• Qarsaq. Trikotajdan hazırlanan geyim hissələrinin kəsikləri ilməklənir. Bütöv qarsaq tikilərkən (Şəkil 3.9) onlar üz-üzə qoyulur və kəsikləri qeyd xəttində bərabərləşdirilərək tikilir. Qarsaq kəsiyin kənarından başlayaraq tikilir və getdikcə ensizləşdirilərək itirilir, yaxud qeyd olunmuş yerdə dayandırılır (Şəkil 3.9, a). Tikişin sonunda 50-60 mm uzunluğunda sap saxlanılır və ikiqat düyün salınır. Pambıq parçadan hazırlanan donda yığmanın sonu maşında irəli-geri tikişlə bərkidilir. Yığma hissənin ortasında (Şəkil 3.9, b) olduqda tikmə dayanmadan sonadək yerinə yetirilir. Qasma qarsaq (Şəkil 3.9, c) kimi tikilərkən tikiş payı eninə və uzununa işlənilir. Yığma modelə müvafiq olaraq açılır (Şəkil 3.9, ç) və ya bir tərəfə yatırdılaraq ütülənir (Şəkil 3.9, a, c). Pambıq parçalardan tikilən geyimlərdəki yığma bir tərəfə yatırdılır və son nəmlənib-isidilmə əməliyyatında ütülənir.
Nazik parçalardan hazırlanan donlardakı yığma əvvəlcədən 10-15 mm uzunluğunda tikişlə köklənir, qabaq hissənin sağ tərəfində yığma kəsiyindən başlayaraq sona doğru, qabaq hissənin sol tərəfindən isə yığmanın sonundan başlayaraq kəsiyə doğru tikilir. Şəkil 3.9. Donda qarsaqların tikilməsi.
• Qasmalar - qadın və qız donlarının bəzədilməsi üçündür. Onlar qabaq-qabağa, bir və iki tərəfə yatan olur. Bu məqsədlə əlavə parça və koketkalardan istifadə edilir.
Bir tərəfə yatan qasma çərtik və qeyd edilmiş xətdən (birinci qasmadan) yönəldici xətkeşin və xüsusi dabancığın (Şəkil 3.9, a) köməyi ilə paralel tikilir. Bunun nəticəsində modelə müvafiq lazımı endə alınan qasmalar bir tərəfə ütülənərək yatırdılır. İki tərəfə yatan qasma bərkidici tikişlə işlənilir (Şəkil 3.9, b). Sonra qasma payı elə düzəldilərək ütülənir ki, o, hər iki tərəfə yatır. Bir tərəfə yatan və qabaq-qabağa olan bəzək qasmaları üz tərəfdən hissənin (modelə uyğun) qeyd edilmiş xəttinə qədər tikilir. İstismar zamanı sürüşməməsi üçün qasma (üz tərəfi içəri olmaqla) qeyd xəttinə qədər eninə tikilir (Şəkil 3.9, c). Əgər modeldə nəzərdə tutulmuşdursa, qasmalar baxyalanır. Pambıq və bəzi parçalarda qasmanın qeyd xəttini çərtiyin köməyi ilə də tikmək olar.
• Büzmə hazırlandıqda ikiiynəli maşından istifadə edilir və ikicərgəli paralel tikiş salınır. Sonra onlardan birinin bir sapını dartmaqla büzmə alınır. Qırçınlı hissə alınması üçün xüsusi (lazımı dərinlikdə) dişli vərdənələrdən istifadə edilir.
Don hissələri müxtəlif tikişlərlə işlənilir: bərkidici, çevrilən, yapışdırıcı və haşiyələyici.
• Hissələri bərkidici tikişlə caladıqda onlar üz-üzə qoyulur, yönəldici xətkeşin və ya dabanın köməyi ilə (çərtik və kəsikləri bərabərləşdirməklə) universal maşında tikilir. Sonra tikiş yanlara açılır və ütülənərək bir tərəfə yatırdılır. Əgər hissənin biri büzməlidirsə, onda bərkidici tikiş büzməli tərəfdən salınır, sonra tikiş açılır və büzməsi olmayan tərəfə ütülənərək yatırdılır. Naxışlı (dama-dama, zolaqlı) parçalardan hazırlanan donlarda (qabaq və arxa hissənin orta tikişində) naxışların uyğunlaşması üçün nəzərdə tutulan yerdə simmetrikliyə diqqət yetirilməlidir. Belə olduqda hissələr üz-üzə qoyulur, geyimin tikiş payı içəri qatlanaraq yatırdılır və həmin yerdən 1 mm məsafədə baxyalanır.