İlgəklərin yeri də xüsusi ülgünün köməyi ilə qeyd edilir. Bundan sonra pencək aşağı kənar kəsiyi işçi tərəfə olmaq şərti ilə stol üzərində yerləşdirilir, onun üzərinə ülgü qoyularaq aşağı kənar kəsiyi, qat xətti qeyd edilir. Pencəyin bortun künc hissələrində qalınlığını azaltmaq üçün kəsiklər aparılır. Sonra sol ətək hissədən işarə edilmiş aşağı qat xətti sağ ətəyə də köçürülür. Laskanın qat xətti, aşağı kənar xətti, ilgəklər maşınla, yaxud əllə tikilə bilər (2-2,5 sm uzunluqda tikişlə). Bort araqatına yapışqanlı kromka qoyarkən bort araqatını kəsirlər: yaxa əyrisində 1,2-1,5 sm kənardan məsafədə, laskanda 1-1,5 sm məsafədə,bortda 1,2-1,3 sm aşağı, qat xəttində isə 0,5 sm məsafədə kəsirlər. Hər bir ilgəyin altında olan araqatını 1,5-2 sm enində düzbucaqlı şəkildə kəsir, uzunluğu isə düymənin diametrindən 1 sm uzun kəsirlər.
• Bortaltının emalı. Bortaltında kəsiklər olarsa parçanın naxışını nəzərə alaraq onları bir-birilə 0,5-0,7 sm enində tikişlə birləşdirirlər. Bortaltının tikişinin arası açılaraq ütülənir. Çox hallarda pencəyin laskanının kənarları dairəvi formada olur. Bel hissəsinə forma vermək üçün laskan hissəsində onu ütü ilə formalaşdırırlar.
• Bort altının məmulata birləşdirilməsi
Bortaltının və astarın pencəyin üz hissəsi ilə birləşdirilməsi üçün pencək üz tərəfi yuxan olmaq şərti ilə stol üzərində yerləşdirilir. Sağ bort işçiyə tərəf yerləşdirilir. Bortaltı astarla pencəyin üst tərəfinə, üz tərəfi içəri olmaq
şərtilə, qoyulur və elə etmək lazımdır ki, bortaltının yuxarı kənarı pencəyin yuxarı kənarını 0,7-1 sm məsafədə örtsün. Bortaltı isə ətəyin kənarını 0,3-0,5 sm örtsün. Astarın aşağı hissəsi qat xəttini örtməlidir. Hazır halda laskanın yuxarı hissəsi ətəyə daha yaxşı yapışması üçün bortaltını tikərkən ona yığım verilir. Yığımın miqdarı parçanın yığılma xassəsindən və laskanın formasından asılı olur. Əgər laskanın küncləri uzundursa, onda yığım çox, laskanın küncləri küt, laskan gödək olarsa, yığını az verilir. Bortaltını ətəyə birləşdirərkən laskanın küncündə 0,5-0,7 sm, laskanın başqa hissələrində isə 0,4-0,5 sm yığım verilir. İlgəklər arasında isə hər bir cüt ilgək arasında 0,2 sm yığım verilir. Bortaltının yığımlarını 3-4 sm məsafədə nəmləndirərək ütüləyirlər. Ütüləmə vaxtı fikir vermək lazımdır ki, yığımlar qat şəklində alınmasın. Sonra məmulatı stol üzərinə qoyur, onu çiyin kəsikləri və qol dibi kəsikləri üzrə düzləndirir, astarın artığını kəsirlər. Astarın aşağı kənar kəsiyi aşağı qat xətti ilə üst-üstə düşməlidir.