Astarın orta tikişi sağa, üzün orta tikişi isə sola yatırdılır. Arxa hissənin hər iki tərəfində yığmalar tikilir və onlar müxtəlif istiqamətlərə yatırdılır (Şəkil 3.20, d). Əsas astarlıq parçanın boyun yerinə kolenkordan əlavə material qatı tikilir və ya yapışqanlı araqatı materialı yapışdırılır (Şəkil 3.20, e). Hazırlanmış kəmərcik qeyd olunmuş yerlərdə arxa hissəyə bəndlənir (Şəkil 3.20, ə). Arxa hissənin üzü ilə astarı üz-üzə qoyulur, ətəyi və qol yeri astar tərəfdən 10 mm enində çevrilən tikişlə işlənilir. Ara materialı borta ondan 40-50 mm aralı xüsusi maşında köklənir. Boyun yeri, bort və qabaq ətək (Şəkil 3.20, e, a) qabaq hissə tərəfdən 3-4 mm enində çevrilən tikişlə, xüsusi maşında birləşdirilir. Əgər modada kromka nəzərdə tutulmuşdursa, bort tikişi ilə eyni zamanda tikilir. Tikiş kromkanın xarici kənarından 1 mm aralı salınır. Kromka isə çiyin və yan kəsiyinə 22-30 mm qalana qədər qoyulur.
Boyun yeri və bort çevrilən tikişlə işlənildikdə yığma aparılmır. İlgəklər arası məsafədə bortaltıdan 1 mm yığma alınır. Ətək işlənildikdə isə yığma qabaq ətəkdən aparılır. Ətək künclərdən yan kəsiklərə qədər yığmasız, qol yeri isə 5 mm enindəçevrilən tikişlə (yığmasız) astar tərəfdən tikilir.
Qabaq astara calanmış bortaltını və köbəni qabaq hissəyə kəsiklərdən 15-20 mm aralı, xüsusi maşında kökləmək olar. Bortların və ətəyin çevrilən tikişinin künclərində 2-3 mm tikiş payı saxlayıb artıq hissəsi kəsilir və üz tərəfə çevrilərək düzəldilir. Çevrilən tikiş yapışqan plyonka, yapışqan sap və gizli tikişlə xüsusi maşında (pencək və gödəkcələrdə olduğu kimi) bəndlənir. Jiletin boyun yeri, bortu və ətəyi qabaq hissədən 1-2 mm kant düzəldilməklə xüsusi maşında və ya əldə köklənir. Sonra qol yeri astar tərəfdən,kənarından 2 mm aralı, qabaq hissədən 1 mm kant əldə edilməklə baxyalanır (Şəkil 3.20, ç).
• Jiletdə aparılan tamamlama işləri
Tam hazırlanmış qabaq hissənin sağ və sol tərəfləri uyğun olaraq arxa hissənin üz hissəsi ilə astarı arasına (üz-üzə) qoyulur. Yan (Şəkil 3.20, ə) və çiyin (Şəkil 3.20, f) kəsikləri bərabərləşdirilir, astar tərəfdən 10 mm enində tikilir (Şəkil 3.20, ə). Arxa hissənin dartıla bilən qol yeri kəsiyi tikişə 1-2 mm qalana qədər çərtilir. Əgər konstruksiyada nəzərdə tutulmuşdursa, çiyin kəsiyi qabaq hissənin çiyin kəsiyindən 10 mm irəli çıxmalıdır.
Arxa ətəyin künclərində 2-3 mm tikiş payı saxlanaraq artıq hissəsi kəsilir. Jilet arxa hissənin boyun yerindən üz tərəfə çevrilir, tikişlər düzəldilir, yan və çiyin tikişləri arxa hissə tərəfə yönəldilir.
Arxa hissənin boyun yerinin kəsiyi 8-10 mm enində içəri qatlanır, onun arxa hissəsindən 1-2 mm enində kant alınır (Şəkil 3.20, ç) və astar tərəfdən 3 mm məsafədə qatlama-baxyalama aparılır. Sonra arxa hissə düzəldilərək sağ və sol kəmərcik düz xətt istiqamətində ona uyğunlaşdırılır və iki qatlanır, orta məsafəsi müəyyən edilir və arxa hissəyə üçbucaq formasında bəndlənir (Şəkil 3.20).