• Biçim hissələrinin tikişə hazırlanması
Hissələrin hazırlanmasından əvvəl onların üst, astar, araqatı hissələrinin sayının düzgünlüyünü və biçiminin düzgünlüyünü yoxlamaq lazımdır. Biçim hissələrinin düzgünlüyünü ülgü ilə yoxlayıb dəqiqləşdirirlər. Əsas parçadan olan biçim hissələrini üst və alt qatlarda olan biçim hissələrinin düzgünlüyünə görə yoxlayırlar. Əgər kostyum bahalı parçadan biçilərsə, onun hər bir hissəsi ayrı-ayrı yoxlanılır. Biçim hissələri üzərində ülgüyə əsasən tabaşirlə qeydlər aparılır. Sonra hərəkət edən biçici maşınlar və ya əl qayçıları ilə hissələr kəsilib dəqiqləşdirilir. Astar biçim hissələri üst və alt biçim hissələri üzərinə ülgü qoyaraq dəqiqləşdirilir. Əvvəlcə böyük hissələr - kürək, ətək, qolların üst və alt hissələri, sonra isə kiçik hissələr yoxlanılır. Pencəyin astar hissəsi kəsilərkən bortaltı üzrə 2-2,5 sm tikilmə üçün artıq pay verilir. Astarın uzunluğu üst hissənin uzunluğuna bərabər olsa da, 2 sm emal üçün pay verilməlidir. Kürəyin astar hissəsi 2 hissədən biçilir. Astarın eni üst kürək hissənin enindən 1-2 sm enli olmalıdır. Kürəyin astarının uzunluğu da üst hissənin uzunluğundan 2 sm artıq götürülür ki, emal etmək mümkün olsun. Hazırda pencəyin emal vaxtı yapışdırıcı materiallardan geniş istifadə edilir. Araqatı əvəzinə yapışqanlı parça ətək hissənin yaxa hissəsinə, cibə, laskana yapışdırılan hissələr əvvəlcədən biçilir, lazım olan hissələr ütü ilə birləşdirilir. Kəsik ciblərin hazırlanması zamanı əvvəlcə təqribi olaraq ciblərin yerini göstərən xətlər çəkilir. Bu zaman fikir vermək lazımdır ki, xətlər əriş sapları və yaxud cib qapaqlarının naxışı ilə uyğunlaşsın. Sonra isə yan və üst listik cibinin uzunluğu kəsilir, lakin tikilmə üçün 0,5-0,7 sm pay verilir. Yan və daxili ciblərin emalı vaxtı fikir vermək lazımdır ki, ciblərin çərçivəsi dartılmasın. Cibin ağzına verilən köbənin uzunluğu cibin uzunluğundan 3-4 sm artıq olmalıdır. Köbənin eni isə 4-6 sm olur. Alt yaxalıq ülgünün köməyilə boyunun formasına görə kəsilir və dəqiqləşdirilir. Alt yaxalıq 2 və ya 4 hissədən ibarət ola bilər. Birləşdirilmə üçün tikişə 1-1,5 sm pay verilir.
• Qarsaqlı ətəyin hazırlanması
Pencəyin konstruksiyasından asılı olaraq 1, 2, 3 qarsaq ola bilər (üst, yan və qabaq). Üst qarsağı döş hissədə qabarıqlıq yaratmaq üçün istifadə edilir. Pencək bədənə yaxşı otursun deyə, bel hissədə qabaq və yan qarsaqlar qoyulur (Şəkil 3.24). Yarım-yapışıq formalı pencəklərdə ancaq yan qarsaq qoyulur. Üst və yan qarsaqlar kəsik, qabaq qarsaqlar çox vaxt bütöv olur və dərin olmur. Üst qarsaqları 0,7 sm enində tikirlər. Üst qarsağı yuxarıdan aşağı tikərkən tikişi yavaş-yavaş heçə çıxarırlar. Yan qarsaqları qol dibindən bel xəttinə qədər (0,7 sm enində) tikirlər. Bel xəttinə qədər tikişi heçə çıxarır,yan cibə 1-1,5 sm qalmış qurtarırlar. Kəsilməyən qarsaqların ətəkdə tikilməsi zamanı əvvəlcə qarsağın orta xətti üzrə qatlayırlar. Tikişi yan cibdən başlayaraq tikirlər, bel xəttinə çatanda isə onu 0,5-0,7 sm enlilədirlər. Bel xəttindən yuxarıda isə tikişi daraldıb heçə çıxarırlar (Şəkil 3.24, a). Belə qarsaqların tikilməsi zamanı xarici görünüşün ütüdən sonra yaxşı görünməsi üçün əsas parça tərəfdən zolaq qoyurlar (Şəkil 3.24, b). Yan qarsaqların ütülənməsi vaxtı yan hissədə qarsaq işçiyə tərəf qoyulur. Qarsaq nəmləndirilir, arası açılıb ütülənir, qarsağın sonundakı qabarıq hissə ütü ilə hamarlanır. Qarsaqları ütüləyərkən onların arasını açıb qəlibdən də istifadə etmək olar.
• Kəsik ciblərin emalı, cib qapaqları və cib kisəsi
Cib qapağı yan cibin bir hissəsidir. O, düzbucaqlı və yaxud formalı ola bilər. Müxtəlif formalı cib qapaqlarının emalı üsulları eynidir. Cib qapağı üst və astar hissədən ibarətdir. Astar üst hissədən 0,3-0,4 sm ensiz olur. Cib qapağını emal vaxtı dartılmadan qorumaq üçün elə biçirlər ki, əriş sapları cib qapağının uzunu boyunca yerləşsin. Üst və astar qatı qapaqlarını üz tərəfləri içəri olmaq şərti ilə qoyurlar, kəsikləri bərabərləşdirir və əsas parça tərəfdən düz kökləmə tikişi ilə (uzunluğu 0,5-0,7 sm) kənardan 0,4 sm məsafədə tikirlər. Əsas hissəni kökləyərkən yan tərəflərdə və künclərdə 0,2-0,3 sm büzmə verilir. Verilən büzmə astarla birləşmə vaxtı kant vermək üçündür. Cib qapağını astar tərəfdən 0,5 sm enində tikişlə istiqamətləndirici xətkeşin köməyi ilə tikirlər. Tikiş xəttini hissələrin kənarına paralel yerləşdirirlər.