Şəkil 3.24 Listikin hazırlanması
|
Şəkil 3.25 Yuxarı listikli
cibin hazırlanması |
Bu zaman fikir vermək lazımdır ki, astarın yan tərəflərində tikiş listikin kənar tərəfləri ilə bərabər məsafədə olsun. Sonra listikin yuxarı kənarı 0,5 sm enində tikişlə astar tərəfdən birləşdirilir. Tikişlərin sonu listikin kənar uclarından 0,7-1 sm məsafədə qurtarmalıdır (Şəkil 3.24, a). Sonra listikin ucları işarə edilmiş xətlər üzrə qatlanır və ütülənir. Listiki və astarla cib kisəsini ayrı-ayrı tərəflərə ayırırlar. Listikin birləşdirilmə tikişi astar tərəfə qatlanır, onu cib kisəsi ilə örtür və üz tərəfdən kənardan 0,1 sm məsafədə tikirlər. Listikin daha davamlı olması üçün cib kisəsi və astarın arasına yapışqan parça qoyulur (Şəkil 3.24, b). Cib kisəsinin yuxarı kənarı tikişə 0,2 sm enində kəsilir. Şiş uclar kəsilir və listikin kənarları ütülənir. Bu zaman listikdən 0,2-0,3 sm enində kant verilir. Listikin yuxarı kənarı əl tikişi ilə üst tərəfdən 0,2-0,5 sm məsafədə tikilir və yaxud yapışdırıcı qatın köməyi ilə bərkidilir. Emal olunmuş listik ütülənir, qırışlar açılır, formaya salınır (Şəkil 3.24, c).
• Yuxarı listikli cibin hazırlanması
Sol ətək üzərində listikli cibin yeri qeyd edilir. Qeyd edilmiş xəttin tərs üzü tərəfindən uzanmayan parça tikilir. Ətək üzərinə listiki üz tərəfi aşağı olmaqla elə qoyurlar ki, listikin və ətəyin tabaşir xətləri üst-üstə düşsün. Listikin işlənmiş kənarını ətəyin aşağı tərəfində yerləşdirirlər. Listiki ətəyə 0,7-1 sm uzunluqda tikişlərlə tabaşir xəttindən (listikdəki) 0,1 sm yuxarıda kökləyirlər. Sonra listikin astar qatını cib kisəsi ilə qatlayır, listik ilə tabaşir xətti üzrə tikirlər. Listikin tikişini qatlanmış kənarlar səviyyəsində onun birləşmə tikişinə 0,1 sm qalana qədər kəsirlər. Sonra bir tikiş listik tərəfə qatlanır (Şəkil 3.25, a), cib kisəsini örtür və onu 0,2 sm məsafədə ətəyə birləşdirirlər (Şəkil 3.25, b). Cib kisəsində olan podzorla ətək üzərinə üst tərəfi aşağı olmaq şərtilə qoyurlar və çalışırlar ki, podzorun kəsilmiş kənarı astarın cib kisəsi ilə birləşdirildiyi tikişə sıx birləşsin,podzorun kənarları isə listikin kənarlarına uyğun olsun. Podzoru 0,8-1 sm enində tikişlə tikirlər. Lakin, tikişi listikin qabaq kənarından 0,5 sm əvvəl qurtarmaq lazımdır. Listikin sonunda isə ətək tərəfdən 0,2 sm məsafədə tikiş qurtarmalıdır. Tikişlərin sonu ikiqat bərkidilir. Cibin orta xəttindən başlayaraq tərs üz tərəfdən hər iki tərəfə tikişlərin arası kəsilir. Tikişin sonuna 0,8 sm qalmış kəsik üçbucaq şəklində kəsilir. Cibin kisəsi ətəyin tərs üz tərəfinə çevrilir, podzorun birləşdirilmə tikişləri uc tərəflərdən bərabərləşdirilir və ütülənir. Eyni zamanda listikin birləşdirilmə tikişi də ütülənir. Sonra cibin listiki düzləndirilir və ətəyə köklənir. Bu zaman birləşdirilmə tikişi azca dartılır və orta hissədən 1,5 sm uzunluğunda tikişlə xaçvari şəkildə tikilir. Listikin ucları kökləndikdən sonra onu ətəyə ziqzaqvari tikişli maşında və yaxud gizli əl tikişi ilə tikirlər. Künc hissələrdə 3-4 ilmə ilə bərkitmə verirlər. Listikin ucları kənardan 0,4-0,5 sm məsafədə gizli tikişlə bərkidilir və yaxud tərs üz tərəfdən görünməyən maşın tikişi ilə tikirlər. Bu zaman fikir vermək lazımdır ki, listikin ucları öz əvvəlki formasını saxlasın, tikişlə çox dartılmasın və ətəyə möhkəm bərkidilmiş olsun. Cibin kisəsini künc hissələrdə dairəvi forma verərək kənarını tikirlər. Hazır cib tərs və üst tərəfdən nəmləşmiş ütüaltının üstündən sonluqlar düzləndirilərək listikin yuxarı kənarı ilə ütülənir (Şəkil 3.25, c).
• Ətəyin nəmlənib-isidilmə emalı
Ətəyin nəmlənib-isidilmə emalını xüsusi qabarıq yastıqların üzərində aparırlar. Ətəyin sağ və sol hissələrini eyni zamanda forma verərək onların üz tərəflərini içəri tərəfə olmaq şərtilə yerinə yetirirlər (Şəkil 3.28).