Ətəyi presin aşağı yastığı üzərində yerləşdirir, bort xəttini yastığın qabaq kəsiyinə paralel qoyurlar. Parçanın laskan hissəsində yaxa əyrisi və qol dibi əyrisi üzrə nəmləndirir və presləyirlər . Preslər olmayanda universal qəlib üzərində ətəyi ütü ilə ütüləyirlər. Bu zaman ətəyin üz tərəfi içəri tərəfə olmaq şərtilə onu qəlibdə elə yerləşdirirlər ki, laskanın qat xətti qəlibin əsas xəttinə paralel olsun, ancaq çiyin kəsiyinin mailliyi və bort kəsiyi qəlibin oval kəsiyi üzrə olsun (Şəkil 3.28, a). Bundan sonra qəlibin kənar hissəsinə paralel olaraq ətək yerləşdirilir, nəmləndirilir və ütülənir (Şəkil 3.28, b). Sonra ətəyin yaxa əyrisi və çiyin kəsiyi işçi tərəfə yerləşdirilir, döşün hündür hissəsi qəlibin oval hissəsi üzərində qoyulur (Şəkil 3.28, c). Ətək nəmləndirilir və ütülənir. Bundan sonra ətəyi işçi tərəfə elə döndərirlər ki, döşün qabarıq hissəsi qəlibin oval kənarı üzərində olsun, çiyin hissəsi isə qəlibin yastı müstəvisi üzərində yerləşsin (Şəkil 3.28, ç). Daha sonra bu əməliyyatlar o biri ətək üzərində də aparılır. Əgər nəmlənib-isidilmə əməliyyatı düzgün aparılarsa, poluzanos xətti düz olacaq vəətəyin aşağı küncü aşağı xətlə üst-üstə düşəcək.
• Kürəyin emalı
Pencəyin kürəyi müxtəlif fasonlarda olub bir, iki və daha çox hissədən ibarət ola bilər. Pencəklərdə kürək hissə düz olarsa, o, bel hissədən bədənə yapışır, yaxud yarımyapışıq kəsilə bilər. Yapışıq, yarımyapışıq pencəklərin kürək hissəsi bel xəttində ütülənir. Bundan ötrü kürək hissəni üst tərəfi içəri olmaq şərtilə qoyur, yaxa əyrisinin kəsiklərini, çiyin kəsiklərini, yan kəsikləri və aşağı kəsiyi bərabərləşdirərək yerləşdirirlər. Kürək hissə stol üzərində qat xətti işçi tərəfə olmaq şərti ilə yerləşdirilir, yan kəsiklərdən kürəyin qat xətti istiqamətinə doğru nəmləndirib ütüləyirlər. Bu ütüləməni parçanın qırışları açılana kimi davam etdirirlər. Həmin üsulla kürəyi o biri üzdən də ütüləyirlər. Əgər qat yaranarsa, onu tərs üz tərəfdən ütüləyərək aradan qaldırırlar. Kürəyin qabarıqlığının ölçüsü onun ütülənmə dərəcəsindən asılıdır. Beləliklə, kürəyin az və yaxud çox əyriliyini ütüləməklə almaq olar. Orta tikişi olan kürəyin biçimi iki yarım hissədən ibarətdir. Hansı ki, onları üst tərəfi içəri olmaq şərtilə qoyub, kəsikləri bərabərləşdirir, yaxa əyrisindən aşağı 1 sm enində tikişlə biçim hissəsini dartmadan yuxarıdan aşağı tikirlər. Kürəyin orta tikişinin emalı vaxtı əgər parça naxışlıdırsa, onun naxışları dartılaraq birləşdirilir. Sonra kürəyin orta tikişi açılaraq ütülənir.
• Pencəyin yan tikişlərinin emalı. Pencəyin yan tikişlərinin tikilməsi zamanı kökləməyə icazə verilir. Kürəyi və ətəyi üst tərəfləri içəri olmaq şərti ilə qoyur, kəsikləri bərabərləşdirir, kürək tərəfdən kəsikdən 0,9 sm məsafədə kökləyirlər. Çırtlar üzrə kəsiklər yerləşdirilir və konstruksiya üzrə yığımlar da verilir. Əgər ətəyin yan kəsiklərində ehtiyat payı verilibsə onda kürəyin kəsiklərini ətəyin üzərində verilən tabaşir xəttinə əsasən bərabərləşdirmək lazımdır. Yan kəsiklərdə verilən yığımların paylaşdırılması aşağıda göstərilmişdir. Kökləməni sağ kəsikdən başlayırlar. Qol dibi kəsiyindən başlayaraq 2-3 sm kürək və ətəyi yığımsız tikirlər. Sonra 8-10 sm məsafədə kürək çıxıntıları yerləşdiyi səviyyədə kürəyə 0,5-0,6 sm yığım verirlər. Ətəyi və kürəyi bel xəttində yığımsız tikirlər. Oturacaq xəttində, yəni yan ciblər səviyyəsində 10-12 sm məsafədə ətəyə 0,3-0,5 sm yığım verirlər. Aşağıda isə kəsikləri yığımsız tikirlər. Sol kəsikləri də sağ kəsiklər kimi həmin ardıcıllıqla tikirlər. Sonra isə həmin kəsikləri ütüləyirlər.
• Bort kənarlarının və pencəyin aşağı kənarının dəqiqləşdirilməsi
Pencəyin ətək hissəsinə döş sahəsində qabarıqlıq vermək üçün nəmlənib-istiləndirmə vaxtı qabarıq yastıqlar və yaxud universal qəliblərdən istifadə edilir. Hər bir ətəyin nəmlənib-istiləndirmə emalı lazım olan yastıqlar və universal qəliblərlə aparılır. Sonra bort araqatını bort üzrə, boyun əyrisi üzrə, çiyin kəsikləri və qol dibi kəsiyi üzrə kəsirlər. Ətəyin kəsiklərinin modelə uyğun dəqiqləşdirilməsindən əvvəl onun araqatı içəri olmaq şərtilə qoyulur. Çiyin kəsikləri, boyun əyrisi və qol dibi kəsikləri bərabərləşdirilir, eyni zamanda qarsaqlar, yan ciblər və yan tikişlər də bərabərləşdirilərək yerləşdirilir. Sol ətək hissə stol üzərinə üst tərəfdə, bort isə işçi tərəfə olmaq şərti ilə qoyulur. Sonra sol bortun üz tərəfinə uyğun ölçüdə və fasonda olan ülgü qoyulur. Ülgü vasitəsilə boyun əyrisinin yuxarı kənarı və çiyin kəsiklərinin yuxarı kəsiyi, yaxa əyrisi və laskan xətti tabaşirlə qeyd edilir (Şəkil 3.29).