. Eyni zamanda, daxili ciblərin sonlarını da bort araqatına birləşdirirlər. Bortaltının daxili kənarını yapışqanlı qatla bərkitmək olar. Pencəyin aşağı kəsik kənarlarını yan tikişlərə birləşdirirlər. Bunu yapışqanlı qatla da yerinə yetirmək olar.