Qarsaqlı yığmanın tikilişinə onun başlanğıc nöqtəsinə 10-15 mm qalmış başlanılır, bel yerinə qədər tədricən 7 mm enliləşdirilir. Qarsaq bel yerindən ətəyə qədər olduqda onun tikişi tədricən itirilir. Sonra yanlara açılaraq ütülənir və sonunda alınmış boşluq ütülənərək yox edilir. Jiletin döş və yan cibləri cib ağızlıqlı hazırlanır. Yan ciblər döş ciblərə nisbətən bir qədər böyük olur. Cib ağızlıqlı cibin hazırlanması pencəklərdə olduğu kimidir. Lakin, jiletdə cib ağızlıqlı cibin işlənilməsinin bəzi xüsusiyyətləri vardır.
Belə ki, cib ağızlığının yuxarı kənarı astarla tikilir və cibə əlavə astar qoyulmur. Cib astarının arxa tərəfi həm də əlavə astarı əvəz edir. Cib ağızlığının yuxarı kəsiyi boyu yan kəsiklərə 5 mm qalana qədər çevrilən tikişlə işlənir (Şəkil 3.19, a, b, tikiş - 1). Ağızlığın sonları və yuxarı tərəfi ütülənərək yatızdırılır. Ağızlığın yuxarı kəsiyi baxyalanır, eni ülgü ilə qeyd edilir və ya basma qəliblə preslənməklə müəyyənləşdirilir. Ağızlığın yan kəsiklərində bütün eni boyu astar kəsilir. Yun parçadan olan jiletdə ağızlıq qeyd edilmiş yerə astarsız calanır, tikiş ütülənərək açılır (Şəkil 3.19, a, tikiş - 3). İpək parçadan olan jiletdə ağızlıq astarla birlikdə calanır, tikiş ütülənərək yatızdırılır (Şəkil 3.19, b). Cib ağızlığının ucları iki paralel tikişlə aralarındakı məsafə 1 və 5 mm olmaqla baxyalanır (Şəkil 3.19, a, b, tikiş - 4). Sonrakı cibin işlənilmə ardıcıllığı tikiş nömrələri ilə Şəkil 3.18-də göstərilmişdir.
• Qabaq hissənin nəmlənib-isidilməklə işlənilməsi
Jiletin qabaq hissəsi xüsusi yastıqlı presdə və ya universal qəlibdən olan ütü ilə nəmlənib-isidilmə əməliyyatı aparılır. Bu halda sağ və sol tərəflərin (üzü içəri olmaqla) kəsikləri bərabərləşdirilərək qəlibin üzərinə qoyulur. İşi elə görmək lazımdır ki, qol və boyun yerindəki boşluq pres və ya ütü ilə yığılsın. Əməliyyat ütü ilə yerinə yetirildikdə döş sahəsində eyni forma əldə etmək üçün işə qabaq hissənin əvvəlcə sol, sonra isə sağ tərəfindən başlamaq lazımdır. Jiletin ətək köbəsi qabaq hissənin astarına calanır. Tikiş prosesində astarın ətəyində nəzərdə tutulan yığma qasma çərtiklərinə müvafiq olaraq icra edilir.
Bortaltı astara birləşdirilir, qabaq hissə astarının ətəyi isə ətək köbəsinə calanır (Şəkil 3.20, b). Döş sahəsində astarda çərtiyə uyğun yığma aparılır. Tikiş düzəldilir və astara tərəf yönəldilir. Bortaltına ətək köbəsinin daxili kəsiyi səviyyəsində 1 mm tikiş payı saxlamaqla çərtik vurulur və ondan aşağı kəsiyə qədər tikiş açılır (Şəkil 3.20, a). Bortaltı və köbə astara 7-10 mm enində astar tərəfdən birləşdirilir (Şəkil 3.20, c).
Qabaq hissənin və bortaltının davamlılığını artırmaq üçün xüsusi yastığı olan presdə araqatı materialı yapışdırıldıqda yuxarıda göstərilən əməliyyatların icrasına ehtiyac qalmır. Çünki bütün nəmlənib-isidilmə əməliyyatı və görüləcək işlər eyni vaxtda icra edilir. Jilet bortaltısız, qabaq hissənin ətəyi də köbəsiz işlənilə, hissələri isə qabaq hissənin astarı əvəz edə bilər.
• Arxa hissənin hazırlanması və astarla birləşdirilməsi
Jiletin arxa hissəsi əsasən ikiqat astarlıq parçadan hazırlanır. Onun üzü əsas astarlıq parçadan, astarı isə qol üçün nəzərdə tutulmuş mil-mil astarlıq parçadan və ya hər iki qatı eyni astarlıq parçadan olur. Arxa hissənin sağ və sol tərəfləri üz-üzə qoyulur, orta kəsikləri bərabərləşdirilir, boyun kəsiyindən başlayaraq 10 mm enində tikilir.