Hissəni kantla birləşdirmək üçün tikib-ilməkləyən maşındakı 3-34 markalı tərtibatdan istifadə edilir. Kant üçün götürülən ensiz parça ortadan uzununa qatlanaraq hissələrin arasına qoyulur. Kantın eni 2-4 mm olur.
• Koketkanın hazırlanması və əsas hissəyə birləşdirilməsi
Geyim hissələrinin bəzədilməsi, xarici görünüşünün yaxşılaşdırılması üçün əlavə parça və bəzəklərdən başqa, koketkadan da istifadə edilir. Forma və konstruksiyasına görə koketka düz, oval, qabarıq, daxili və xarici künclü olur.
Düz koketka əsas hissəyə bərkidici və yapışdırıcı tikişlə birləşdirilir. Düz biçimli koketka əsas hissə ilə üz-üzə qoyulur və ona calanır. Əsas hissəyə əlavə büzmə qoymaq lazım gəldikdə əvvəl büzmə hazırlanır. Koketkanın tikişi koketkaya tərəf qatlanır (pambıq parçada) və ya ütülənərək (yun parçada) yatırdılır. Sonra isə yönəldici dabancığın köməyi ilə baxyalanır (Şəkil 3.12, a). Koketka yapışdırıcı tikişlə birləşdirildikdə onun tikiş payı içəri qatlanır. Onda kəsiyin kənarı tikiş payından asılı olaraq, 5-10 mm artıq qatlanır. 10-15 mm uzunluğunda düz tikişlə və ya xüsusi maşında köklənərək ütülənir. Koketka əsas hissənin üzərinə qoyulur, köklənir və yönəldici dabancığın köməyi ilə baxyalanır. Kənarı oval formalı koketkada baxyanın eni 5 mm-dən çox olduqda onun kəsiyinə köbə calanır (Şəkil 3.12, b).
• Kəmər və kəmərciyin işlənilməsi
Kəmərin calağı üz-üzə qoyularaq kəsikləri düzəldilir və bərkidici tikişlə, 5-7 mm enində işlənilir. Tikiş açılır və ütülənir. Pambıq parçadan hazırlanan geyimlərdə kəmərin tikişi bir tərəfə ütülənərək yatırdılır. Məsələn: qadın donuna modelə uyğun eni 20, 28 və 38 mm kəmər nəzərdə tutulsa, müvafiq olaraq 3-42, 3-137, 3-44 markalı tərtibatlardan istifadə olunur. Kəmərin sonu (ucu) bucaq formasında işlənir. Bunun üçün kəmərin ucunda astar bucaq altında kəsilir. Kəmərin ucunda isə üz hissə üz-üzə qoyularaq 7 mm enində tikilir, tikiş açılır, tikiş payının ucları kəsilir, üz tərəfə çevrilir, açıq qalan yer üç dəfə irəli-geri tikişlə xüsusi maşınla elə bəndlənir ki, tikiş üz tərəfdən görünməsin.
3.2.2. Tələbələr üçün fəaliyyətlər
|